Eyni müamilə gözləyirik
Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə göstərməkdə olduğları inad artıq həyasızlıq dərəcəsinə varmışdır.
İngilis baş komandanı Bakı nümayəndəsi Şatluvert cənabları Qarabağ ermənilərini Azərbaycan hökumətinə itaətə dəvət etmək üçün rəsmi surətdə Bakıdan Qarabağın müqərrər hökuməti olan Şuşa şəhərinə getdi, erməniləri əhvaldan xəbərdar edib, Qarabağda yalnız Azərbaycan hökuməti icrai-hökm və ifayi-vəzifə edə biləcəgini onlara bildirdi, ingilislərin də yalnız bu nöqteyi-nəzəri iltizam etdiklərini elan ilə Qarabağ ermənilərini itaətə dəvət etdi. Buna cavab olaraq Qarabağ erməniləri bir "isiyezd" yığıb məsələni "müzakirə" etdilər və təkrar bu qərara gəldilər ki, Azərbaycan hökumətinə tabe olmasınlar!
Şatluvert cənabları ermənilərin bu qərarına rəğmən Qarabağın məhz Azərbaycan hökuməti təhti-idarəsində olduğunu elan ilə bu hökumətə tabe olmağı ümüməhaliyə tənbih etdi.
Deməli, bundan sonra hər kəs ki, Qarabağda Azərbaycan hökumətinə qulaq asmadı, asi və xain cümləsindən ədd edilib layiqi olan cəzalara düçar edilməlidir.
Lakin Qarabağ erməniləri boylə cəza və tənbihlərdən qorxmiyorlar, çünki öz dedikləri kimi "Yevropaya ümidvardırlar", ümidvar olmaqlarının əsasi dəxi budur ki, müharibə əsnasında müttəfiqlərə "kömək durub" düşmən qabağında "duş gərib qılıc vurubdurlar", bunun əvəzində müttəfiqlərdən "ənam" gözliyorlar!.. Məsələnin bu gün bizi maraqlandıran cəhəti budur: madam ki Qarabağ erməniləri ingilis baş komandasının dəxi əmrindən çıxırlar və öz haqsızlıqlarında inadlıq edib dururlar, o surətdə ingilis baş komandanlığı öz nüfuz və heysiyyatını itirməmək üçün nə kibi müamilələrə təvəssül edəcəkdir?
Kiriyub duracaqdırmı?
Əlbəttə, əgər ingilislər bu cürə işlərə əvvəldən qatışmasaydılar və məsələnin həllinə bizim özümüzə vagüzar etmiş olsa idilər, biz bu işi bir növ ilə bitirib, ya sazişlə və ya cəbrən həqqımızı yeritməgə qadir olardıq. Məsələ, ingilislər, gürcü və Axısxa məsələsinə qatışmadıqları kimi, Azərbaycan və Qarabağ məsələsində də bitərəf qalsa idilər, biz özümüz bu məsələni çoxdan həll etmiş olardıq. Əmma madam ki
ingilislər Qarabağ məsələsinə qatışdılar, özləri də həqqın tərəfdarıdırlar, o halda gözlədigimiz odur ki, erməni inadını sındırmaq və erməniləri boş xəyalatdan əl çəkdirmək işini yarımçıq və natəmam qoymayub, axıradək aparsınlar. İngilis baş komandası bu əmri axıradək yetirməgə üç cəhətcə borcludur:
Əvvəla, iş natəmam qalırsa, ermənilərin haqsızlığı müsəlmanlara xoş gəlmiyub arada vuruşma və toqquşmalar əmələ gələ bilər ki, bunun məsuliyyəti ingilislər üzərinə düşür.
Və saniyən, ingilislər bir dəstə Qarabağ ermənilərini itaətə məcbur edə bilməsələr, öz nüfuz və heysiyyətlərini Qafqaz millətləri arasında itirə bilərlər.
Və salisən, madam ki ingilislər Qarsı və həvalisini erməni hökumətinə təslim etmək üçün oranın islam "şurasını" dağıtdı, əzalarını həbs etdi və bir neçələrini öldürdülər, o halda Qarabağ ermənilərini də itaətə məcbur üçün insaf və ədalət naminə eyni müamiləyi işlətməgə mənən məcburdurlar. Vəilla türk qövmünə qarşı böyük bir haqsızlığda bulunmuş olarlar.
Qarabağda bu "hartu-vurtu" salan və bu hərəkətləri çıxaran bütün Qarabağ erməniləri olmiyub bəlkə bir dəstə daşnak güruhudur. Qarabağın kənd erməniləri yaxşı bilirlər ki. Azərbaycan hökumətinə tabe olmasalar, müsəlmanlar ilə əlaqələrini kəsməgə məcbur olub, acından ölərlər. Ona görə biz əminik ki, bədbəxt erməni kəndləri bu gün bir dəstə daşnakların xəyanət və şeytanəti qurbanıdırlar, bu güruhi-layəfəlhun erməni millətinin gözünü o qədər qorxudubdur ki, bir bu qədər haqsızlıq və zülmlərə qarşı ağız açıb söz deməgə cürətləri yoxdur. Əgər bu xainlər güruhu Qarabağdan tərd və təbid edilirsə və onların yuvaları dağılırsa, Qarabağ erməniləri asudə nəfəs çəkib həm acından ölməzlər, həm də öz həmişəki qonşuları ilə mehriban dolanıb, Azərbaycan hökumətinin ədaləti altında və sayeyi-mərhəmət qayəsində kəmali-asudəgi ilə imrari-məişət edərlər.
İştə bizim və ümumqafqaz türklərinin ingilislərdən gözlədigi budur ki, Qarabağ erməni üsyançılarına qarşı şiddətli tədbirlər ibraz etməklə həm ədalət göstərsinlər, həm də öz şan və heysiyyatlarını artırsunlar və bununla Qarabağ erməni məsələsi bir kərəlik həll edilib qurtarsın.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 158-159.
