Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı
“Üzeyir dilinin qüdrəti, Üzeyir musiqisinin ovsunu, Üzeyir elminin kamilliyi bizi ömür boyu öz cazibə dairəsində saxlayan bir aləmdir. Əslində Üzeyir sənətinin böyüklüyü də ondadır ki, o musiqi yaradıçılığı ilə həyatımız boyu bizi bir növ öz əsərlərinin nəinki dinləyicisinə, həm də qəhrəmanına çevirə bilmişdir.”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva
Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Qarabağın Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseyn Hacıbəylinin ailəsində anadan olmuşdur.
Tezliklə Hacıbəylilar ailəsi Azərbaycan mədəniyyətinin ən gözəl mərkəzlərindən biri olan Şuşa şəhərinə köçür və Üzeyir bu şəhərin zəngin musiqili mühitində böyüyür.
Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi. Üzeyirin anası Şirin Əliverdibəyova şairənin evində böyümüşdür, bəstəkarın babası və Natəvan isə süd bacı-qardaşı idilər. Hacıbəylilər ailəsində beş uşaq dünyaya gəlmişdi: Sayad, Əbuhəyat, Zülfüqar, Üzeyir və Ceyhun. Valideynlərinin ədəbiyyata, musiqiyə olan böyük marağı və sevgisi uşaqlara da sirayət etmişdi. Xüsusilə oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.
Üzeyirin dayısı Ağalar bəy Əliverdibəyov xalq musiqisinin gözəl bilicisi idi və Üzeyirin ilk musiqi müəllimi olmuşdur.
1896-cı ildə Üzeyir özünün böyük qardaşı Zülfüqar və əmisi Hacıbəy Hacıbəyli ilə birlikdə şairə Xurşidbanu Natəvanla görüşmüşdülər. Bu görüş haqda Natəvanın arxivində saxlanılan sənəd xəbər verir. Bu sənədi Zülfüqar Hacıbəyli yazmış, Üzeyir Hacıbəyli isə onun doğruluğunu təsdiq etmişdir. Zülfüqar Hacıbəyli bu sənəddə belə yazır: 
«Keçmişdə verdiyim qeydə əlavə olaraq təsdiq edirəm ki, 1896-cı ildə qardaşım Üzeyir Hacıbəyli ilə bərabər... Qori şəhərinin müəllimlər məktəbinə imtahan vermək üçün Tbilisi şəhərinə yola düşərkən əmim Hacıbəy Hacıbəylinin vasitəsi və müşayiəti ilə o vaxt xan qızı Xurşudbanu bəyimin (Natəvanın) yanına gəldik ki, bizə xeyir-dua versin».
Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmalarına, Şuşanın məclislərinə yol açdı. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Üzeyirin musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk musiqi müəllimi Azərbaycan xalq musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur.
Seminariyanı bitirdikdən sonra Üzeyir bir neçə vaxt Hadrut kəndində müəllim işləyir. 1905-ci ildə inqilab ərəfəsində o, Bakıya gəlir, Bibiheybət neft rayonunda fəhlələrin uşaqlarına dərs deyir. Onun ictimai-siyasi və maarifçi fəaliyyəti başlanır.
Üzeyir Hacıbəyli ilk təhsilini buradakı ikisinifli rus-Azərbaycan məktəbində almışdır. O, 1899-1904 illərdə Qori müəllimlər seminariyasında təhsil almışdır. O, seminariyada skripka və baritonda çalmağı öyrənir, xalq mahnılarının nümunələrini nota yazır. Üzeyir Hacıbəylinin dünyagörüşünün formalaşmasında seminariya illəri böyük rol oynamışdır. Üzeyir seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuş, rus və Qərbi Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndində müəllim təyin edilmişdir.
1905-ci ildə Bakıya köçərək Bibi-heybətdə, sonralar isə “Səadət” məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan dilində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “türki-rusi və rusi-türki lüğəti”ni tərtib edərək, nəşr etdirmişdir.
Üzeyir Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, “İttihad”, “Həyat”, “İrşad , 'Tərəqqi’, “Həqiqət”, “İqbal", “Yeni iqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan - bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. Üzeyir Hacıbəyli bu dövrdə çoxlu maraqlı hekayələr, satirik miniatürlər, publisist məqalələr yazmış, N.V.Qoqolun “Şinel” povestini Azərbaycan dilinə tərcümə etmişdir.
Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda H.Z.Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.
