Ordan-burdan: [Sokrat təriqilə siyasi söhbət]
B - Əşi, bilmirəm bu məşrutə nə idi ki, bu yazıq İranı bu günə saldı! İndi bu nə ömürdür ki, o yazıqlar sürürlər?!
C - Lap doğru buyurursunuz, İranın bugünki haləti çox yamandır!
B - Və bunun hamısına da səbəb haman məşrutədir, bilirsinizmi?
C - Necə ki, bilmirəm, doğrudan da səbəbi məşrutədir.
В - Bax, əgər məşrutə olmasa idi, Mələkəlmütəkəllimeyn, Cahangir xan kimi adamlar da ölməzdi!
C - Doğrudur, Təbrizdə də bir bu qədər adamlar qırılmazdı!
В - Bəli, çox heyiflər olunsun ki, məşrutə araya düşüb işi bu günə pərişan etdi.
C - Səhih buyurursunuz, bir bu qədər zülmə məşrutə səbəb oldu.
В - Odur ki, deyirəm, qoy iranlılar bu məşrutə əhvalatını bilmərrə büküb palazın altına qoysunlar.
C - Yəni lap aradan götürsünlər.
В - Bəli, bəli!
C - Çox səhih, çox səhih.
В - Məncə, bilirsiniz, İran üçün məşrutə lazım deyildir, "müqənnənə" lazımdır.
C - Bağışlayın, müqənnənə sözünü mən başa düşmürəm.
В - Müqənnənə, qanun sözündən çıxıb. Dövləti müqənnənə, yəni qanuni olan dövlət. Ancaq o qanunlar gərək yazılmış olsun.
C - Aha! Başa düşdüm! Sağ olun! Ancaq bu sözü mən birinci dəfədir ki, eşidirəm, görünür ki, tazə sözdür.
В - Bəli, bəli! Bu sözü biz özümüz İranda çıxartdıq və çox adam da bizim bu sözümüzü haqlayır. Məsələn, şapşal və s.
C - Mən özüm də sizin bu sözünüzü haqlayıram, məhz doğru buyurursunuz. Sizin bu sözlərinizə mən iki əllərimlə, hətta, mümkün olsa, iki ayaqlarım ilə də qol qoyub sizlə bərabər deyərəm ki, İran üçün yazılmış qanunlar lazımdır.
В - Sağ olun, mən çox məsrur oldum ki, siz də mənim fikrimə şərik oldunuz.
C - Heç şübhə etməyin ki, mən həmişə yaxşı fikirlərə şərikəm.
В - Sağ olun.
C - Siz də sağ olun və Allah sizdən razı olsun.
В - Əgər İran dövləti müqənnənə olub və bütün işlərə qanun ilə getsəydi, əhvalı çox yaxşı olardı.
C - Əlbəttə, əlbəttə, heç şübhə yoxdur! Əlbəttə, əlbəttə, ancaq söz yoxdur ki, o qanunlar gərək camaatın məişətinə, diriliyinə müvafiq olsun! Yəni iranlıların ehtiyaclarını rəf eləyə bilsin, elədirmi?
В - Bəli, düzdür, doğru buyurursuz, o qanunlar gərək rəfi hacət edə bilsin.
C - Amma bir az o qanunları tapıb qayırmaq çətindir. Onun üçün gərək bütün İran əhlinin hər bir ehtiyacatını biləsən! Doğrudurmu?
В - Bəli, əlbəttə, bütün ehtiyacatı bilmək lazımdır.
C - Görəsən İran vəzirləri camaatın hər bir ehtiyacatını bilirlərmi? Onu siz yaxşı bilərsiniz.
В - Yox, ağlım kəsmir ki, bilsinlər... Doğrusunu axtarsan heç bilmirlər...
C - Bəs onu kim yaxşı bilir?
В - Nə deyim, vallah!
C - Mən belə güman edirəm ki, camaatın içində bir çox adamlar tapılar ki, onlar camaat ehtiyacatını vəzirlərdən yaxşı bilirlər. Siz nə fikir edirsiniz?
В - Doğrudur, söz yoxdur ki, belədir. Çünki vəzir ehtiyac görməmiş bir adamdır.
C - Onda nə yaxşı olardı ki, o adamlar yığılıb qanun qayırmaqda hökumətə, yəni şaha, vəzirlərə kömək edəydilər, elədirmi?
В - Doğrudur, çox yaxşı olardı. Çünki onların qayırdıqları qanunlar camaat ehtiyacatına müvafiq olardı.
C - Yaxşı olardı ki, camaat o adamları seçib, göndərəydi şahın yanına və onlar da gəlib orada yığılıb haman siz dediyiniz qanunları qayıra idilər və İran qanunlu bir dövlət olaydı. Buna nə deyirsiniz?
В - Nə deyəcəyəm, çox gözəl olardı, çox yaxşı olardı.
C - Bəs filan-filan şüdə, nə üçün deyirsiniz ki, İran üçün məşrutə lazım deyildir.
В - Boy! Məyər elə olsa məşrutə olar?
C - Bəs, məşrutə nədir? Məşrutə budur ki, var.
В - Mən ölüm!?
C - Sən öl, özüm ölüm ki!
В - Balam, onda bağışla, biz elə bilirdik ki, məşrutə, yəni camaatın hökumət ilə davası və şuluqluq.
C - Xeyr, məşrutə, yəni camaat başbilənlərinin yığılıb camaatın ehtiyacatına müvafiq qanun qayırmağı, vəssəlam.
В - Balam, Allah səndən razı olsun, amma çox "biclik" ilə məni başa saldın.
C - Bəli, politika işində bir qədər "biclik" lazımdır, bunu da yadında saxla.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 53-55.
