Biz hamımız Qafqazlı balalarıyıq
Daha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edək.
Biz hamımız qafqazlı balalarıyıq, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissəyab olaq.
Biz hamımız Qafqaz balalarıyıq! Qafqaz haqqında qəlbimizdə bəslədiyimiz məhəbbət təbiidir ki, gərək, bizi, bir- birimizə mərbut etsin. Qərəz və tərəfgirlikdən mütəvəllid büğz və ədavət kimi dəni hisslərdən özümüzü təmizləyək. Bəsirət gözü ilə halımıza bir nəzər ataq! Hamımız Qafqaz balalarıyıq, zərurət və ehtiyacımız birdir. İstiqbalımızın rifah və səadətini təmin edəcək qüvvə hamımızın himmət və qeyrətinə bağlıdır. Yalqız əldən səs çıxmaz. Biri- miz müsibət qaranlığına giriftar olduqda, digərimiz onun təxlisinə canü dildən məsai sərf etməlidir. Birimizə bəxtiyarlıq işığı üz çevirsə, digərimizi də ondan hissəyab etməliyik. Birimizə bədbəxtlik ariz olsa, digərimiz xoşbəxt ola bilməz. Biz bunu özümüzə yəqin etməliyik. Bu nöqteyi-nəzərdən səadətə nail olmağa çalışanımız digərimizin də səadətinə qeyrət etməlidir.
Biz hamımız Qafqaz balalarıyıq. Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatımız ittifaqdadır. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək!
Biz hamımız Qafqaz balalarıyıq. Həmrəylik, həmfikirlik, həmməsləklik, həmkarlıq-bunlar hamısı bizim vəzifeyi-müqəddəsələrimizdən ədd olunsun gərək. Əks surətdə heç bir işimiz düz gətirməz. Taleyimiz nifaq və ədavət üçün bizi bir-birimizə uğratmayıbdır. Biz bunu isbat etməliyik.
Biz hamımız Qafqaz balalarıyıq. Mədəniyyət və mərifətlimiz cəhalətdə qalanımıza, qüvvətlimiz zəifimizə, sərvətlimiz tavanasızlarımıza arxa olmalıdır. Bu əsas üzrə dolanmalıyıq ki, əğyardan yetişən zərbələr də bizim üzərimizdə əsərpəzir olmasın.
Biz Qafqaz balalarıyıq. Bundan belə, bizim səyimiz, cidd-cəhdimiz yek-digərimizə müavinət və riayət etməyə münhəsir olsun gərək. Birimiz digərimizin hansı bir suyi-rəftar və münasibətsizliyindən şakidirsə, bu ikinci əvvəlincinin şikayəti bica olduğunu isbat etməlidir. Aramızda hər bir münaqişə və müxalifatı təsviyə etməliyik.
Biz Qafqaz balalarıyıq. Bizim ümumi məktəblərimiz, mədrəsələrimiz, qəzetlərimiz olmalıdır. Ümumi ittifaqlar, ictimalar, məclislər qurub, ehtiyaclarımızı, hər bir dərdimizi müzakirə edib, əlaclar aramalıyıq. Biz öz ruhani və cismani qüvvələrimizi bir yerə qatıb hankı bir yolda sərf etsək muradımıza nail olarıq?
Bundan belə bizim "lozunq" virdi-zəbanımız bu olmalıdır ki, birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Bundan belə biz qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik.
Bunların hamısını avama təlqin etmək icab edər. Bu da qəzet vasitəsilə mümkündür. Qəzetlərimizin bundan belə ümdə vəzifəsi əvamımızı xudşünaslıq məqamına gətirməkdir. Qəzetlərimiz naməlum və biməna mübahisələri, nəfəs qaraldan məqalələri, ara qızışdıran mükalimələri tərk edib, ittifaqa dair səmimiyyət qorxulu məqalələr yazsalar və ittifaq fikrini qövldən felə gətirəcək təriq və vasitələri əvama bəyan və izaha başlasalar, az çəkməz ki, öz məqsədi-alilərinə nail olarlar.
Ürəfa və pişrövlərimiz dəxi ittifaq üsulunu təmin edəçək təşəbbüslərdə bulunmalıdırlar. Bunun da başı ümumi məktəblər açıb, ümumi bir qəzet nəşr etməkdir.
Bəs, himmət edəlim, qeyrət edəlim, Qafqaz balaları! Keçən keçdi, keçənə güzəşt deyərlər. Keçmişi unudaq, gələcəyin dərdinə qalmaq lazımdır. Görürsünüz ehtiyaclarımız hamısı birdir. Sənə nə lazım isə, mənə də o lazımdır. Mənə nə lazım isə, sənə də o lazımdır .Ehtiyaclarımız yetişibdir, rəfetmək lazım. Rəfedilməsə nəyə məhkum olduğumuzu piş əz vəxt bilirmisiniz, düşünürmüsünüz?!
Ehtiyaclarımızın rəfi də, qafqazlılar, özümüzün himmət və qeyrətinə bağlıdır. Biz hamımız Qafqaz balalarıyıq. Birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Xoşbəxtliyimizi, səadətimizi arzu ediriksə, əlimizdən kələn himmət və qeyrəti müzayiqə etməyək!
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 23-24.
