Üzeyir Hacıbəyli

Azərbaycan Respublikasının rəsmi Dövlət Himni

Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədim dövrləri əhatə edir. Türk mifoloji düşüncəsinə, dövlətçilik ənənəsinə görə, bayraq və təbil ("əsgəri musiqi" anlamında) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindən sayılıb. Təkcə bunu demək kifayətdir ki, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında dövlət musiqisini icra edən təbilçilər dəstəsinin 98 nəfərdən ibarət ən məşhur musiqiçilərdən təşkil edildiyi tarixi qaynaqlarda öz əksini tapmışdır. XX əsrin əvvəllərindən etibarən Avropa tipli himnin formalaşması prosesi isə, tarixi təkamülün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz və ümumbəşəri dəyərlər əsasında yaranmışdır. 

Dahi bəstəkar Üzeyir Hacıbəyli "Açıq söz" qəzetinin 22 dekabr 1917-ci il tarixli sayında dərc olunmuş "Milli marş" adlı çox qiymətli məqaləsində himnin yaradılmasının xalqımız üçün  əhəmiyyətindən danışaraq himn yazmaq fikrində olduğunu bildirmişdir. Çox keçmədən dahi bəstəkar 2 himn bəstələyir - Milli Marş və Azərbaycan Marşı (Azərbaycan Dövlət Himni). Bunlardan ilki AXC yaranmazdan öncə sözləri və musiqisi Üzeyir Hacıbəyli tərəfindən 1917-ci ilin sonlarında yazılmış və “Milli Marş” adı ilə həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmişdir. Həmin əsər 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi müsabiqədə birinci yeri qazanaraq 15 min rubl miqdarında mükafata layiq görülmüşdür. Lakin, “Milli marş” 1920-ci il aprel çevrilişindən sonra bir daha səslənməmiş və not materialları itirilmişdi. 

“Azərbaycan marşı”nın (Azərbaycan Respublikasının rəsmi Dövlət Himni) sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir. Bu əsərlərin əlyazmasını bəstəkarın qardaşı Ceyhun bəy Hacıbəyov vaxtilə Türkiyəyə çatdırmışdır. Hər iki marş haqqında ilk məlumat 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada nəşr etdirdiyi “Türk marşları” adlı kitabında qeyd olunmuşdur. “Azərbaycan marşı” haqqında Etem Üngör belə bir məlumat vermişdir: “Azərbaycan istiqlalı qeyb etməzdən öncəki illərdə (yəni 28 aprel 1920-ci ilə qədərki illər nəzərdə tutulur) bu marş hər səhər hərbi okullarda (məktəblərdə, hissələrdə) dərs başlanmazdan əvvəl oxunardı”.

Müasir Azərbaycan oxucusuna bu marşlar haqda ilk məlumatı bəstəkar Sərdar Fərəcov "Ü.Hacıbəyovun iki marşı" məqaləsində məlumat vermişdir ("Ədəbiyyat və incəsənət" qəzeti, 14 iyul 1989). Uzun axtarışdan sonra R.Xəlilov tərəfindən marşın ilkin klavir variantı və orkestr səsləri tapılmışdır. S.Fərəcov əsərin 4 səsli xor və böyük orkestr üçün yeni partiturasını hazırladıqdan sonra himn, ifa olunaraq, lentə yazılmışdır.

1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən "Azərbaycan marşı" böyük xor və simfonik orkestr üçün aranjeman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilmişdir.

Milli Məclisin 1992-ci il 27 may tarixli qərarı ilə musiqisi Üzeyir bəy Hacıbəylinin, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında Əsasnamə ilə təsdiq edilmişdir. Adı çəkilən Konstitusiya Qanunları və Əsasnamə ilə Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onun hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur. 

Geniş ictimaiyyətin rəğbətini qazanmış indiki Dövlət himni haqqında Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyev iftixarla demişdir: “Böyük Üzeyir Hacıbəyov 1919-cu ildə, bu gün hər dəfə sevinclə dinlədiyimiz “İstiqlal marşını” – müstəqil Azərbaycan Respublikasının Dövlət Himnini yaratmışdır. Üzeyir Hacıbəyov o vaxt dərk edirdi, anlayırdı ki, bu xalqa lazımdır. Bu gün bu fürsətdən istifadə edərək demək istəyirəm ki, o dövrün çətinliklərinə, Üzeyir Hacıbəyovun da nisbətən gənc olmasına baxmayaraq, o, çox gözəl, əzəmətli dövlət himni yaratmışdır”.

 "Azərbaycan marşı" həm Üzeyir Hacıbəyov tərəfindən milli marş kimi bəstələnərkən, həm də müstəqil Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilərkən müəyyən dəyişikliklərə məruz qalmışdır. Üzeyir Hacıbəyli himnin musiqisini mətninə uyğunlaşdırmaq üçün sözlərində müəyyən dəyişikliklər etmişdir. Həmçinin "Azərbaycan marşı" müstəqil Azərbaycanın Dövlət himni kimi qəbul edilərkən Üzeyir Hacıbəylinin müvafiq düzəlişlər, əlavələr etdiyi və musiqi bəstələdiyi mətndə yenidən müəyyən dəyişikliklər edilmiş müasir dilimizin lüğətçilik prinsiplərinə uyğunlaşdırılmışdır.

 

Musiqisi: Üzeyir Hacıbəylinin

Sözləri: Əhməd Cavadındır

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

Azərbaycan, Azərbaycan!