Ev muzeyləri
Bakıdakı ev muzeyi
1975-ci ildə Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılmışdır. Muzey Ak. Şamil Əzizbəyov 67/69 ünvanında yerləşən 1915-1942-ci illər ərzində bəstəkarın yaşadığı evdə təşkil olunmuşdur. 1975-ci il noyabr ayının 20-də Ulu öndər Heydər Əliyev muzeyin təntənəli açılışında çıxış etmişdi.
Muzeydə bəstəkarın zəngin həyat və yaradıcılığını əks etdirən materiallar, şəkillər, afişalar, şəxsi əşyalar, əlyazmalar və qədim kitablar qorunur. Burada həmçinin Azərbaycanın görkəmli rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət nümunələr, xalçalar, milli musiqi alətləri və müxtəlif qiymətli hədiyyələr nümayiş olunur.
Şuşadakı ev muzeyi
Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də dünyasını dəyişdikdən sonra Azərbaycan SSRİ Nazirlər Soveti onun adının əbədiləşdirilməsi haqqında 1949-cu il fevralın 16-ı tarixində qərar qəbul edir. Qərarın 4-cü bəndində deyilirdi: "Azərbaycan SSRİ Mədəniyyət Nazirliyi yanında İncəsənət işləri şöbəsinə tapşırılsın ki, Bakı şəhəri, Ketsxoveli küçəsi ev 67 ünvanında və Şuşa şəhərində Üzeyir Hacıbəyovun ev-muzeyi yaradılsın."
Bəstəkarın anadan olub böyüdüyü bu ev XVIII əsrin memarlıq abidəsidir. Bu evdə 1959-cu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət Nazirliyinin və Musiqi Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyovun ev-muzeyi fəaliyyətə başlayıb.
Muzeyin ekspozisiyasında Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu. 1978-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyi təmir edilib və həyətində bulaq komleksi istifadəyə verilib. Muzey 1983-cü ilədək iki, sonradan isə altı nəfərlik ştat vahidi ilə – direktor, fond müdiri, elmi işçi, bərpaçı rəssam, nəzarətçi, gözətçi ilə fəaliyyət göstərib. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəylinin Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdir. Muzey 1992-ci ilə kimi, Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalına kimi fəaliyyət göstərib. 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdur. Daha sonra Şuşa şəhərindəki muzey öz fəaliyyətini Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində davam etdirmişdir.
2024-cü ildə sentyabrın 19-da bəstəkarın Şuşadakı ev-muzeyi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra yenidən açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib. Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə edir. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası və yenidən qurulması işləri görülüb. Həyətin daş divarının bərpası üzrə bünövrənin qazılıb betonlanması, tarixi görkəminə uyğun hörgüsü və dekorativ elementlərin qoyulması işləri həyata keçirilib.
