İqtibaslar
Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.
Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur. Üzeyir Hacıbəyov ömrünün son gününə qədər həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, maariflənməsinə həsr etmişdir. O həm yazıçı, publisist, həm də alim, maarifçi, filosof, ictimai-siyasi xadim olmuş, dövlət işlərində fəal iştirak etmişdir.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir.
Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
...Üzeyir Hacıbəyov opera üzərində işlərkən ariyaları, duetləri, ansamblları Azərbaycanın musiqi folkloru əsasında qurmağa səy etmiş və xalq yaradıcılığına əsaslanan bu folkloru ciddi surətdə öyrənmiş və buna müvəffəq olmuşdur. "Koroğlu" operasında Azərbaycanın valehedici musiqi folkloru tamamlandırılmış, Avropa musiqi texnikası ilə uzlaşdırılmışdır. İlk dəfə orkestroya daxil edilən tar gözəl səs yaratmışdır...
“Koroğlu” operası Azərbaycanın opera aləmində öz revolyusion coşğunluğu ilə bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır.
Hüseyn Cavid,
yazıçı-dramaturq
"Koroğlu" operası ilk tamaşadan sonra ürəklərə yol tapdı, bir çox müğənnilərin ifasında qardaş respublikaların səhnələrində, efirdə tez-tez səslənməyə başladı.
Mən teatrımızın səhnəsində xalq qəhrəmanı Koroğlu rolunda 400 dəfədən çox çıxış etmişəm. Hər dəfə bu rolu ifa edərkən Üzeyir bəyin sənətinə valeh oluram. Bu operanın üverturasına mən dəfələrlə qulaq asmışam. Üvertura başlananda insanı cuşa gətirir. Elə bir musiqi həvəskarı tapılarmı ki, bu musiqi onu həyəcana gətirməsin. Bu üvertura operanın qəhrəmanı kimi səslənir, bütün hadisələrin tərcümanı kimi qəbul olunur.
Üzeyir sənətinin qüdrəti orasındadır ki, bəstəkarımız Azərbaycan xalq musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahətini duyur, öyrənir və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı.
Bülbül,
Azərbaycan opera müğənnisi, Xalq artisti
Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın ürəyində yaşayır, onun mənəvi həyatını zinətləndirir. Zaman bu böyük istedadın qurduğu binanı sarsıtmaqda nəinki acizdir, hətta onun getdikcə daha da möhkəmlənməsinə şahid olur. Onun musiqisinin parlaq rəngləri daha da əlvanlaşır və biz onun yaradıcılığında yeni gözəlliklər və incəliklər kəşf edirik.
Üzeyir Hacıbəyov musiqisinin, xüsusilə "Koroğlu" operasının dərin təhlili göstərir ki, bəstəkar mürəkkəb və cəsarətli bir lad sistemi yaratmış və ona ciddi riayət etmişdir... Hacıbəyovun harmonik dili xüsusi kəşflər iddiasında olmasa da, onun musiqisi bütünlüklə, şübhəsiz, müasirdir və böyük bəstəkarın özü müasir musiqi təfəkkürü sahəsində cəsarətli novatordur.
Qara Qarayev,
bəstəkar, Xalq artisti
"Üzeyir Hacıbəyli yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək".
"Üzeyir Hacıbəyli sənət irsinin əsl qiyməti məhz bu gün üçün nə dərəcədə müasir olmasında, gərəkli olmasındadır".
"Koroğlu" dünya musiqi mədəniyyətinin nailiyyətlərini özündə təcəssüm etdirən, yüksək sənət tələblərinə cavab verən ölməz bir əsərdir. Azərbaycan opera sənətinin zirvəsidir".
"Leyli və Məcnun"dan "Koroğlu"ya qədər keçilən böyük sənət yolu gərgin yaradıcılıq axtarışları və qiymətli sənət kəşfləri ilə zəngin bir yoldur".
"Üzeyir Hacıbəyli sənətinin Azərbaycan bəstəkarlarına nə verdiyini tam ifadə etmək üçün mən yalnız belə deyə bilərəm: "Biz hamımız Üzeyir məktəbindən çıxmışıq".
Fikrət Əmirov,
bəstəkar, Xalq artisti
Üzeyir Hacıbəyovun adı bizdə - olduğu kimi, bütün Şərq ölkələrində də böyük ehtiramla çəkilir. Çünki onun yaradıcılığı yalnız ölkəmizin deyil, Şərq xalqlarının da musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərmiş və göstərməkdədir.
Məşhur "Koroğlu" operasının, çox populyar "Arşın mal alan" musiqili komediyasının, ən müxtəlif janrlarda yazılmış başqa gözəl əsərlərin müəllifi olan Üzeyir Hacıbəyov dünyanın ən şöhrətli və ən hörmətli bəstəkarlarındandır.
Yaxşı yadımdadır ki, ilk dəfə 1938-ci ildə Moskvada Azərbaycanın ilk incəsənət ongünlüyü keçiriləndə ifa olunan "Koroğlu" operası bütün musiqiçilərdə də, qeyri-musiqiçilərdə də çox dərin təsir buraxdı. Çünki biz böyük sənət hadisəsiylə, Üzeyir Hacıbəyovun zəngin istedadı və sonsuz ustalığıyla, Azərbaycan xalq musiqisi ilə yoğrulmuş gözəl bir əsərlə qarşılaşmışdıq. Mənə Üzeyir Hacıbəyovla tanışlıq, ünsiyyət səadəti nəsib olmuşdu. O, cazibəli bir şəxsiyyət idi. Yüksək dərəcədə prinsipial, son dərəcə saf, ciddi bir məhəbbətlə dolu bir insan idi. O, gənc bəstəkarlara hədsiz kömək göstərirdi...
Onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına göstərdiyi böyük xidmətləri adi sözlərlə ifa etmək çətindir. Və bu gün peşəkar Azərbaycan musiqisinin atası Üzeyir Hacıbəyovun əsərlərinin bəhrəsini görmək nə qədər xoşdur.
Bizim üçün Üzeyir Hacıbəyovun xatirəsi müqəddəsdir!
Tixon Nikolayeviç Xrennikov,
rus bəstəkarı, SSRİ xalq artisti
Dahi Azərbaycan bəstəkarı və musiqişünası Üzeyir Hacıbəylinin yaradıcılıq irsi xalqımızın milli sərvətidir və XX əsr Azərbaycan professional musiqi mədəniyyətinin, bəstəkar yaradıcılığının və musiqi elminin bünövrəsini təşkil edir. Müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği baxımından Ü. Hacıbəylinin yaradıcılıq irsi mühüm əhəmiyyətə malikdir. Üzeyir bəyin ənənələrini yaşatmağı biz özümüzə mənəvi borc bilirik.
Fərhad Bədəlbəyli
SSRİ Xalq artisti, professor
Biz iranlılara əhəmiyyəti olan və İrana qayıtdıqdan sonra da qeyd edəcəyim bir məsələ varsa, o da Azərbaycan xalqının musiqidə olan böyük istedadıdır. Bakıya gəlməmişdən əvvəl Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim və onun yaradıcılığından "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyriləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilində əzbər olmuşdur. Bakıya gəldikdən sonra bunu bir daha təsdiq etdim və gördüm ki, burada musiqiyə verilən qiymət, şübhəsiz, istedad yarada bilər və yaradır. Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhəti etibarilə Şərqin İtaliyasıdır.
Səid Nəfisi,
İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim
Üzeyir Hacıbəyli sənəti Azərbaycan dühasının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi ən nadir incilərdəndir.
Zemfira Səfərova,
professor, AMEA-nın həqiqi üzvü
"Leyli və Məcnun" operası bir neçə cəhətdən əhəmiyyətlidir və diqqəti cəlb edir. Musiqi əsasının səlis qurulmuş arxitektonikası - solistlərin mahir improvizə qabiliyyəti, mühüm dramatik rol oynayan xor və orkestr üçün yazılan epizodlar, söz və musiqinin təbii bir vəhdət yaratması "Leyli və Məcnun"u uzaq keçmişin musiqi abidələri ilə - Florensiya və Venetsiya bəstəkarlıq məktəbinin nümayəndələri Peri, Kaççini, Monteverdinin üç yüz il əvvəl yaratdıqları, dünyada ilk opera nümunələri hesab olunan əsərlərlə doğmalaşdırır, yaxınlaşdırır...
Biz fəxrlə qeyd etməliyik ki, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"undan "Koroğlu"suna kimi Azərbaycan operasının otuz ildə keçdiyi yüksək inkişaf yolunu Qərbi Avropanın bəzi məmləkətlərində opera sənəti iki yüz ilə keçmişdir.
Niyazi,
bəstəkar, Xalq artisti
Üzeyir Hacıbəyovun fəaliyyəti o qədər çoxcəhətlidir ki, ən təcrübəli jurnalistlər belə... çətin ki, onun dərin prinsipial, hərtərəfli və məhsuldar yaradıcılığını kifayət dərəcədə əhatə edə bilə.
Onun istedadının ölçüləri milli çərçivələri çoxdan aşıb keçib. Onun "Arşın mal alan"ını, "Leyli və Məcnun"unu və "Koroğlu"-sunu klassik əsərlərə aid etmək lazımdır, bu əsərlər çoxdandır ki, bütün sovet musiqi mədəniyyətinin sərvəti və iftixarıdır.
Üzeyir yalnız Azərbaycan xalqının deyil, bütün sovet xalqının fəxri və şöhrətidir. Gürcü xalqı onun simasında öz etibarlı dostunu və qardaşını görür. Sevincli vaxtlarda da, çətin illərdə də biz həmişə əzizimiz Üzeyirin gümrah, güclü, ruhlandırıcı qardaş səsini eşidirik.
Həssas yoldaş, səmimi, diqqətli, qayğıkeş insan... Üzeyir xasiyyətinin bu cəhətləri, onunla bircə dəfə də olsa görüşmüş hər adam üçün onun adını yaxın və əziz edir.
Akaki Xorava,
gürcü bəstəkarı
"Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Sovet xalqının yüksək mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, əhvali-ruhiyyəsini musiqi vasitəsilə əks etdirmək lazımdır" - Üzeyir Hacıbəyovun bu sözləri təsdiq olundu. Azərbaycan musiqisi güclü bəstəkarlar dəstəsinin səyi ilə sovet xalqının qəhrəman ruhunu əks etdirməyə, bizim gözəl dövrümüzə layiq əsərlər yaratmağa nail oldu.
Üzeyir Hacıbəyov məhz bunu qabaqcadan görmüşdü.
