Ordan-burdan: ["Molla Nəsrəddin"]
Dövlət dumasını bağladılar...
"Molla Nəsrəddin" jurnalını da bağladılar...
Dövlət dumasını bağlayan hökumət oldu...
"Molla Nəsrəddin"i də bağlayan hökumət oldu...
Ancaq təfavüt burasındadır ki, Dövlət dumasını bağladılar, padşah əmri ilə, amma, "Molla Nəsrəddin" jurnalını - donos ilə...
Bəli, alimi-məşhur olan qədim Molla Nəsrəddini dəxi müstəbid və müstəbidlər xadimləri haqq və haqqaniyyəti üstündə sevməyib, o qədər incitdilər ki, yazıq axırda özünü dəliliyə vurdu...
"Molla Nəsrəddin"in bir o qədər "siyasi töhməti" yox idi ki, hökumət əhlinin xatirinə dəyə və onu da "müzürr məsləkinə görə" bağlaya idi. Xeyr! "Molla Nəsrəddin"in rus hökuməti ilə bir o qədər işi yox idi. Bəlkə onun işi "bizim öz hökumətimiz ilə idi". Yəni "Molla Nəsrəddin" haqq söz danışırdı.
Və haqq və həqiqət acı olduğuna görə biz həmişə "şirni" yeməyə öyrənmiş "hökumətimiz"in xoşuna gəlmədi və gəlməyən surətdə "hökumət" hökumətə donos verib, haqq və həqiqət ağzını yumdurdu...
Lakin yumdura bildimi?
Bu özgə məsələdir. Bunu, get cəmaatdan xəbər al, desin!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 351.
