Nuri-didə Ceyhun, Zöhrə Ceyçik və Timuçin!: [1925]
Salam-duadan sonra çoxdandır ki, sizə məktub yazmasam onun zərəri yoxdur. Çünki başımız çox qatışıq olur işlərə. Hər halda biz hamımız sağ və salamət variğ. Nənəm lap qocalıbdır. Qulağları o qədər ağır eşidir ki, ona söz qandırmaq çox çətin olur. Amma mədəsi çox yaxşıdır, yemək-içməyi də sazdır. Hərdən bir nasaz olanda yod verirəm yaxşı olur. Onu öylə saxlayıram. Aişə xanım dəxi sağ-salamətdir. Bu axır günlərdə bizdə olurdu, sonra Dərbəndə getdi. Yerdə qalanlar dəxi hamı sağ və salamətdirlər. Sizdən sonra əmələ gələn uşaqlar hamısı böyüyüb, məktəblərdə oxuyurlar. Dördi Cəmalındır, üçü Sehranın, üçü Məryəmin, ikisi Dilşadın və ilaxır. Yəqin Ceyçik ilə Timuçin dəxi lap yekəlibdirlər və sizə kömək və təskinlikdirlər. Niyazi ilə Çingiz arada bir arvad alıb, sonra boşayıbdırlar. Niyazi bu günlərdə ikinci bir arvad alıbdır. Görək onun axırı necə olar. İkisi də qulluğ edirlər. Böyükxanım da doktor olubdur, Zülfüqar da qulluğdadır. Niyazi və Çingiz çox maraqlı həmsöhbət və tam centlimentdirlər. Mən çox istərdim ki, Niyazi əcnəbi məmalikə gedib musiqi işinə məşğul ola idi. Bu yolda dedikcə qabiliyyətlidir. İkisinin də əlindən hər nə desən gəlir. Çox yaxşı oğlanlardırlar.
Fəqət həyat içində həm özləri və həm də ata-anaları çox "bezalaberni"dirlər. Mənim işlərim dəxi çox yaxşı gedir. Firqəçi yoldaşlarımız və hökumət əhli mənim fəaliyyətimdən dedikcə razı olub, mənə lazımınca hörmət edirlər. Konservatoriyadan yaxşı kadrolar hazırladım. Radio nəzdində not ilə çalan şərq alətlərindən orkestro təşkil etdim və "Koroğlu" adında yeni üsul opera yazıram, elmi əsərlər yazmağda məşğul oluram. Bu işləri qurtardığdan sonra əcnəbi məmalikə komandirovka getmək hazırlığında olacağam. Siz nə tövr dolanırsınız? İşləriniz necə gedir, dolanacağınız ağır deyilmi? Bu işlər bizi çox nigaran edir. Ümüdvaram ki, axırımız yaxşı olar və genə görüşərik, bir az səbr və səbat lazımdır özünüzü və uşaqları azarlamadan gözləyib canınızı sağlamlşdırınız. Hər şeyin əvvəli sağlığdır. Baqi məndən, nənəmdən, Məleykədən və hamıdan sizə və uşaqlara çox-çox salam-dua və gözəl arzular.
Bəradərin Üzeyir. (1925)
Məqalənin yazılma tarixini arexeoqraf səhv göstərib. Qeyd etmək lazımdır ki, Üzeyir bəy "Koroğlu" operasını 1932-ci ildə yazmağa başlayıb.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 366-367.