Vasili Pavloviç Solovyov-Sedoy,
bəstəkar, SSRİ Xalq artisti
Üzeyir bəy ilə yaxından tanışlığım 1929-cu ildən başladı. O zaman Azərbaycan musiqisinin inkişaf yolları geniş müzakirə olunurdu. Üzeyir bəy bu məsələdə hamıdan artıq rahatsız olur və musiqimizin gələcəyi haqqında düşünürdü.
...Üzeyirin "Koroğlu" operasının yazılışında yürütdüyü əsas məqsədlərdən biri də Azərbaycan xalq musiqisini dar çərçivədən çıxardıb inkişaf etdirmək idi. ...Bəstəkar "Koroğlu" operasında bu vəzifənin öhdəsindən çox müvəffəqiyyətlə gələ bilmişdir.
Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: "Dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir". Bunun üçün librettonun sadəliyinə diqqət verməyi tapşırırdı.
"Koroğlu" operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai varlığının güzgüsüdür - demək olar.
Məmməd Səid Ordubadi,
yazıçı
Hələ 30-cu illərdə bu son dərəcə maraqlı insanla tanışlığım mənə böyük ləzzət verdi. İti zəkaya, incə yumor hissinə malik olan Üzeyir Hacıbəyov ilk tanışlığımızdan sözləriylə, danışıq tərziylə adamda böyük rəğbət oyadırdı və bu rəğbət ildən-ilə artırdı... Biz mehriban dost olduq. O, Moskvaya gələrkən saatlarla royal arxasında oturardıq, bir-birimizə yenicə yaratdığımız əsərləri çalar, şübhələrimizi, gələcək planlarımızı bir-birimizlə bölüşərdik. Mən də onun qonağı olardım və yenə də musiqi, gecəyəcən çəkən hərarətli söhbətlər başlanardı.
...Mən bir neçə dəfə "Koroğlu" operasını dinləmişəm. 1938-ci ilin dekadası zamanı və sonralar. Klavirinə və partiturasına baxmışam, bu əsər həmişə məni valeh edib, səbəbi də operanın xalq musiqisi ruhu ilə aşılanmasıdır...
Yuri Şaporin,
rus bəstəkarı, SSRİ xalq artisti
Amerikanın Nyu-York şəhərində çıxan bir qəzet xəbər verir ki, Amerikanın teatrlarında da "Arşın mal alan" operettasını təzəlikdə oynamağa başlayıblar.
Mən də bunu ərz edə bilərəm ki, altı aylıq səyahətimdə mən gördüm ki, Aşqabaddan tutmuş Daşkənddə, Orenburqda, Samara, Saritsin, Həştərxan, Petrovsk, Vladiqafqazda küçə və bazarda "Arşın mal alan"dan savayı özgə danışıq yoxdur... Budur "Arşın mal alan" sirri, budur ki, arşın mal bu dərəcədə şöhrət tapıb, budur səbəb ki, erməni, gürcü, rus və amerikalı həmin əsərə nəhayət müştaqdırlar...
Cəlil Məmmədquluzadə,
yazıçı
Doğrusu, gördüyüm operettalardan "Arşın mal alan" mənə xoş gəldi. Həm musiqi, həm məna cəhətdən...
Üzeyir bəy cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda qeyri əsərlərə nisbət hal-hazırda Üzeyir bəyin əsərləri böyük yol açır. Bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini səmimi qəlbdən istəyirik.
Nəriman Nərimanоv,
dövlət xadimi, yazıçı, həkim
Müasir Azərbaycan mədəniyyətinin ən görkəmli və qabaqcıl bir siması olan Üzeyir Hacıbəyovun adı ilə bütün xalqımız fəxr edir.
Öz şəxsi taleyini xalqın taleyi ilə səmimi bağlayan, öz yaradıcılıq və həyat qabiliyyətlərini xalq səadəti, xalq şərəfi uğrunda sərf edən insanlar xalqın əbədi məhəbbət və hörmətinə nail olurlar. Böyük bəstəkarımız Üzeyir Hacıbəyov da nəinki Azərbaycan xalqının, bütün sovet xalqlarının hörmət və məhəbbətini qazanmış məşhur bir sənətkardır.
...Üzeyir sənətinin dili bütün xalqlar üçün aydındır. Avropa və rus xalqının zəngin musiqi mədəniyyətindən məharətlə istifadə edən bu sənətkar bütün xalqlar üçün əziz və doğmadır.
Məşhur rus şairi Nekrasov demişdir ki, şair olmaya da bilərsən, lakin vətəndaş olmağa məcbursan.
Üzeyir ona görə böyük sənətkar oldu ki, o böyük bir vətəndaş, həm də sovet vətəndaşı idi!
Səməd Vurğun,
Xalq şairi
Üzeyir bəy elə sənətkardır ki, onun adı tərif yükü götürmür, o hər hansı tərif pilləsindən yuxarıda duran bir simadır. Belə adamların hər hansı xalqa mənsub olması o xalqın adını şərəfləndirir, yüksəldir. Mən Üzeyir musiqisinin, Üzeyir dramaturgiyasının yüksək bəşəri dəyərindən, tarixi qiymətindən, bədii nadirliyindən yazaramsa, bu ancaq bir iftixar hissinin, bir mənəvi qürurun mütləq ifadəsindən qaçılmazlıqdır.
