Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq salnaməsi
- 1885, 5(18) sentyabr - Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində Üzeyir Hacıbəyli anadan olmuşdur.
- 1897 - Şuşada Ə.Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə M. Füzulinin “Leyli və Məcnun” poeması əsasında göstərilmiş “Məcnun Leylinin məzarı üstündə” adlı musiqili səhnəcikdə Üzeyir Hacıbəyli Xor dəstəsində iştirak etmişdir.
- 1899 - Üzeyir Hacıbəyli Şuşada Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbini bitirmişdir.
- 1899, avqust - Üzeyir Hacıbəyli Qori müəllimlər seminariyasına qəbul olunmuşdur.
- 1904, İyun - Üzeyir Hacıbəyli Qori müəllimlər seminariyasını bitirib, ibtidai məktəb müəllimi diplomu almışdır.
- 1904-1905 - Üzeyir Hacıbəyli Hadrut kənd məktəbində müəllim işləmiş, burada rus dili, hesab, tarix və musiqidən dərs demişdir.
- 1905 - Üzeyir Hacıbəyli Bakı şəhərinə köçmüşdür. Ədəbi-publisistik fəaliyyətə başlayaraq “Həyat” qəzetində tərcüməçi işləmişdir.
- 1905, 17 dekabr - Həmin gündən nəşr edilməyə başlayan “İrşad” qəzetinin əməkdaşı olmuşdur.
- 1905-1907 - Bakı şəhəri yaxınlığındakı Bibiheybət kənd məktəbində ana dili, rus dili, riyaziyyat, coğrafiya və musiqi müəllimi olmuşdur.
- 1907 - “Leyli və Məcnun” operası üzərində işə başlamışdır. Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti” Orucov qardaşlarının mətbəəsində çapdan çıxmışdır. “Hesab məsələləri” kitabını yazmışdır.
- 1908, 12 yanvar - Professional Azərbaycan Musiqisinin əsasını qoymuş “Leyli və Məcnun” operasının ilk tamaşası olmuşdur. Üzeyir bəy “İrşad” qəzeti redaksiyasında jurnalistik fəaliyyətini davam etdirmişdir. Üzeyir Hacıbəyli “Səadət” müsəlman xeyriyyə cəmiyyətinin açdığı eyni adlı məktəbdə rus dili, hesab və təbiyyat fənlərindən dərs demişdir.
- 1908, 3 iyul - Üzeyir Hacıbəyli “Tərəqqi” qəzeti ilə əməkdaşlıq etmişdir. 1909-cu il iyunun 28-də Əhməd bəy Ağaoğlu xaricə getdikdən sonra həmin ilin oktyabrınadək (qəzet çar höküməti tərəfindən bağlananadək) Üzeyir Hacıbəyli Qəzetin redaktoru olmuşdur.
- 1909, 30 noyabr - Bakıda “Şeyx Sənan” operasının ilk tamaşası olmuşdur.
- 1909, 20 dekabr - Üzeyir Hacıbəyli Məleykə xanım Terequlova ilə evlənmişdir.
- 1909, 25 dekabr - Üzeyir Hacıbəyli Bakıda çıxan “Həqiqət” qəzetinin naşiri və baş redaktoru olmuş, 121 sayınadək qəzetə rəhbərlik etmişdir.
- 1910, 24 may - Bakıda “Ər və Arvad” musiqili komediyasının ilk tamaşası olmuşdur.
- 1910, 30 may - “Həqiqət” qəzetinin redaktoru vəzifəsindən imtina etmişdir.
- 1910, 12 noyabr - Bakıda “Rüstəm və Söhrab” operasının ilk tamaşası olmuşdur.
- 1911, 25 aprel - Bakıda “O olmasın, bu olsun” musiqili komediyasının ilk tamaşası olmuşdur.
- 1912, 10 mart - Bakıda “Şah Abbas və Xurşidbanu” operasının ilk tamaşası olmuşdur.
- 1912, 18 may - Bakıda “Əsli və Kərəm” operasının ilk tamaşası olmuşdur.
