Üzeyir Hacıbəyli

Xatirələrdə

Bakı Musiqi Akademiyası Üzeyir Hacıbəylinin adını daşıyır
Bakı Musiqi Akademiyası Üzeyir Hacıbəylinin adını daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı Musiqi Akademiyasına Üzeyir Hacibəylinin adının verilməsi haqqında” 3053 №-li  18 sentyabr 2008-ci il tarixli  sərəncamı ilə Bakı Musiqi Akademiyasına dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilmişdir.

 Azərbaycan Dövlət Simfonik Orkestri Üzeyir Hacıbəylinin adını daşıyır
Azərbaycan Dövlət Simfonik Orkestri Üzeyir Hacıbəylinin adını daşıyır

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri — SSRİ-də yaranmış ilk orkestrlardan biridir. 

Dövlət Simfonik Orkestri 1920-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılmışdır. 

1944-cü ildən başlayaraq Azərbaycan Dövlət Simfonik Orkestrinə Üzeyir Hacıbəylinin adını daşıyır.

"Uzun ömrün akkordları" filmi
"Uzun ömrün akkordları" filmi

1981-ci ildə məşhur Azərbaycan yazıçı-dramaturqu Anarın rejissorluğu ilə Üzeyir Hacıbəylinin həyatından bəhs edən "Üzeyir ömrü" və ya "Uzun ömrün akkordları" adlı bədii film çəkilmişdir. Filmdə Hacıbəyli rolunu Hüseynağa Atakişiyev canlandırmışdır. SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunmuşdur. Həmçinin filmdə Üzeyir Hacıbəylinin əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənir.

“Üzeyir Hacıbəyli” gəmisi
“Üzeyir Hacıbəyli” gəmisi

“Üzeyir Hacıbəyli” gəmisi 2014-cü ildən üçrəngli bayrağımız altında Xəzərdənkənar sularda istismar olunur. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və beynəlxalq sularda üzən quru yük gəmisi “Üzeyir Hacıbəyli”nin adını daşıyır. Bu gəminin uzunluğu 108,33, eni 16,74 metrdir, yükgötürmə qabiliyyəti isə 5200 tondur.

Muğam müsabiqəsi
Muğam müsabiqəsi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci Muğam müsabiqəsi keçirilib. 

"Üzeyir dünyası" layihəsi
"Üzeyir dünyası" layihəsi

2008-ci ildə Heydər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən hazırlanan dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş "Üzeyir dünyası" layihəsi işıq üzü görüb. Həmin nəşrə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər" kitabları, "Leyli və Məcnun", "Koroğlu" operaları və "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. 

“Ömür salnaməsi” kitabı Qulam Məmmədlinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən kitabın əsasında hazırlanıb. Kitabda Üzeyir bəyin maraqlı həyatı və çoxsahəli yaradıcılığı konkret faktlarla işıqlandırılır, 60 illik dövr ərzində müxtəlif qəzet və jurnallardan, kitablardan, arxiv materiallarından götürülmüş faktlar və sənədlərlə Üzeyir Hacıbəylinin əsərləri, bu əsərlər barədə fikir və rəylər təqdim edilir. Burada, həmçinin dahi bəstəkarın əsərləri və onun haqqında yazılan müxtəlif materiallar toplanıb, indiyədək üzeyirşünaslığa dair nəşr olunmuş əsərlərin tam biblioqrafiyası verilib.

Kitaba ön sözü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yazıb.

“Bədii və publisistik əsərləri” kitabında Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, satirik hekayələri, səhnəcikləri, felyetonları və məqalələri toplanıb.

Qızıl xatirə pul nişanı
Qızıl xatirə pul nişanı

2008-ci ildə mədəniyyət seriyası çərçivəsində Mərkəzi Bank tərəfindən dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş qızıl xatirə pul nişanı tədavülə buraxılmışdır. Xatirə pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal olunmuşdur. Xatirə pul nişanının üz tərəfində dahi bəstəkarın portreti, arxa tərəfində isə Azərbaycan miniatürlərinin təsviri əks olunmuşdur. Portretin ətrafında xatirə pul nişanının buraxıldığı “2008”-ci il, “Azərbaycan Respublikası” sözləri, bəstəkarın adı və xatirə pul nişanının nominalı göstərilmişdir. Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir. 

 Beynəlxalq Musiqi Festivalı
Beynəlxalq Musiqi Festivalı

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2009-cu ildən etibarən Azərbaycanda təşkil olunur.  Bu günədək keçirilən bu festivalların çərçivəsində Azərbaycanın şəhərlərində açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfranslar, ustad dərsləri və digər tədbirlər təşkil olunub. Festival konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib. 

“Üzeyir Hacıbəyli” fəxri medalı
“Üzeyir Hacıbəyli” fəxri medalı

2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqı “Üzeyir Hacıbəyli” fəxri medalını təsis edib.

18 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə “Üzeyir Hacıbəyli” fəxri medalının ilk nüsxəsi ilə təltif edilib.

Adına küçə
Adına küçə

Bakının mərkəzi küçələrindən biri Üzeyir Hacıbəylinin adını daşıyır.

Azərbaycam SSR Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin №82 4 mart 1949-cu il tarixli qərarı ilə Azadlıq küçəsinin adı dəyişdirilərək Üzeyir Hacıbəyov küçəsi adlandırılmışdır.

18 sentyabr - “Üzeyir Musiqi Günü”
18 sentyabr - “Üzeyir Musiqi Günü”

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günü, 18 sentyabr ənənəvi olaraq Azərbaycanda “Üzeyir Musiqi Günü” kimi qeyd olunur. Dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində Ümummilli lider Heydər Əliyevin imzaladığı 1995-ci il 18 sentyabr tarixli 385 №-li Fərmanına əsasən “Üzeyir Musiqi Günü” kimi qeyd olunması qərara alınmışdır. Bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində konsertlər, beynəlxalq musiqi festivalları, müsabiqələr, müxtəlif tədbirlər və sərgilər təşkil olunur.