...Üzeyir musiqisi bizə Azərbaycan sözü kimi, Vətən sözü kimi, həyat sözü kimi yaxın, əziz və doğmadır. Onun yaratdığı əsərlərin, istər böyük, istər kiçik olsun, xallarında biz qəlbimizin, könlümüzün səsini eşidir, arzu və inamımızın ləhnini dinləyirik. Üzeyir bəy bir sənətkar kimi böyük sadəliyin ən gözəl nümunələrini vermiş, sadəlik üçün enməyib, yüksəlmiş, geniş üfüqlərə qanadlanmışdır.
Onun övladları əsərləridir. Gəlin, onlara böyük hörmət, ehtiram və məsuliyyətlə yanaşaq!
Rəsul Rza,
Xalq şairi
Üzeyir Hacıbəylinin əsərləri yaşadığı mühitin, içində dolandığı xalqın, cəmiyyətin ifadeyi-hal və keyfiyyətidir.
Bu gün Parisdə "Arşın mal alan", ya "Ölülər"i oxuyacaq bir fransız: "Bu Azərbaycan həyatındandır. Orada belə bir məişət, belə bəylər, belə gənclər, belə qızlar vardır" deyərsə, haqlı olur.
Cəfər Cabbarlı,
yazıçı, dramaturq
Üzeyir Hacıbəyov Zaqafqaziya xalqları arasında ən sevimli və ən məşhur bəstəkardır. Üzeyir Hacıbəyovun yaradıcılığı ilə Sovet Gürcüstanının ən ucqar rayonları da tanışdır. Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı Qafqaz xalqları arasında, Sovet Azərbaycanı və Gürcüstan arasında qardaşlıq əlaqəsinin möhkəmlənməsi işində böyük əhəmiyyətə malikdir.
Akaki Alekseyeviç Vasadze,
gürcü aktyoru, SSRİ xalq artisti
Üzeyir sənət vasitəsilə öz həyatını xalqın xidmətinə vermişdi. Ancaq belə bir sənətkar Azərbaycan operasının şah əsəri olan "Koroğlu" kimi ölməz əsər yarada bilərdi.
Üzeyir Hacıbəyovun opera sənəti, opera dramaturgiyası, ədəbiyyatımız və ictimai fikrimiz tarixində müstəsna mədəni, estetik əhəmiyyəti olan tamamilə yeni keyfiyyətli hadisə idi və Azərbaycanda ilkin olaraq bu janrın yolunu açdı.
Ümumiyyətlə isə, böyük bəstəkar və yazıçının publisistikası mütərəqqi mahiyyətdə olub, xalqımızın azadlıq mübarizəsinə xidmət etmişdir, bu gün də öz ictimai tərbiyəvi əhəmiyyətini itirməmişdir.
Mirzə İbrahimov,
Xalq yazıçısı
O böyük daxili mədəniyyətə malik olan bir adam idi. Bu zahiri görünüşündə də, danışığında və davranışında da, ətrafdakılara münasibətində də aydın seçilirdi. Qadınlara münasibətində də qeyri-adi dərəcədə nəcib insan idi. Təsadüfi deyildir ki, Üzeyir Hacıbəyovun əsərlərində qadın obrazları belə böyük məhəbbətlə yaradılıb. Elə bir "Arşın mal alan"dakı Gülçöhrəni yada salsaq kifayətdir. Mən ilk dəfə bu rolda çıxış etmişəm. Mən eşqində sadiq olan bu Azərbaycan qızını bütün qəlbimlə sevdim, o mənim həyatımın bir parçası oldu.
Üzeyir öz xalqını sevirdi, onun üçün yaradırdı, öz əsərlərində bu xalqın fikirlərini və arzularını ifadə edirdi. Buna görə də həmişə xalqın qəlbində yaşayacaqdır.
Şövkət Məmmədova,
opera müğənnisi, Xalq artisti
Əziz və Hörmətli Üzeyir bəy!
Mən əminəm ki, Sizin tədqiqat ("Azərbaycan xalq musiqisinin əsasları") Azərbaycan musiqi sənətinin, həm də bütün Sovet və dünya musiqi sənətinin inkişafında xüsusi əhəmiyyətə malik olacaq.
Reynhold Moritseviç Qlier,
bəstəkar, SSRİ xalq artisti
Gənclik günlərimin unudulmaz xatirələrini yada salıram. 1922-ci il. Qori şəhəri. Bir yaşayış evinin geniş dəhlizində düzəltdiyimiz "səhnə". Rayonumuzun gəncləri Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" operettasını tamaşaya qoyurlar. Mənim kiçik bacım Jenya Gülçöhrəni, mən isə Əsgəri oynayıram. Son dərəcə böyük müvəffəqiyyət. Bu misalı çəkməkdə məqsədim Üzeyir Hacıbəyovun bizim ölkədə yaşayan xalqların çoxunun həyatında böyük əhəmiyyəti olduğunu qeyd etməkdir. Axı "Arşın mal alan" dünyaya gəldiyi gündən Qafqazda və Orta Asiyada sadə adamların dilinin əzbəri olmuşdur. Onun mahnılarını hərə öz ana dilində oxuyurdu.
Vano Muradeli,
bəstəkar, SSRİ xalq artisti
Üzeyir Hacıbəyovun yaradıcılığı yalnız Azərbaycan xalqı üçün deyil, bütün xalqlar üçün doğma və əzizdir... "Leyli və Məcnun" solmaz çiçək kimi indi də təravətlidir, ətirlidir. Biz "Arşın mal alan" musiqili komediyasına qulaq asarkən xalq yumorundan, gözəl musiqidən vəcdə gəlirik.
