Bir qədər qəzetçilik dərsi
Müəllim. Qəzetə hər bir şey yazmaq olarmı?
Şagirdlər. Xeyr, olmaz!
Müəllim. Necə olmaz? Bəs qəzetin başında "Hürriyyət" yazılıbdır?
Şagirdlər. Doğrudur, hürriyyət yazılıbdır, amma hürriyyət ondan ötrü yazılmayıbdır ki, hər kəsin ağlına nə gəlsə, götürüb qəzetə vurdursun.
Müəllim. Çünki o halda qəzet nə olar?
Şagirdlər. O halda qəzet zibil səbəti olar.
Müəllim. Çox yaxşı, bəs o surətdə kim kimdən inciməlidir: qəzetin müdirimi yazı yazıb da yazdığı çap olunmayandan, yoxsa yazı yazıb da yazdığı çap olunmayan qəzetin müdirindən?
Şagirdlər. Qəzetin müdiri yazı yazıb da yazdığı çap olunmayandan inciməlidir.
Müəllim. Nə üçün?
Şagirdlər. Çünki yazı yazıb da yazdığı çap olunmayan müdirin qəzetini zibil səbətinə döndərmək istəyirmiş.
(Bəzi yazı yazıb da yazdıqları çap olunmayan şəxslərdən təvəqqe olunur ki, bu sözlərdən hələ tez inciməyib, dərsin dalına qulaq assınlar).
Müəllim. Bəs qəzetə nə tövr məqalə yazmalıdır ki, çap olunsun?
Şagirdlər. Əvvələn, qəzetin məsləkinə müvafiq olsun.
Müəllim. Məsələn, nə tövr?
Şagirdlər. Məsələn, qəzetin məsləki budur ki, tərəqqiyə mane olan şeylər rəf edilsin. Ona görə, əgər birisi durub yaza ki, dəmir yolu şeytan əməlidir və gödək paltar geymək haramdır, o surətdə onun məqaləsi çap olunmayıb, zibil səbətinə düşər.
Müəllim. Və saniyən?
Şagirdlər. Və saniyən, mətbuat qanunlarına müğayir olmasın.
Müəllim. Nə tövr?
Şagirdlər. Mirzə, onu müdir özü canının qorxusundan yaxşı bilir.
Müəllim. Və salisən?
Şagirdlər. Və salisən, qərəzi-şəxsi ilə yazılmasın.
Müəllim. Nə tövr?
Şagirdlər. Məsələn, Əli Vəli ilə qumar oynaya, Vəli də Əlinin pulunu uda. O surətdə Əli götürüb qəzetə belə bir şey yaza: "Ay, cəhalət bizi basdı, qəflət yuxusu axırımıza çıxdı. Biz nə vaxtadək öz hüququmuzu anlamayıb, onun-bunun əlində müztər qalacayıq? Bir insaf edin, özgə millətlərin cavanları elm və ədəb dalına düşüb, millətə xidmət etmək yolunda can qurban edirlər, amma bizim cavanlarımız, əzoncümlə, məsələn, cənab Vəli bəy, gündüz axşama kimi klublarda leylaclıq edib, qumar oynayır və xalqın pulunu udur. Müdiri-möhtərəm, təvəqqə edirəm ki, adımı yazmayıb, imzamı "Canıyanan" qoyasınız.
Bu cürə kağızların da yeri zibil səbətidir.
Müəllim. Xub. Və rəbiən?
Şagirdlər. Və rəbiən, şəxsi işlər yazılmasın.
Müəllim. Nə tövr?
Şagirdlər. Məsələn, biri belə yaza: "Müdiri-möhtərəm, çox təvəqqə edirəm ki, mənim bu kağızımı çap edəsən. İsrağa gün mən çəkmə almaqlıq qəsdilə Məşədi filanın dükanına getdim. Məşədi filan
məndən 12 manat nəqd pul alıb, bir cüt çəkmə verdi. Çəkməni geyib bir gün gəzəndən sonra gördüm çox dardır və ayağımı bərk sıxır. Əhvalatı Məşədi filana nağıl etdim. Dedi: Mən nə qayırım? Dedim: çəkməni geri al və ayrısını ver. Dedi: olmaz xarablamısan! Nə qədər elədim olmadı. İndi bu əhvalatı cəmi müsəlman qardaşlarıma bildirib sual edirəm ki, aya rəvadırmı ki, həm pulum getsin, həm də çəkmə ayağımı çolaq eləsin!"
Bu da səbət malıdır.
Müəllim. Xub və xamisən?
Şagirdlər. Və xamisən, biməna şeylər yazılmasın.
Müəllim. Nə tövr?
Şagirdlər. Məsələn, bu gün tək və tənha əyləşib öz-özümə fikir edirdim. Müsəlman millətinin xar və zəlil olmağı barəsində. Hansı ki, ayrı millətlər hamısı qabağa gedib, amma biz bədbəxtlər geriyə qalıb, hansı ki, gərək biz hamı millətlərdən qabaqda olub, yüzlərcə məktəblərimiz olub, uşaqlarımız dərs oxuya idi. Hansı ki, indi küçələrdə əlməndə oynayırlar. Müdiri-möhtərəm, təvəqqə olunur ki, çox tez qəzetinizdə çap eləyib, adımı da "Halah" qoyasınız.
Müəllim. Müdiri-möhtərəm bu məqaləni tezmi çap edər?
Şagirdlər. Xeyr. Müdiri-möhtərəm bu məqaləni cırıq-cırıq edib, öz-özünə deyər: bunun əvəzinə bir əhvalat yazılsaydı, yenə bir şey olardı.
Müəllim. Və sadisən?
Şagirdlər. Və sadisən, fitnə və fəsad qovzayan olmasın.
Müəllim. Nə tövr?
Şagirdlər. Daha onu burada yazmaq lazım deyil. Çünki məqalə yazan özü bilir ki, fitnə qəsdi ilə yazıbdır.
Müəllim. Çox gözəl, dərsinizi yaxşı bilirsiniz. Əgər müsəlman yazıçıları da bu dərsliyi əzbərləsəydilər, nə olardı?
Şagirdlər. Özlərinin və müdirin vaxtını zay etməzdilər. 7 qəpiklik markanı, iki qəpiklik mürəkkəbi və bir qəpiklik qələmi kor qoymazdılar və zibil səbətini ağzınadək doldurub xidmətçinin də əziyyətinə səbəb olmazdılar.
İdarədən. Ay olaydı, ha!
Hacıbəyli, Üzeyir. Azərbaycan mətbuat tarixi antologiyası.- Bakı, 2010.- I cild.- S. 357-359.
