Üzeyir Hacıbəyli

“Ər və Arvad”

1910-cu il mayın 24-də Bakıda, Nikitin qardaşları sirkinin səhnəsində, premyerası baş tutmuş "Ər və arvad" operettası ilə Üzeyir bəy Hacıbəyli öz yaradıcılığında həm də yeni bir janra üz tutmuş oldu. Üç pərdədən ibarət olan "Ər və arvad" dahi bəstəkarımızın üçüncü səhnə əsəri idi. Bundan əvvəl səhnələşdirilmiş "Leyli və Məcnun" (1908), "Şeyx Sənan" (1909) operaları nakam məhəbbəti əks etdirən süjet üzərində qurulmuş, lakin fərqli səhnə taleyi yaşamışdılar. "Leyli və Məcnun" operası nə gədər uğur, alqış, rəğbət qazanmışdısa, "Şeyx Sənan" operasının qismətinə bir o qədər uğursuzluq, biganəlik, üzüntü düşmüşdü. Əlbəttə səbəblər çox və müxtəlif idi.

Lirik, aşiqanə operalardan sonra bəstəkarın qəfildən komediya janrına-operettaya üz tutması bir çoxları üçün gözlənilməz olmuşdu. Hərçənd o dövrdə bir-sıra qəzetlərdə tərcüməçi, felyetonçu, redaktor kimi çalışan Uzeyir bəyin qələmindən çıxan duzlu, məzəli, sərrast, yumoristik yazılar hamıya bəlli idi. Onu gənc yaşlarından "Molla Nəsrəddin" məktəbinin davamçısı kimi tanıyırdılar. Yeni yazılan operetta bu fikri bir daha təsdiq etdi.

Əsərin premyerasına qədər artıq Bakıda nəşr olunan qəzetlərdə bu haqda yazılar dərc edilirdi.

1910-cu il, 21 mart "Həqiqət" N61 qəzetində deyilirdi:

«"Leyli və Məcnun" və "Şeyx Sənan" operalarının bəstəkarı Üzeyir bəy Hacıbəyov bu yolda üçüncü əsəri olan təzə bir operetta yazıb bəstələyibdir.

Operettanın adı "Ər və arvaddır". Məzmunu xeyli gülünc olub və ibrətamizdir. Musiqisi orkestr üçün yazılmışdır.

Müəllifin əsərlərindən "Leyli və Məcnun" müsəlmanca birinci opera olduğu kimi, haman "Ər və arvad" da müsəlmanca birinci operetta teatrıdır. Bu operettanın oynanması musiqi cəhətincə çox asandırsa da, artistlik cəhətincə çox "komiklik" məharəti istər»

23 may "Kaspi" N115 qəzeti yazırdı:

«Yadınıza salırıq ki, düşənbə günü Nikitin qardaşları teatrında "Leyli və Məcnun" operasının müəllifi Üzeyir bəy Hacıbəyovun ilk müsəlman operettası olan, "Ər və arvad" oynanacaqdır. Ən yaxşı opera artistləri iştirak edirlər».

Maraqlıdır ki, bir neçə il öncə həvəskar aktyorlar kimi müxtəlif tamaşalarda çıxış edən Hüseynqulu Sarabski, Mirzəağa Əliyev, səhnədə ilk addımlarını Üzeyir Hacıbəylinin operalarında atmış olan Əhməd Ağdamski, Hənəfi Terequlov artıq Bakı tamaşaçıları tərəfindən mütəşəkkil opera sənətçiləri kimi bir mənalı qəbul edilmişdi.

"Ər və arvad "ın komediya kimi yazılması opera artistlərinin də yeni keyfiyyətlərini üzə çıxardı. H.Sarabski, M.Əliyev, H.Terequlovun "içində" gizlənmiş "komiklik" onların oyunlarından zövq alan tamaşaçılar üçün bir "kəşf" oldu. Onları belə bir "sınaqdan çıxaran" Üzeyir bəy də həvəslənərək bir il sonra daha möhtəşəm operettasını - "O olmasın, bu olsun"u yaratdı.