Şübhəsiz ki, Üzeyir Hacıbəyov yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır. Xalq musiqisi formaları məhz bu operada yüksək zirvəyə qaldırılmışdır. Ona görə "Koroğlu" yeni ruhda yazılmış əsərdir və belə bir əsər olaraq daim yaşayacaqdır.
Otar Taktakişvili,
gürcü bəstəkarı, SSRİ xalq artisti
"Gaveyi-ahəngər" tamaşaya qoyulmuşdu. Fərhadı mən oynayırdım... O gecə Üzeyir bəy Hacıbəyov ittifaqən teatrda imiş. Səhnədə mənim "Hicaz" oxumağımı görüb xoşladı... Bir gün Qubernski küçədə "Nicat"a getdiyim yerdə mənə rast gəldi və dedi: Nə gözəl oxudun, çox xoşuma gəldi! Mən bir "Leyli və Məcnun" operası başlamışam, Məcnun rolunu oynayarsanmı? Dedim: Oynayaram!..
Bu oyundan sonra camaat və səhnə yoldaşlarım adımın əvəzində məni "Məcnun" deyə çağırırdılar. O da mənə o qədər əziz idi, hər kəs məni bu adla çağırsaydı, fərəhlənərdim...
Hüseynqulu Sarabski,
aktyor, Azərbaycanın xalq artisti
Bəstəkar Üzeyir Hacıbəyova mən xüsusi heyranlıqla yanaşırdım. Yadımdadır mən bizim teatrın tamaşalarından birinə - "Suram qalası"na musiqi yazanda artıq o zaman təcrübəli usta olan Üzeyir Hacıbəyov "gənc gürcü həmkarının" (o məni belə adlandırırdı) işiylə dərindən maraqlandı. Tamaşaya diqqətlə baxdı, sonra mənimlə ətraflı söhbət etdi, çox sərrast qeydlər söylədi, müsbət cəhətlərindən hərarətlə danışdı. Bu söhbət mənə çox şey verdi. Mən indiyə qədər həm bu söhbəti, həm də Üzeyir Hacıbəyovla başqa görüşlərimi böyük minnətdarlıq hissi ilə xatırlayıram.
Aleksandr Maçavariani,
gürcü bəstəkarı, SSRİ xalq artisti
Atam deyərdi ki, "Oğul, mən uşaq olanda atam da məni arşın malı satmağa göndərərdi". Deyirəm təsadüfə bax ki, atam kiçik yaşlarında həqiqi arşınmalçı olmuşdu, mən isə ekranda...
Əsgər rolunda mənim çoxdankı müğənnilik fəaliyyətimlə yeni aktyor yaradıcılığım üzvü şəkildə birləşmiş, sonralar filmin nümayiş etdirildiyi ölkələrdə məni bir kino artisti kimi də tanıtdırmışdır. Bunun üçün mən ilk növbədə Üzeyir Hacıbəyov musiqisinə və dramaturgiyasına minnətdaram.
"Əsgərin ariyası" və "Əsgərin mahnısı" indiyə kimi repertuarımdadır. Elə konsert olmaz ki, mən onları oxumayım, alqışlanmayım. Konsert proqramım nə qədər təzələnsə də, onlar əvəzolunmazdır. Üzeyirin özü kimi, sözü kimi.
Rəşid Behbudov,
müğənni, SSRİ xalq artisti
Hər dəfə bir çox yaşıdlarım kimi mən də fikirləşəndə ki, Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun müasiri olmuşam, onunla görüşüb söhbət etmişəm, nə isə çox qəribə hisslər keçirirəm. Axı "Azərbaycan musiqisinin klassiki" deyəndə adətən təsəvvürümdə əyninə ləbbadə geymiş, başına çalma bağlamış Səfiəddin Urməvi, yaxud Əbdülqadir Marağinin obrazı canlanır. Onlar nə isə qeyri-adi, əlçatmaz, əzəmətli şəxslərdir. ... Yox, bu mənada Üzeyir tamam başqa planda klassik idi. Üzeyir bəyə nadir bir şərəf nəsib olmuş - hələ sağlığında öz xalqının tanınmış klassiki olduğunu görmüşdür.
Əfrasiyab Bədəlbəyli,
bəstəkar, dirijor, librettoçu, xalq artisti
1912-ci il aprelin 3-də Üzeyir bəy Hacıbəyov mənimlə bərabər artistlərimizdən bir neçəsini evinə dəvət edib İtaliyanın Milan Konservatoriyasında təhsil alan Azərbaycanlı qızı Şövkət xanım Məmmədovanın Bakıya gəldiyini bildirdi və Şövkət xanımın İtaliyaya qayıdıb təhsilini davam etdirməsi üçün ona kömək etməyimizi xahiş elədi. Üzeyir Hacıbəyovun təklifini hamılıqla qəbul edib, Şövkət xanım Məmmədovanın nəfinə "Ər və arvad" musiqili komediyasını oynamağı qət etdik. Aprelin 13-də axşam Tağıyev teatrında "Ər və arvad" musiqili komediyasının tamaşası qurtardıqdan sonra "konsert" şöbəsi başlandı. Şövkət xanım Məmmədova səhnəyə çıxıb bir neçə hava oxudu. Bu, bir çoxlarının xoşuna gəlmədi. Xüsusilə "millət-millət" deyib bar-bar bağıran ağalar ayağa qalxıb teatrı tərk etməyə başladılar...
