İran və "Novoye vremya"
Rus malının İranda boykot olunması təəssüf ediləcək hadisələrdən biridir. hər halda bu işdə müqəssir iranlılar deyildirlər... Biz burada hökumətimizin politikasını təftiş və tənqid etmək niyyətində deyilik, çünki bu politikanın bugünkü nəticəsi haman politikanın yaxşı-yamanını gözəlcə bildirməkdədir.
Ancaq nə üçün İranda rus malı boykot olunur da, ingilis malı olunmur? Halbuki İngilis hökuməti dəxi rus hökuməti ilə müvafiq bir surətdə iş görməkdədirlər.
Bu suala cavab odur ki, durbin olan Ingilis hökuməti bu yolda elə bir politika intixab etdi ki, İran milləti tərəfdarı kimi göründü, rus hökuməti isə şah tərəfdarı çıxdı. hər iki hökumətin İranda gördükləri işlər bizim hamımıza məlumdur. İndi götürək hər iki hökumətin kim rəsmi mətbuatını və görək İran işlərinə dair bu qəzetlər hansı məsləkə xidmət edirlər. İran məşrutəçilərinin birinci müzəffəriyyəti və müzəffəriyyət bədində kəmali-nizam və qayda bərpa olunduğu xəbərini aləmə bildirən əvvəlcə ingilis mətbuatı oldu.
Eyni zamanda da "Novoye vremya" qəzetinin müxbiri Tehrandan belə bir teleqraf çəkmiş:
"Bəxtiyarilər və fədailərin dəstələri kəmali-xəyanət ilə Tehrana soxuldular və məclisi tutdular.
Bunların başçısı olan Sipəhdar özünü şah elan etdi, küçələrdə və meydançalarda şiddətli atışma davam etməkdədir, hər iki tərəfdən yaralananlar və ölənlər vardır.
Lyaxov və rus ofiserləri kəmali-mərdanəliklə kazak briqadasını müdafiə edirlər. Kapitan Perebinosov Soltanabadda şahı müdafiə edir. Qəzvində qalmış olan rus qoşununu bilatəxir buraya göndərməlidir.
Tehran hərci-mərc olubdur. Yevropalılar böyük bir təhlükə içindədirlər. Şahın əhvalı böhranlı və ümidsizdir".
Bu teleqramm çap etdikdən sonra, "Novoye vremya" özü də bunu əlavə edir:
"Bəs, görünür ki, daha təxir etmək yeri deyil... Biz haman sədayi-istimdadı təkrar edib də, deyirik ki, qoy bu məsələnin həlli kimə race isə eşitsin və bunu bilsin ki, doğrudan da tələsmək lazımdır".
Lakin nə yaxşı oldu ki, hökumət "Novoye vremya"nın bu qışqırığına qulaq vermədi və belə bir provokasiyaya məhəlgüzar olmadı.
Bəxtiyarilərin və fədailərin miskin milləti bir müstəbidin çəngəlindən qurtarmaq üçün ölümə getdiklərini bütün aləm alqışlarla təbrik və təhsin və təqdir etdiyi halda, "Novoye vremya" bunun adına "xəyanət" deyir. İranın təcəddüdü, əhyası "Novoye vremya"çıları istirahətsiz edir. Guya rus mənafeyini gözləmək və kamali-əmnü amanda olan əcnəbiləri ki, onlardan birinin burnu qanamadı-müdafiə(?) etmək üçün "Novoye vremya" tələb edir ki, rus qoşunu Tehrana girsin, halbuki belə bir təşviq rus dövlətinə xidmət deyil, xəyanət olduğunu "Novoye vremya" anlamaq istəmir və belə bir zamanda da, İranda olan rus şan və heysiyyətini bərqərar etmək üçün hökumət öz politikasını lazım olan yoluna salmağa qeyrət etməlidir.
"Novoye vremya" qəzeti bu yolda hökumətə lazım olan kömək əvəzində daha da hökuməti ümum Rusiya mənafeyi üçün müzürr bir yola sapdırmağa çalışır... Fəqət şayani-məsərrət burasıdır ki, rus hökuməti öz sözündə durmaqla "Novoye vremya"çılar intriqasından qat-qat yuxarıda olduğunu isbat etdi.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 112-114.
