Müalicə: [Bir pərdəli komediya]
Əhli-məclis:
Məşədi Millət - çoxdan bəri azarlamış bir kişidir.
Mirzə Mücahid - həkimdir, özü də and içir ki, bütün təbabət elmini su kimi içibdir.
Məclis vaqe olur Məşədi Millətgildə, Məşədi Millət vayıldayır.
Məşədi Millət. Vay, azara düşən canım, vay, davasız dərdə giriftar olan bədənim, vay, vay!
Mirzə Mücahid. Nə olub sənə?
Məşədi Millət. Azarlamışam, dərdə düşmüşəm!
Mirzə Mücahid. Nəbzini görüm, azarın nədir? (Baxır.) Hə, bildim sənin azarın nədir, ancaq qorxma, heç bir şeyin yoxdur.
Məşədi Millət. Vay, vay!
Mirzə Mücahid. Səhər ertə yerdən duranda könlün bulanmayır ki?
Məşədi Millət. Yox!
Mirzə Mücahid. Gərək bulanmasın... Axşam çay içəndən sonra qusmağın tutmur ki?
Məşədi Millət. Heç çay içə bilirəm ki, vay!..
Mirzə Mücahid. Gərək içə bilməyəsən... Hə, ürəyin xiyar istəməyirmi?
Məşədi Millət. İstəyır!
Mirzə Mücahid. Gərək istəsin. Durduğun yerdə gözün qaralırmı?
Məşədi Millət. Bəli, qaralır!
Mirzə Mücahid. Bəs, gərək qaralsın... Badımcan dolmasilə aran necədir?
Məşədi Millət. Adını çəkmə, qusaram!
Mirzə Mücahid. Gərək qusasan... Gündə neçə dəfə ayaqyoluna gedirsən?
Məşədi Millət. Heç ayaq yoluna getmirəm!
Mirzə Mücahid. Gərək getməyəsən... Mənim rəhmətlik atamı tanıyırdın?
Məşədi Millət. Yaxşı tanıyırdım...
Mirzə Mücahid. Gərək yaxşı tanıyasan... Həbbi-səlatin versəm içərsənmi?
Məşədi Millət. İçə bilmərəm!
Mirzə Mücahid. Gərək içə bilməyəsən... Başın altına qoyduğun nədir?
Məşədi Millət. Pul kisəsidir...
Mirzə Mücahid. Gərək pul kisəsi olsun... Balıq yağının içinə bir az şəkər töküb içinə tüpürsəm, ağzına ala bilərsənmi?
Məşədi Millət. Yox, iyrənərəm!
Mirzə Mücahid. Gərək iyrənəsən... O kisənin içindəki puldan mənə verə bilərsənmi?
Məşədi Millət. Götür, yarısı sənin olsun!
Mirzə Mücahid. Gərək yarısı mənim olsun. (Pulu götürəndən sonra) Azarlının yanında həkimin çox oturmağı yaxşı deyil. Gedirəm, xudahafiz, amma heç qorxma, bir neçə gündən sonra ayağa durarsan. (Gedir)
Məşədi Millət. Ay, başım töküldü, ay, qarnım çatladı, ay, qıçlarım sındı, ay, gözlərim çıxdı, ay beynim, burnumdan gəldi, ay, vay, haray, həkim, həkim, həkim!!
(Pərdə salınır)
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 297-298.