Mən bu halı gördükdə tez səhnə arxasından Üzeyirin yanına gəlib xəbər verdim və nə etməli olduğumuzu ondan soruşdum. Üzeyir Hacıbəyov inadlı bir tərzdə: "Qoy gedən getsin, bizə qalanlar lazımdır" - dedi.
Mirzağa Əliyev,
aktyor, SSRİ xalq artisti
Dahi bəstəkar, yazıçı, publisist, ictimai xadim Üzeyir Hacıbəyli Azərbaycan incəsənəti və mədəniyyəti sahələrində göstərdiyi bənzərsiz xidmətləri ilə bərabər, ədəbi dilimizin ən mürəkkəb və çətin dövrü olan XX əsr ədəbi dilinin inkişafında da çox böyük işlər görmüşdür.
Dahi sənətkarın fəaliyyət göstərdiyi həmin illərdə ədəbi dilimizdən dörd istiqamətdə istifadə edilirdi. Bunlardan biri daha çox "Fyuzat" jurnalının eləcə də Hüseyn Cavidin, Əlibəy Hüseynzadənin əsərlərinin dili idi ki, Osmanlı dilindən, demək olar ki, fərqlənmirdi. İkincisi "Tərəqqi", "İrşad" və s. qəzetlərin dili olub, bəzi qrammatik məqamlar nəzərə alınmazsa, köhnə Azərbaycan dili - Nəsiminin, Füzulinin əsərlərinin dili ilə səsləşirdi. Üçüncüsü daha çox yeni Azərbaycan dili - Abdulla Şaiqin, Abbas Səhhətin dilinə uyğun olan ədəbi-bədii dil, nəhayət, dördüncüsü ümumxalq danışıq dili ilə eyni olan bir dil idi ki, "Molla Nəsrəddinçi"lərin əsərlərinin dili kimi işlənirdi.
Üzeyir Hacıbəylinin dili bu çeşidli dil hadisələri ilə, özəlliklə son üçü ilə bağlı olub dövrün ümumi dil mənzərəsini əks etdirirdi.
Ağamusa Axundov,
ədəbiyyatşünas, dilçi və türkoloq alim
Son zamanlar musiqişünasımız və Azərbaycanın iftixarı Üzeyir bəy Hacıbəyov musiqimizi nizama salmağa başladı. Yazdığı opera və operettaları ilə şöhrət qazandı. Yalnız özü deyil, bütün millətini aləmə tanıtdı. Bu gün Krımda tatarlar və ermənilər tərəfindən səhnəyə qoyulan "Arşın mal alan", "O olmasın, bu olsun" hamısı Üzeyir bəyindir... Üzeyir bəyin "Arşın mal alan"ı Amerika səhnələrində belə müvəffəqiyyət qazandı. Bir müsəlman deyil, erməni, gürcü və ruslar da teatrlarımızdan həzz alırlar. Biz iftixar edə bilərik ki, bütün aləmi-islamda birinci milli operanı biz vücuda gətirdik. Üzeyir bəy birinci operanəvis kompazitorumuzdur.
Yusif Vəzir Çəmənzəminli,
yazıçı
İki aya yaxın bir zamandan bəri şəhərimizdə qonaq olan Azərbaycan teatrını xüsusilə iki nöqteyi-nəzərdən əhəmiyyətə layiq bilirik... İstər heyətlər, istər pyeslər və istər təmsillərin bizdə oyandırdığı ilk fikir azərbaycanlıların teatrının çox ciddiyyət və əhəmiyyətlə tərəqqi etmələri və bu xüsusda Türkiyəni keçmiş olduqları idi... "Arşın mal alan", yaxud "Məşədi İbad" operettalarına baxınız. Mövzularda heç bir fövqəladəlik yoxdur, fəqət bizim tənəkə, zopa və küfr ilə heyvan sürüsü sövq edər kimi çığır-bağırla idarə etdiyimiz səhnələri onlar nə gözəl nəğmələr, nə şayani-diqqət mülahizələr, nə səmimi lətifələrlə doldurmuşlar. Azərbaycan komediyalarında Molyerin əsərlərini yada salan sadə və mətin bir mizan vardır.
Rəşad Nuri Güntəkin,
türk yazıçısı-dramaturq
Azərbaycan sovet musiqisinin təməlini qoyan Üzeyir Hacıbəyov böyük təbii istedad sahibi bir bəstəkar, görkəmli ictimai xadim idi. O, bütün həyatını Azərbaycan Sovet musiqi mədəniyyətinin inkişafına həsr etdi.
Onun şagirdləri və ardıcılları - Azərbaycan bəstəkarları haqlı olaraq Sovet musiqi yaradıcılığında ən qabaqcıl yerlərdən birini tuturlar və bunda Üzeyir Hacıbəyovun misilsiz xidməti var.
O, Azərbaycanda musiqi təhsilini çox gözəl bir şəkildə təşkil etdi. Simfonik musiqinin inkişafı yolunda çox iş gördü.
Sovet musiqiçiləri, musiqi həvəskarları, bütün sovet xalqı Azərbaycan xalqının böyük oğlu, görkəmli sovet bəstəkarı Üzeyir Hacıbəyovun ölməz xatirəsini ehtiramla yad edirlər.