- 1912, sentyabr - Üzeyir Hacıbəyli musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunmuşdur.
- 1913 - Maddi ehtiyac üzündən Üzeyir Hacıbəyli Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır.
- 1913, avqust - Üzeyir Hacıbəyli Peterburq şəhərinə gedərək, Peterburq konservatoriyasına daxil olmağa hazırlaşmışdır. Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyası üzərində işləmişdir.
- 1913, 25 oktyabr - Bakıda “Arşın mal alan” musiqili komediyasının ilk tamaşası olmuşdur.
- 1914, 4 yanvar - Üzeyir Hacıbəyli Peterburq konservatoriyasına qəbul olunmuşdur.
- 1914, iyun - Üzeyir Hacıbəyli təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır. “Harun və Leyla” operası üzərində işləmişdir.
- 1915 - “Harun və Leyla” operasının librettosu nəşr olunmuşdur.
- 1915, 18 sentyabr - Üzeyir Hacıbəyli “Yeni iqbal” qəzetinin redaktoru vəzifəsində işə başlamışdır.
- 1915, 11 oktyabr - Üzeyir Hacıbəyli “Yeni iqbal” qəzetinin sahibi və baş redaktorudur.
- 1916, 19 fevral - Üzeyir Hacıbəyli “Yeni iqbal” qəzetindən uzaqlaşmışdır.
- 1918, iyun-sentyabr - Üzeyir Hacıbəyli Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərinə rəhbərlik etmişdir.
- 1918, oktyabr - Üzeyir Hacıbəyli Bakıda “Azərbaycan” qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır.
- 1919, 16 yanvar - Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş və 1920-ci il aprelin 28-dək bu vəzifədə fəaliyyət göstərmişdir.
- 1920 - Üzeyir Hacıbəyli musiqi akademiyası və xalq konservatoriyası açmağın və keçmiş musiqi məktəblərinin binalarını onlara verməyin zəruriliyi haqqında xalq maarif komissarına məruzə təqdim etmişdir. Qadınlar klubu (sonralar Ə.Bayramov ad. klub) nəzdində xalq çalğı alətləri orkestrini təşkil etmişdir.
- 1920, 20 oktyabr - ADK-da Şərq musiqisi şöbəsi təşkil etmək haqqında Xalq Maarif Komissarlığına məruzə təqdim etmişdir.
- 1921 - Xalq Maarif Komissarlığı incəsənət şöbəsində musiqi bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
- 1921, 25 may - ADK-nı yenidən qurmaq barədə xalq maarif komissarına məruzə təqdim etmişdir. Həmin məruzə ADK-nın yaradılması üçün proqram kimi təsdiq edilmişdir.
- 1921, 12 dekabr - ADK-da zərb alətləri sinfi açmağın zəruriliyi haqqında təşəbbüs qaldırmışdır.
- 1922-1924 - Üzeyir Hacıbəyli özünün təşəbbüsü ilə təsis olunmuş Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə rəhbərlik etmişdir. Azərbaycan Dövlət Dram Teatrının repertuar komissiyasına cəlb olunmuşdur.
- 1925 - Üzeyir Hacıbəyli Bakı Zəhmətkeş Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Üzeyir Hacıbəylinin rəhbərliyi altında Azərbaycan Dövlət Türk Musiqi Texnikumu tələbələrinin gücü ilə “Arşın mal alan” musiqili komediyası tamaşaya qoyulmuşdur.
- 1926 - Azərbaycan Dövlət Türk Musiqi Texnikumu ADK ilə birləşdirilmişdir.Üzeyir Hacıbəyli konservatoriyanın prorektoru təyin olunmuşdur.Üzeyir Hacıbəyli konservatoriya nəzdində çoxsəsli tələbə xorunun təşkilinə təşəbbüs göstərmişdir.
- 1927 - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin ümumi redaktorluğu ilə “Azərbaycan türk el nəğmələri” məcmuəsi nəşr olunmuşdur. Məcmuənin tərtibçiləri Ü.Hacıbəyov, M.Maqomayev və Z.Hacıbəyov idi.