Qeyd edək ki, ilk operası olan "Leyli və Məcnun"un ilk tamaşasından Üzeyir bəy Hacıbəyli Bakıda fəaliyyət göstərən "Nicat" adlı nəşri-maarif cəmiyyəti tərəfindən dəstək görmüşdü. Milyonçu - mesenat İsa bəy Hacinskinin rəhbərlik etdiyi bu cəmiyyətdə - o zaman Bakıda yaşayan, çalışan tanınmış ziyalılar, dramaturqlar, aktyorlar, qələm sahibləri birləşirdi. Əsasən teatr sahəsində böyük işlər görən bu cəmiyyət bəzən məşhur aktyor və ya dramaturqların nəfinə, eləcə də, xeyriyyə məqsədli tamaşalar – benefislər təşkil edirdi. Maraqlıdır ki, "Ər və arvad"ın ilk tamaşası da Üzeyir bəy Hacıbəylinin nəfinə benefis kimi təqdim olundu.

1910 il 26 may tarixində 117 N-li "Kaspi" qəzeti yazırdı:

«Mayın 24-də Nikitin qardaşları sirkində müsəlman kompozitorıı Üzeyir Hacıbəylinin benefisinə onun "Ər və arvad" operettası oynandı.

İkinci pərdədən sonra benefis sahibini səhnədə təbrik etdilər. "Nicat" cəmiyyətinin bütün heyəti səhnədə idi. Cəmiyyətin adından Üzeyir bəyi Mehdi bəy Hacinski təbrik etdi və ona adres təqdim edərək onun fəaliyyətindən danışdı... Çıxışlardan sonra ona bir neçə qiymətli hədiyyələr verildi.... Operetta tamaşaçıların xoşuna gəldi».

İlk tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijor müəllif idi. Baş rollarda: Mərcan bəy - H.Sarabski, Minnət xanım - Ə.Ağdamski, Kəblə Qubad - M.Əliyev, Səfi - H.Terequlov - çıxış etmişdi.

Bakıda nəşr olunan daha bir neçə qəzet "Ər və arvad"ın uğurlu tamaşasını qeyd edirdi. Doğurdan da, ilk operetta bakılıların xoşuna gəlmişdi. Az zamanda "Kəblə Qubad", "Mərcan bəy" isimləri xalqın dilində xüsusi eyhamla, zarafat məqamlarında işlənən isimlərə döndü.

Maraqlıdır ki, "Ər və arvad"ın premyerası ərəfəsində qəzetlərdə gedən yazılarda operettanın musiqisi haqda da məlumatlar yer tuturdu. Əsərin musiqisinin əsasən məşhur xalq mahnılarından, rənglərindən, eləcə də, "Leyli və Məcnun" və "Şeyx Sənan"dan bəzi musiqilərdən ibarət olması vurğulanırdı. Bu da həqiqət idi.

Unutmayaq ki, "Ər və arvad" müəllif tərəfindən az bir zamanda - cəmi 2-3 ay müddətində-yazılmışdır. Üç pərdəli komediyanın musiqisində tanış mahnıları, təsnifləri, rəngləri eşitmək mümkün idi. Bəlkə də, məhz xalq musiqisi əsərin ruhuna daha uyğun idi.

Lakin bir - neçə ay öncə uğursuzluğa uğramış "Şeyx Sənan" operasından bəzi parçaları və "Leyli və Məcnun"dan məşhur "Ərəblər xoru"nu operettaya daxil etmək hansı zərurətdən doğurdu? Əlbəttə 100 ili ötmüş bir zaman kəsiyindən bu suala dürüst cavab tapmaq asan deyil. Bəlkə buna ehtiyac da yoxdur. Vaxt, zaman öz sözünü deyib, olanlar - keçənlər isə tarixin səhifələrinə dönmüşdür.