Mən Azərbaycan bəstəkarlarına Üzeyir Hacıbəyovun böyük ənənələrini müqəddəscəsinə qorumağı və inkişaf etdirməyi tövsiyə etmək istəyirəm.
Dmitri Dmitriyeviç Şostakoviç,
sovet rus bəstəkarı, pianoçusu, pedaqoqu
Üzeyir Hacıbəyli XX əsr Azərbaycan musiqisinin ilk böyük yaradıcısı olmaqla, həm də bu musiqinin araşdırıcısı, tədqiqatçısı, onun əsaslarını və prinsiplərini dərindən-dərinə bilən və şərh edən, ümumiləşdirən, sistemləşdirən görkəmli alim idi. Onun musiqi məsələlərinə aid neçə-neçə elmi məqaləsiylə bərabər azəri musiqisinin nəzəri cəhətləri üzərində uzun illərdən bəri çalışmalarının ən sanballı bəhrəsi "Azərbaycan xalq musiqisinin əsasları" adlı fundamental tədqiqatı oldu.
Anar,
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Publisistikada Üzeyir bəyi ən çox cəlb edən bu janrın operativlik adlanan keyfiyyəti idi. XX əsrin əvvəllərində cəmiyyət həyatının aktual problemlərinin aşıb-daşdığı, təxirə salmadan şərhini, izahını, dəyərləndirilməsini gözlədiyi bir vaxtda xalqın taleyinə biganə qalmayan istedadlı və geniş bilikli ziyalı dinclik nə olduğunu bilmir, digər sahələrdə, özəlliklə də musiqi yaradıcılığı sahəsində çox ciddi tarixi uğurlar qazanmaqla yanaşı publisist fəaliyyətini də davam etdirir, illər uzunu, demək olar ki, həftədə bir neçə yazısı nəşr olunurdu. Təkcə bunu demək kifayətdir ki, dahi bəstəkarın "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun" kimi şedevrləri 1907-1912-ci illər arasında, yəni onun jurnalistlik fəaliyyətinin də intensiv surətdə davam etdiyi bir vaxtda yaranmış, iştirakı, çox dəyərli məsləhətləri və köməyi ilə tamaşaya qoyulmuşdu. Bu barədə düşünərkən Üzeyir bəyin xalq işi uğrunda cannisarlığı qarşısında bir daha baş əyməli olursan.
Bəkir Nəbiyev,
Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, filologiya elmləri doktoru, professor
Hər cəhətdən artıq Üzeyir bəy musiqi xadimidir. Qısa şəkildə belə deyirlər: Üzeyir bəy Hacıbəyli musiqidə yeni istiqamət açmış, klassik Şərq musiqisini yaratmış dahi bəstəkardır.
Qarabağlı Saleh bəy,
yazıçı, fiziki kimya üzrə elmlər doktoru
Füzuli şeirinin fəlsəfə-bədii qaynaqlarının elmi idrakın məntiqinə əsasən şərhi ilə yanaşı, musiqi lisanı ilə təbliği və izahı da əsaslı bir məsələdir ki, bu işdə musiqi dühası Üzeyir Hacıbəyovun xidməti misilsizdir.
Üzeyir Hacıbəyov Füzulinin şeir-sənət dünyasına musiqi sənətinin sehrli mahiyyətindən və yüksəkliyindən diqqət yetirən ilk Azərbaycan bəstəkarıdır. İlk milli opera "Leyli və Məcnun"da, habelə "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarında bəstəkar, Füzuli qəzəllərinin musiqi dili ilə şərhinə olduqca həssas yanaşmış və surətlərin daxili-mənəvi aləmini, xarakterlərini, iztirab və sevinclərini şərh məqsədilə müvafiq qəzəllərdən məharətlə istifadə etmişdir.
Məsud Əlioğlu,
yazıçı, tənqidçi, filologiya elmlər doktoru
Azərbaycan xalqının fəxri, iftixarlı sənətşünası, yazıçı, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin milli-mənəvi dünyası, öncə də klassik musiqi yaradıcılığı, əsas etibarilə iki qüdrətli qanad üzərində köklənmişdir: biri "Arşın mal alan" operettası, digəri "Koroğlu" operasıdır. Hər ikisi də səhnə əsəri olaraq müəllifi ucalığa, alınmaz zirvəyə qaldırmışdır.
Aydın Qarabağlı,
yazıçı, jurnalist-tədqiqatçı
Üzeyir Hacıbəyovun qiymətli nəzəri əsərləri Azərbaycan musiqi elminin inkişafı tarixində yeganə və ölməz əsərlərdir. Bu əsərlərdə Üzeyir Hacıbəyov yüksək zəkalı bir alim kimi musiqi mədəniyyətimizin əsaslarını dərindən tədqiq edib, onun inkişaf yollarını göstərmiş, bununla həm indiki, həm gələcək nəslə misilsiz xidmət göstərmişdir. Ölməz bəstəkarımızın "Azərbaycan xalq musiqisinin əsasları" adlı əsəri bütün dünya musiqişünaslıq elminə böyük hədiyyə olub, xalq musiqisini öyrənmək işində parlaq səhifələr açır və şəkilcə milli, məzmunca sosialist Azərbaycan musiqi mədəniyyətinin inkişafı üçün geniş imkan yaradır.