Üzeyir Hacıbəyli 1909-15-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operalarını bəstələmişdir. Bu operaların librettolarını Üzeyir Hacıbəyli xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdır. Üzeyir Hacıbəyli “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. O, “Şeyx Sənan”da muğamlara az yer vermiş, musiqinin böyük qismini özü bəstələmişdir. Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Üzeyir Hacıbəyli muğamatla bərabər, aşıq musiqisindən də istifadə etmişdir. Üzeyir Hacıbəyli dramaturgiya sahəsindəki fəaliyyəti Azərbaycan ədəbiyyatında mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onuda qeyd etmək lazımdır ki, musiqi komediyalarının mətnini də Üzeyir bəy özü yazmışdır. Onun “Ər və arvad” (ilk tamaşası - 1910), “O olmasın, bu olsun” (ilk tamaşası - 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycanın məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Üzeyir Hacıbəyli 1912-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında (solfecio üzrə N.M.Laduxindən, harmoniya üzrə N.N.Sokolovskidən) dərs almışdır. 1914-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm rol oynamış, o, “Arşın mal alan” musiqili komediyasını məhz burada yaratmışdır. Lakin Birinci Dünya müharibəsinin başlanması və maddi çətinliklər Üzeyir Hacıbəylinin təhsilini yarımçıq qoymağa məcbur etdi.
Üzeyir Hacıbəyli 1918-20-ci illərdə AXC hakimiyyəti dövründə “Azərbaycan” qəzetində fəaliyyət göstərmişdir. Onun bu illərdəki fəal ədəbi yaradıcılığı məhz bu qəzetlə bağlıdır. Üzeyir Hacıbəylinin yazıları hər gün, yaxud günaşırı “Azərbaycan” qəzetində çap olunurdu; bəzən bir nömrədə iki yazısı müxtəlif imzalarla çıxırdı. Qəzetin ilk redaktoru Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy olmuşdu. Üzeyir Hacıbəyli özü isə 1919-cu ilin yanvarından 1920-ci il aprelin 27-ə qədər qəzetin müdiri olmuşdur. Üzeyir Hacıbəyli qəzetə rəhbərlik edərək onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə kömək etmişdir. Qəzetdə Üzeyir Hacıbəylinin “Tarixi günümüz”, “Andronikin məsələsi”, “Vəzifəmiz nədir”, “Lənkəran faciəsi”, “Kim nəyin fikrində imiş”, “Qarabağ". "İçimizdəki Denikinlər”, “Ermənistan və Azərbaycan münasibəti”, “Təəssürat” və s. bir sıra yazılar çap edilmişdir. Bütün bu yazılar Üzeyir Hacıbəylini uzaqgörən siyasətçi, istedadlı publisist kimi tanıdır.
Ümumiyyətlə, keçən əsrin 20-ci illəri Azərbaycan musiqisinə “təşkilatçılıq" illəri kimi daxil olmuş və bu təşkilati işlərin başında Üzeyir Hacıbəyli durmuşdur. Azərbaycan Xalq Maarif Komissarlığı yanında İncəsənət İdarəsinin musiqi şöbəsinə rəhbərlik edən Hacıbəyli “Sənaye-nəfisə” (1921, №1) məcmuəsində dərc etdirdiyi “Vəzifeyi-musi-qiyyəmizə aid məsələlər” məqaləsində Azərbayacan musiqisinin gələcək inkişaf proqramını müəyyənləşdirmişdir. Məqalədə peşəkar musiqi kadrları yetişdirmək, milli musiqinin əsaslarını işləyib hazırlamaq, ümumdünya musiqisini öyrənmək və s. məsələlərdən bəhs olunurdu. 20-30-cu illərdə milli operanın inkişafı məsələləri müəyyən mübahisələrə səbəb olsa da, Azərbaycanın musiqisi məhz Ü.Hacıbəyli, M.Maqomayev və onların tərəfdarlarının tutduğu yol ilə inkişaf etmişdir.
Üzeyir Hacıbəyli 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir. Sonralar texnikum kimi fəaliyyət göstərən bu təhsil ocağı 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası ilə birləşdirilmişdir. 1926-cı ildən başlayaraq Azərbaycan Dövlət Konservatoriyasında fəaliyətə başlayan Üzeyir Hacıbəyli burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivini yaratmışdır.