"Ər və arvad" ın taleyi də başqa əsərlərin aqibətindən fərqli oldu. Əgər Üzeyir Hacıbəylinin yaratdığı opera və operettalardan "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi əsərlər bu gün də səhnələrdə yaşayıb, müəllifinə şöhrət, məhəbbət gətirirsə də, "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Harun və Leyla" operalarından müasirlərimizə bəlli olan, ancaq və ancaq bu əsərlərin adlarıdır.

"Ər və arvad" operettası Üzeyir bəyin "Şah Abbas və Xurşidbanu" operası kimi uzun illər səhnədə yaşadı, müxtəlif ifaçıların təfsirində səsləndi, sevildi, fəqət qəfildən tarixin "unudulmuşlar səhifəsində" yer aldı.

Düşünmək olar ki, Üzeyir Hacıbəylinin "Ər və arvad"dan sonra yaratdığı "O olmasın, bu olsun", "Arşın mal alan" kimi mükəmməl, ruhnəvaz musiqisi, dərin ictiami-fəlsəfi məzmunu, mündəricəsi olan operettalar onu kölgədə qoymuş, sıxışdırmışdılar. Lakin yox!!! "Ər və arvad" yeni əsərlərin meydana çıxmasına rəğmən öz taleyini yaşamış, öz səhnə həyatına davam etmişdi.

Təkcə Azərbaycanda deyil, Zaqafqaziyanın bir çox şəhərlərində, Orta Asiya Respublikalarında, Türkiyədə müxtəlif illərdə tamaşaya qoyulmuşdur. Ü.Hacıbəylinin ev muzeyində qorunan XX əsrin 30-cu illərinə aid bir sənəddə "Ər və arvad”-ı Özbəkistanda dövlət teatrında tamaşaya qoymaq arzusu öz əksini tapmışdır. Həmin illər bu operetta - Azərbaycanda da musiqili komediya teatrında repertuarda idi.

Lakin 40-cı illərdən bəri bəzi özfəaliyyət teatrları istisna olmaqla "Ər və arvad”ın izinə heç bir teatrda rast gəlmək olmur. Tədricən bu əsərə maraq azalır, nəhayətdə tamaşaçı yaddaşından silinir, unudulur. Operettanın librettosu bir neçə dəfə nəşr olunsa da, musiqi və not materialları zaman- zaman itirilir, təhrif olunur, sıradan çıxır. Çünki o zaman "Ər və arvad" da Üzeyir Hacıbəylinin əksər əsərləri kimi nəşr olunmamış, müxtəlif xəttatların köçürmələrində bəzi arxivlərdə qalmışdı. Bu minvalla 70 ilə yaxın vaxt keçdi.

2009-cu ildə - ilk Azərbaycan operettasının 100 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrı - "Ər və arvad”ı yenidən səhnəyə gətirmək kimi nəcib bir arzuda bulundu. Əsərin musiqi - not materiallarını əldə etmək üçün yeganə doğru mənbə olan - bəstəkarın ev muzeyinə müraciət olundu.

Lakin bəstəkarın ev muzeyində qorunan əlyazmalar arasında "Ər və arvad”ın natamam klaviri və 1937 - ci ilə aid olan 8 orkestr səsləri var idi ki, bunlar da operettanın partiturasını tam tərtib etmək imkanını heçə endirdi. Klavirdə ansambl və xor partiyaları bir səsli verilmişdi, bəzi musiqi nömrələrinin tonallığında uyğunsuzluq var idi. Bütün bunlar "Ər və arvad" operettasının ciddi redaksiya olunmasının və tam klavir və partiturasının yenidən yazılmasının vacibliyini bariz ortaya qoydu. Bəstəkar və "Üzeyirşünas" kimi öhdəmə ağır və məsuliyyətli bir vəzifəni götürməli oldum.

