Azərbaycan SSR-in Himni
1945-ci ildə qəbul edilən Azərbaycan SSR-in Dövlət himninin müəllifi Üzeyir Hacıbəyov olmuşdur. Himnin sözlərini Səməd Vurğun və Süleyman Rüstəm yazmışdır. “Azərbaycan SSR Dövlət himni”nin notu “Kommunist” qəzetinin 23 sentyabr 1945-ci il tarixli sayının 1-ci səhifəsində çap olunmuşdur. 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən himnin mətnində Hüseyn Arif müəyyən dəyişiklik etmiş, Niyazi isə musiqi redaktəsi aparmışdır. 1978-ci il Konstitusiyanın 182-ci maddəsinə görə Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himninin Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməsi müəyyənləşdirilmişdir. Bu himn 1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra faktiki olaraq səslədirilməyib.
Ümumiyyətlə Hacıbəyli marşlarının əksər melodiyalarında sadəlik, yaddaqalanlıqla yanaşı, məzmun baxımından coşqun və mübarizlik ruhu özünü göstərməkdədir. Azərbaycan xalqını daim firavan, azad və məsud görmək istəyən Üzeyir Hacıbəyli yazdığı himlərilə öz xalqını azadlığa və müstəqilliyə səsləmişdir. Hər bir azərbaycanlı milli musiqimizi, incəsənət nümunəmizi duyarkən qürur hissi yaşayır. Dövlət Himnimiz milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısı, dövlətimizin varlığını, əzəmətini və gücünü təsdiqləyən müqəddəs bir sənəddir.
Azərbaycan — dünya görmüş bu şərəfli, şanlı diyar,
Vətən eşqi babalardan qalmış əziz bir yadigar,
Qanlı döyüş meydanında biz yaratdıq ağ günləri -
Nəsillərdən nəsillərə yurdumuzun şöhrəti var.
Qoy var olsun Azərbaycan, Odlar yurdu — Ana vətən
Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən…
Bayrağımız-sosializmin qardaş ellər dünyasıdır,
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən.
Ustadımız böyük Lenin — şanlı zəfər bayrağımız,
Rəhbərimiz Stalindir — bizim həyat növrağımız.
Gözəl Bakı! Qüdrətindən ilham alır Azərbaycan -
Azad elli, azad günlü doğma Sovet torpağımız.
Qoy var olsun Azərbaycan, Odlar yurdu — Ana vətən
Qoca şərqə günəş doğur yurdumuzun qüdrətindən…
Bizim torpaq insanlığın, bir səadət ocağıdır,
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən.
Qardaşımız rus xalqıdır azadlığın bayraqdarı,
Qanımızla suvarmışıq bu dostluğu, bu ilqarı,
Yer üzünün şöhrətidir şanlı Sovet torpağımız -
Bu torpaqda çiçək açdı insanlığın ilk baharı…
Qoy var olsun Azərbaycan, Odlar yurdu — Ana vətən
Qoca şərqə günəş doğur yurdumuzun qüdrətindən…
Alqış bizim azad zəhmət, azad vicdan dünyasına!
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən
