İkinci duma
Bu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır.
Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahasilə ələ gətirilmiş olan birinci (duma)nı dağıtdıqdan sonra, ikinci dumanı "ağzıboş" və "ifratçılıqdan" bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi.
Birinci dumanın üzvləri təqib edildi. Onlardan ən əhəmiyyətli bir məsələyə, yəni (ağrarnı) məsələyə vüqufi-tamməsi olan (Hersenşteyn) öldürüldü.
"İfratçılıqda" gümanlı görünən başbilənlərin bir çoxu həbs və tovqif olundu, bir çoxu duma üzvlüyü haqqından məhrum edildi və bir çox mücahid kimsələr də hökumət senatı "bəyanat və izahatına" mübtəla olub, həqqi-intixabdan düşürüldü. Qərəz, ikinci dumanın "etidalı", yəni hər bir günahi-kəbir və səğiri güzəştə mayıl olması üçün hər nə əməl var idisə də hamısı işə buraxıldı. Ancaq ondan sonra hökumət arxayın olub, seçki işlərinin icrasına izn verdi.
Lakin işin nəticəsi tək bir hökumət deyil, bu işə əhəmiyyət nəzərilə baxanların hamısını heyran qoydu. Çünki hər bir seçkinin nəticəsində gələcək dumanın (fizionomiyası) sifəti aşikar görünməyə başlayıb "ağzıboş" və hökumət tərəfinə mayıl gözlənən dumanın əvəzinə (opozisyonu), yəni xilafgir bir duma çıxacağı kəmali-istiğrab ilə müşahidə olundu.
Hökumətin seçki icraatında qoyduğu təhdidat dəxi onun nəfinə əhəmiyyətə layiq bir müddət yetirə bilmədi. Duma üzvləri yığıldı və onların əksəriyyəti də həman hökumət qabağını kəsən "sol"lardan oldu. Bu nəyə dəlildir?
Buna dəlildir ki, Rusiyada əvvəlcə əksəriyən xəfi və bəzən aşikar surətdə getdikcə kəsbi-izdiyad və istedad edən və bu axır vaxtlarda ahu fəqanlar, odlu-odlu şikayətlər, dadu fəryadlar ilə bərabər revolverlər, tüfənglər, bombalar partıltı və gurultular ilə bütün məmləkəti lərzəyə salmış olan millət etirazı səbükəqillərin görmək üçün icra edilən boş və əsassız bir nümayişi deyildir, - bu, cana doymuş camaatın, kəmalə çatmış əqillər təşviq və təhriki ilə sədayi-həqq tələbanəsidir. O səda ki, heç bir hədə-qorxu ilə xamuş olmaz və hər bir top və pulemyotdan dəxi gurultulu və əsərli olmaqla bərabər getdikcə mühib və müdhiş olub eşidənlərin tüklərini qabardar və bədənlərini lərzəyə salar.
Və bu da ona dəlildir ki, bir bu qədər zaman qulluq və ağalıq əsası üzrə qurulmuş və qurulub da hər yerdə təzyiq və əsarət kökü salmış olan idarəyi-müstəbidənin birindən belə dəxi xitampəzir olması naçardır, xitampəzir olmasa da əvvəlki təriq üzrə qalıb davam edə bilməz, məmləkət öz asayiş və rahatlığından əl çəkib nizamsızlıq və təmiz bir (anarxiya) halına düşməyə razı olar. Amma köhnə idarənin yenidən bir də təkrar hökmfərma olmağına heç bir halda riza verməz.
Demək olar ki, indi bütün Rusiya əhalisi siyasət cəhətincə böyük bir qanacaq hasil edə bilibdir. Qanacaq sahibi dəxi azad və sərbəstanə dolanmağın yolunu biləndən sonra heç vaxt öz başını təkrar əsarət kəməndinə salmaz...
Əlqərəz, duma, yəni Rusiya məclisi-məbusanı bu gün ikinci dəfə olaraq açılacaqdır. Hərçənd gələcəyi indidən təyin etmək və pişəzvəxt xəbər vermək müşküldürsə, hər bir halda, gələcək günləri qızıl hesab edəcək dərəcə nikbin olmaq yaramıyan kimi gələcəyə bədbinanə baxıb, qəti-ümid olmaq da yaramaz. Ümid həyatımızın rəhbəridir. Bəzi mülahizatı nəzərə alıb bu ikinci dumanın müəyyən bir vaxta qədər davam edəcəyinə və davam edib də məmləkəti köhnə idarənin tazlanmasına qorxusundan çıxartmaqla bərabər və rəfahət təriqinə tərəf sövq edəcəyinə ümidvar olmağımız səlahdır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 265-267.