Üzeyir Hacıbəyli 1927-ci ildə M.Maqomayevlə birgə ilk “Azərbaycan türk el nəğmələri” məcmuəsini nəşr etdirmişdir. Bəstəkar 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini təşkil etmişdir. Orkestrin repertuarına M.Qlinka, V.Motsart, F.Şubert, J.Bize və başqalarının əsərləri ilə yanaşı, Üzeyir Hacıbəyliun bu orkestr üçün 1931-32-ci illərdə bəstələdiyi 1-ci (“Çahargah”) və 2-ci (“Şur") fantaziyaları daxil idi. Orkestrə ilk vaxtlar Hacıbəyli özü dirijorluq etmişdir. Üzeyir Hacıbəylinin kamera instrumental əsərləri içərisində skripka, violonçel və orkestr üçün bəstələdiyi “Aşıqsayağı” (1931) triosu Azərbaycan musiqisində ilk ansambl pyeslərindəndir. Hacıbəyli əski sovet dövründə yaradıcılığa kütləvi mahnı janrı ilə başlamışdı (“Süvari mahnısı”, “Pilotlar”). O, 30-cu illərdə bir neçə kantata (Firdovsinin 1000 illiyinə (1934), M.F.Axundova həsr olunmuş “Ölməz sənətkar” (1938) və s.) da yazmışdır.
1937-ci il aprelin 30-da Azərbaycan Opera Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi hesab olunur. Azərbaycanın, eləcə də əski sovet opera sənətinin incilərindən sayılan bu operada Üzeyir Hacıbəyli ilk dəfə olaraq, klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. Operanın musiqi dramaturgiyasının əsasını monumental xor səhnələri təşkil edir. Koroğlu xalq qəhrəmanı olmaqla yanaşı, həm də aşıqdır. Məhz buna görə də, opera əsas etibarilə aşıq musiqisi üslubunda bəstələnmişdir. Üzeyir Hacıbəyli “Koroğlu” operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.
Üzeyir Hacıbəyli 1941-45-ci illər müharibəsi dövründə “Çağırış”, “Yaxşı yol”, “Ananın oğluna nəsihəti”, “Şəfqət bacısı”, “Döyüşçülər marşı” və s. vətənpərvər ruhlu mahnılar, eləcə də xalq çalğı alətləri orkestrı üçün “Cəngi” (1941) pyesini, “Vətən və cəbhə” (1942) kantatasını bəstələmişdir. Onun bu illərdə yaratdığı vokal musiqi əsərləri içərisində Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr etdiyi “Sənsiz” (1941) və “Sevgili canan” (1943) romans-qəzəlləri xüsusi yer tutur. Üzeyir Hacıbəyli həyatının son illərində “Firuzə” operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır.
Üzeyir Hacıbəyli Azərbaycan Sovet Sosialist Respublikasının (1945) həmçinin müasir Azərbaycan Respublikasının Dövlət Himnlərinin (1992) musiqisinin müəllifidir.
Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa, rus bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmişdir. O, öz opera və musiqili komediyalarında, eləcə də digər janrlarda yazdığı musiqi əsərlərində Şərq və Qərb musiqi sistemlərinin üzvi vəhdətini yaratmağa nail olmuşdur. Üzeyir Hacıbəyli vaxtilə Şərq və Qərb musiqi mədəniyyətləri arasında keçilməz sayılan səddi aradan götürmüş, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. Üzeyir Hacıbəyli öz musiqisində Azərbaycan xalq musiqisinin bütün janrlarının, mahnıların, rəqslərin, muğam və aşıq yaradıcılığının üslub xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu, Üzeyir üslubunu yarada bilmişdir.
Üzeyir Hacıbəyli həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığın əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. “Azərbaycan xalq musiqisinin əsasları” (1945) fundamental tədqiqat əsərində o, xalq musiqisinin nümunə və formalarının dərin təhlilinə əsaslanaraq, qədim tarixə malik Azərbaycan musiqisinin qanunauyğunluqlarını, milli xüsusiyyətlərini göstərmişdir. Üzeyir Hacıbəylinin nəzəriyyədə irəli sürdüyü məsələlər bəstəkarın yaradıcılığında praktiki həllini tapmışdır (Azərbaycan musiqisində çoxsəsliliyin geniş tətbiqi, milli məqam əsası ilə major-minor sisteminin üzvi vəhdəti və s.). Üzeyir Hacıbəyli istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirmişdir. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Şəfiqə Axundova və başqaları Üzeyir Hacıbəylinin tələbələri olmuşdurlar.
Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il sentyabrın 18-i Üzeyir Musiqi Günü kimi qeyd olunur.
