Üzeyir Hacıbəyli

Qaranlıqlaşır

Bəli, qaranlıqlaşır. Rusiyanın bu yaxın gələcəyi müşahidə ediləcək dərəcə qaranlıqlaşır və onunla belə həqiqi bir nuraniyyətə çıxmaq ümidi yavaş-yavaş azalır. Yağa möhtac olan çıraq, adi su ilə nurəfşan olmayan kimi, Rusiya məmləkəti dəxi bu ikinci duma vasitasilə nuri- hüzur və asayiş kəsb edəməyir.
Qabaqda böyük bir hərc-mərc zülməti pişəzvəqt hiss olunmaqdadir.
Demək olar ki, "Russkie vedomosti" qəzetəsinin müdiri olan məşhur ədib Yullusun bu günlərdə vüqu bulan qətli gələcək zülmətxanəyə düxul üçün bir qapı mənziləsində olacaqdır.
Vaqiən, nümayəndələri və pişrovləri Dövlət dumasının sağ tərəf üzvlərindən Korşivan və Pruşkeviç olan "əsil rus adamlarının" Rusiyada sakin sair millətlər ilə bərabər, rus hökumətinin ziddinə gedən rus camaatına bilümum və yəhudi tayfasına qarşı bilxüsus, göstərməkdə olduqları hiddət və nifrət indi ən açıq və ələni bir surətdə izhar olunmaqdadır. Föhş və söyüş hesab olunduğuna görə, mətbuat səhifələrinə keçməsi nalayiq olan "jid" - yəni cuhud kəlməsi əsil rus qəzetələrinin səhifələrində dolu olub, hər yerdə açıq və nifrətlə yad olunur.
"Əsil rus" pişrovlərinin əvam və cahil və bununla belə, özgə malına son mərtəbə həris olan peyrovləri yəhudilər xüsusunda olan bu həqarətamiz məzəmmət və təhmətləri eşidir, onlara qarşı nifrətlərini daha artırır və onları tələf etmək fikri-divanələrini bir tez zamanda felə gətirməyə hirslərini daha bir qat yuxarı qalxızırlar.
Yəhudi nəslindən olan Yullus kimi millət mücahidlərinin qətli, onları cüzi qədər də məhcub etməyib, bəlkə qəlblərində olan yırtıcılıq hissini daha artıq oyadır.
Həmən "əsil rus"lar partiyasının mürəvvii-əfkarı olan "Russkoe znamya" qəzetəsinin yuxarısında bu günlərdə səbt edilmiş olan qara xaç nişanı və müdirinin buna dair verdikləri kinayəli cavablar, hər kəsi bu zənnə vadar edir ki, bu nişan qırğın və qətal əlamətidir.
Hökumət isə, görünür özünə söz veribdir ki, var qüvvətilə dumaya müqavimət edib, onu ya özünə, öz əməllərinə alət etsin, ya ki işi o yerə çatdırsın ki, qovub, dağıtmağa bir bəhanə yeri qalsın...
Lakin biz əvvəldə də demişik ki, hökumət dumanı qovmaqda heç bir şey ummaz, ancaq bilaxərə vüqu bulacaq bir hadiseyi-əzimənin yovmi-vüquini təxir və təviqə salar. Qoy indi Rusiyanın əhvalı qaranlıqlaşsın. Axırda böyük bir işığa münqəlib olacağı şübhəsizdir.

                                                                                                                                            Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 300-301.