- 1928, 6 may - Üzeyir Hacıbəyli Azərbaycan aşıqlarının birinci qurultayında “Aşıq sənəti” mövzusunda məruzə etmişdir. Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyanın rektoru vəzifəsinə təyin olunmuş və 1929 ilədək bu vəzifədə çalışmışdır.
- 1930-1938 - ADK-da Azərbaycan Xalq musiqisi şöbəsinin müəllimi və müdiri olmuşdur.
- 1931 - Üzeyir Hacıbəyli birinci notlu Azərbaycan Xalq çalğı alətləri orkestrini təşkil etmişdir.
- 1932-1936 - Üzeyir Hacıbəyli “Koroğlu” operası üzərində işləmişdir.
- 1934 - Üzeyir Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilmişdir. ADK-da “Ali məktəbdə tar və kamançanın perspektivləri” mövzusunda məruzə etmişdir.
- 1935 - Üzeyir Hacıbəyli “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
- 1936 - Üzeyir Hacıbəyli Azərbaycan Dövlət xorunu təşkil etmişdir.
- 1937, 15 fevra l- Üzeyir Hacıbəyli Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri seçilmişdir.
- 1937, 30 aprel - Bakıda “Koroğlu” operasının ilk tamaşası qoyulmuşdur. Üzeyir Hacıbəyli “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülmüşdür.
- 1937, dekabr - Üzeyir Hacıbəyli birinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.
- 1938 - Üzeyir Hacıbəyli Moskvada Azərbaycan incəsənəti ongünlüyündə iştirak etmişdir. Üzeyir Hacıbəyli “SSRİ xalq artisti” fəxri adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur.
- 1939 - Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin edilmişdir. SSRİ Bəstəkarlar İttifaqının birinci qurultayının təşkilat komitəsinin üzvü seçilmişdir.
- 1940 - P.İ.Çaykovski adına Moskva konservatoriyasında “Azərbaycan xalq musiqisinin əsasları” mövzusunda məruzə etmişdir. Üzeyir Hacıbəyli professor adı almışdır.
- 1941 - Üzeyir Hacıbəyli “Koroğlu” operasına görə Stalin mükafatına layiq görülmüşdür. Üzeyir Hacıbəyli ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.
- 1941, iyun - Üzeyir Hacıbəyli orduya bədii xidmət sahəsində respublikada hamilik işlərinin rəhbəri təyin olunmuşdur.
- 1942 - Muğam və xalq mahnılarının ifası məsələsinə dair müşavirədə çıxış etmişdir.
- 1943 - “Koroğlu” operası AOBT-nda rus dilində tamaşaya qoyulmuşdur.
- 1944 - SSRİ EA-nın Azərbaycan Filialının incəsənət bölməsinin rəhbəri təyin olunmuşdur. Gənc ifaçıların respublika Müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
- 1944, dekabr - Üzeyir Hacıbəyli Tbilisi şəhərində keçirilmiş Zaqafqaziya respublikaları musiqi ongünlüyünün təşkilatçılarından biri, Azərbaycan nümayəndə heyətinin bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Simfoniya Orkestrinə Üzeyir Hacıbəylinin adı verilmişdir.
- 1945 - Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası nəşr olunmuşdur. Üzeyir Hacıbəyli Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Üzeyir Hacıbəyli “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
- 1945, sentyabr - Üzeyir Hacıbəylinin anadan olmasının 60 illik yubileyi keçirilmişdir. Üzeyir Hacıbəyli Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru təyin olunmuşdur.
- 1945, dekabr - Musiqi ifaçılarının Ümumittifaq müsabiqəsinin münsiflər heyətinin üzvü seçilmişdir.
- 1946 - Üzeyir Hacıbəyli “Arşın mal alan” kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülmüşdür.
- 1948, 23 noyabr - Üzeyir Hacıbəyli vəfat etmişdir.