Görüləcək işin ciddiliyini dərk edərək bir ilə yaxın bir müddət ərzində əsərin bərpasıyla məşğul olduq. Bütün görülən işlər göstərilən mərhələlərdən keçdi.

1.               Operettada personajların səs bölgüsü aparıldı

2.               Səs bölgüsünə görə real tonallıq təyin edildi

3.               Klavir yenidən yazıldı

4.               Musiqi parçaları genişləndirildi, xorlar 4 (qarışıq) və 2 ( kişi xoru) səsli olaraq tərtib edildi.

5.               Libretto üzərində düzəlişlər aparıldı.

6.               Klavirdə vaxtiykən xəttatlar tərəfindən buraxılmış xətalar (lad, intonasiya, harmoniya xətaları) təmizləndi.

7.               Əsərin üslubuna uyğun gəlməyən bəzi parçalar ixtisar edildi.

8.               Əvvəlki klavirdə olmayan bir-neçə musiqi nömrələri təyin edilərək əsərə daxil edildi.

9.               Yeni klavir əsasında yeni partitura yazıldı

10.             Yeni klavir və partitura kompyüterdə yığılıb, bir daha redaktə olundu.

Artıq 2010-ci ilin baharında 100 yaşı tamam olan "Ər və arvad" yenidən səhnədə təcəssüm tapdı. Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, baş rejissor Yusif Əkbərov böyük coşqu ilə işə başladılar. Əsərdə əsas obrazları yaradan - xalq artistləri - İlham Namiq Kamal - Mərcan bəy, Afaq Bəşir qızı - Minnət xanım, Yaşar Nuri - Kəblə Qubad, Arif Quliyev - Səfi, Fatma Mahmudova - Kəblə Qubadın arvadı - obrazlarını böyük sevgi və məharətlə yaratdılar. Bu əsil ulduzların tamaşası idi. Yaşar Nuri və Afaq Bəşirqızının səhnə taleyində bu tamaşa çox əlamətdar idi. Çünki onlar bir aktyor kimi dahi Ü.Hacıbəylinin hər üç operettasında çıxış etmiş oldular. Hətta onların xahişi ilə Teatrın bədii şurası Kəblə Qubad ilə Minnət xanımın görüş səhnəsinə daha bir xalq mahnısının əlavə edilməsinə icazə verdi.

2010-cu ilin 4 oktyabrında keçən yubiley premyerası təkcə Musiqili Komediya Teatrında deyil, ölkəmizin mədəni həyatında bir bayram kimi yaşandı. Üzeyir Hacıbəylinin əsərlərinin silqətində olan parlaqlıq, rəngarənglik, improvizə üçün meydan, tamaşanın rejissoruna, rəssamına, rəqslərin quruluşçusuna, eləcə də bütün aktyorlara öz işlərinə geniş təxəyyüllə, coşqun həvəslə yanaşmağa imkan verdi.

Tamaşanın maraqlı və uğurlu səhnələrindən olan "Toy məclisi" üçün rejissorun təklifi ilə tərəfimizdən hətta bir "meyxana" da qoşulub əlavə edildi.

70 illik ayrılıqdan sonra "Ər və arvad" doğma səhnəsinə qovuşdu. Tamaşa bu gün də Teatrın repertuarındadır, bu gün də sevilir, alqışlanır.

"Ər və arvad" operettasının yenidən səhnəyə qayıtması Üzeyir bəyin ruhu qarşısında bir mənəvi borcun ödənilməsi kimi qiymətləndirilə bilər.

Dahi bəstəkarımızın 130 illik yubileyi ərəfəsində keçiriləcək möhtəşəm tədbirlər sırasında "Ər və arvad"ın ilk nəşrinin gerçəkləşməsinin özü bütün musiqi ictimaiyətinə, teatr aləminə layiqli və çox qiymətli bir töhfə olacağı şübhəsizdir.

 

Sərdar Fərəcov

Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru,

Azərbaycan Bəstəkarlar İttifaqının katibi