Yusif Məmmədəliyev,
akademik
Üzeyir Hacıbəyovun əsərləri bu gün də məzmun genişliyini və dərinliyini forma yetkinliyi və bitkinliyi ilə birləşdirən əsl xalq sənəti nümunələri olmaqda davam edir. Onlar bizim sovet musiqi klassikamızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Hacıbəyov irsi ölkəmizin bütün xalqlarına məxsusdur. Onlar Üzeyir Hacıbəyovun adını - forma zənginliyi və müxtəlifliyi ilə tükənməz olan, lakin vahid zəmin üzərində yaranan çoxmillətli sovet musiqisinin banisinin adını böyük hörmət hissi ilə çəkirlər.
Georgi Keldiş,
rus musiqişünası
Üzeyir bəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. Mən həm notla tar çalmağı və həm də harmoniyanı Üzeyir bəyin sinfində öyrənirdim.
...O zamanlar Üzeyir bəy bizə sinifdə Azərbaycan muğamlarının "çox maraqlı" qanunauyğun quruluşlarından söhbət açır və özünün Azərbaycan muğamları üzərindəki yaradıcılıq müşahidələrindən danışıb, misallar göstərirdi. Bu "söhbətlər" get-gedə təkmilləşərək, indi hamımızın bildiyi "Azərbaycan xalq musiqisinin əsasları" adlı müstəqil bir musiqi fənninə çevrildi.
Azərbaycan bəstəkarları və musiqiçiləri musiqi mədəniyyətimizin hər sahəsində əldə etdikləri müvəffəqiyyətlərdə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun misilsiz əməyini hiss edir və onun əziz xatirəsini öz qəlblərində böyük hörmət və dərin məhəbbət hissi ilə yaşadırlar.
Səid Rüstəmov,
bəstəkar, dirijor, pedaqoq
Azərbaycanın ən yaxşı adamları kimi, Hacıbəyov da ədəbiyyat, musiqi və mətbuat vasitəsilə yeni fikirləri xalq arasında yaymağa çalışırdı. O, zəngin xalq dili və xalq yaradıcılığından, habelə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən istifadə edib, xalq məişətinin nöqsanlarını, hökm sürməkdə olan çürük əxlaqı, nadanlığı, ədalətsizliyi və sairəni kəskin felyeton silahı ilə tənqid edirdi.
Azərbaycan xalq maarifi tarixi, mətbuat tarixi və ən nəhayət dramaturgiya tarixi öyrənildikdə Üzeyir Hacıbəyovun adı hörmətlə yad edilməlidir. Onun bu sahələrdəki olduqca əhəmiyyətli fəaliyyətini unutmaq olmaz.
Heydər Hüseynov,
akademik
Üzeyir Hacıbəyov 1905-ci ildən sonra xüsusilə inkişaf edən demokratik fikirlərin fəal təbliğatçısı idi. O, başqa silahla və başqa vasitələrlə olsa da, böyük realist və demokrat Cəlil Məmmədquluzadənin və Sabirin yolu ilə gedir, onlar kimi Azərbaycan xalqının müqəddəratı ilə yaşayır, onun halına yanır, "öz elmini, biliyini, bütün istedad və qabiliyyətini xüdadadin millətinin tərəqqisi yoluna sərf edirdi".
Cəlil Məmmədquluzadə ilə Sabir Azərbaycan şer və nəsrini xəlqiləşdirməyə, ədəbiyyatı geniş əməkçi kütlələrinin şüuruna çatdırmağa müvəffəq oldularsa, Üzeyir Hacıbəyov musiqini xəlqiləşdirdi, onu geniş əməkçi xalq kütlələrinə çatdırmağa müvəffəq oldu.
Məmməd Arif,
akademik
Üzeyir Hacıbəyov Bəstəkarlar İttifaqının hər hansı, hətta rəsmi iclaslarını belə mehriban dost müzakirəsinə çevirə bilirdi və buna görə də səhvlər və nöqsanlar haqqında ən sərt sözlər belə heç kəsi yaralamırdı, əksinə yeni işlərə doğru istiqamətləndirirdi. Mən Üzeyir Hacıbəyov kimi ikinci bir adam tanımıram ki, onun qədər səmimi olub, ürəkdən başqalarının uğurlarına sevinə bilsin, onları yeni zirvələrin fəthinə ürəkdən ruhlandırsın. Onun qəribə bir məharəti vardı, heç kəsi unutmadan bütün bəstəkarların səylərini doğru yola yönəltməyi bacarırdı.
Soltan Hacibəyov,
bəstəkar, SSRİ xalq artisti
Bütün ömrüm boyu bu böyük musiqiçiyə qibtə etmişəm. Onun dahiyanə melodik vergisinə, folklora bələdliyinə, ecazkar harmoniya hissinə valehəm. Üzeyir Hacıbəyov musiqisində zəngin gizli harmonik ehtiyatlar olduğunu görməyən adamlar həmişə məni əsəbiləşdirir. Axı ən sadə bir Hacıbəyov melodiyası o qədər harmonik materiala malikdir ki, bu material bütöv bir simfoniyaya kifayət edər. Səbəb odur ki, biz Hacıbəyovu ancaq füsunkar bir melodist kimi qavramağa adət etmişik və onun harmonik məharətinə göz yumuruq. Mən Hacıbəyov yaradıcılığını dövrlərə bölmürəm. Onun bütün yaradıcılığı mənim üçün sonsuz bir musiqi çeşməsidir. Bu çeşməsiz Azərbaycan musiqi sənəti də olmazdı.
Vaqif Mustafazadə,
bəstəkar
