Ordan-burdan
Müsəlmanlarda bir məsəl var, deyirlər ki: "Ağac bar gətirdikcə başını aşağı dutar". Amma, bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların "ağacları" bar gətirdikcə başlarını yuxarı dutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı duturlar ki, qapaz vurana "rahət" olsun.
* * *
Yenə müsəlmanlarda bir məsəl var ki: "Yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər", amma bainhəmə müsəlmanlarda bir qayda da vardır, yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.
* * *
Yenə müsəlmanlarda bir məsəl var ki: "Əl əli yuyar, əl də üzü", amma bainhəmə müsəlmanlarda bir qayda vardır. Əl əli sındırar, əl üzün, gözün tökər.
* * *
Yenə müsəlmanlarda bir məsəl var ki: "Əyri otur, düz danış", amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, həmişə düz və diz üstə oturub, əyri-müyri sözlər danışırlar.
* * *
Yenə müsəlmanlarda bir məsəl var ki...
Müsəlmanlarda məsəl çoxdur, amma, nə eləmək, əməl azdır və bir yerdə ki, məsəl çox ola və əməl az ola, o yerin işi... sözün doğrusu, çox uzundur.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 294.
