Üzeyir Hacıbəyli

Abidələr

Musiqi akademiyasının qarşısındakı abidə
Musiqi akademiyasının qarşısındakı abidə

1960-cı ildə Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) qarşısında heykəl ucaldılmışdır. Tokay Məmmədovun yaratdığı heykəlin hündürlüyü 2,9 metrdir və tuncdan tökülüb.

Fəxri Xiyabandakı abidə
Fəxri Xiyabandakı abidə

1956-cı ildə bəstəkarın məzarında tunc və qranitdən xatirə abidəsi ucaldılmışdır. Abidənin müəllifi heykəltaraş Ömər Eldarovdur. Heykəl 3,1 metr hündürlükdə olan qranit pyedestalda qoyulmuşdur.

Şuşadakı abidə (1985)
Şuşadakı abidə (1985)

1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı  erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib.

Şuşadakı abidə (2021)
Şuşadakı abidə (2021)

2021-ci ildə Avqustun 29-da Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Üzeyir Hacıbəylinin yeni heykəli ucaldılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Bəstəkarın abidəsi heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

Şuşadakı büst
Şuşadakı büst

1984-cü ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Xalq rəssamı Xanlar Əhmədov və Əməkdar rəssam Namiq Dadaşov tərəfindən  Üzeyir Hacıbəylinin tuncdan büstü hazırlanmışdır. 1992-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı  bəstəkarın büstü erməni vandalizminə məruz qalaraq ciddi şəkildə zədələnmiş və sonradan metal kimi xarici ölkəyə satılmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ildə Üzeyir Hacıbəylinin büstü geri alınaraq Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş etdirmək üçün Bakıya gətirilmişdir. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Üzeyir Hacıbəylinin büstü bərpa edilərək Şuşaya qaytarılmışdır.

Avstriyadaki büst
Avstriyadaki büst

2006-cı ildə mayın 30-da Avstriyanın paytaxtı Vyana şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstü açılmışdır. Vyananın Duay parkında ucaldılmış abidənin müəllifi tanınmış heykəltəraş Ömər Eldarovdur. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə bir il ərzində hazırlanmış abidənin hündürlüyü 2,5 metrdir.

Serbiyadakı büst
Serbiyadakı büst

2011-ci ildə Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstü açılmışdır. Bəstəkarın Abidəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ucaldılıb.