Nur i-didə Ceyhun və Zöhrə!: [20 avqust 1923-cü il]
Salam-duadan sonra sizə bir tel vurdum, məktub dəxi göndərmişəm. Bu saət məni məşğul edən məsələ sizi Bakıya gətirməkdir. Əvvəllər də mən bu fikirdə idim ki, özüm oraya gəlim, sizinlə görüşüm, fəqət indi baxıb görürəm ki, sizin Bakıya gəlməyiniz daha məsləhətdir. Hamı sizləri görmək arzu edirlər, baxüsus, nənəm.
İnşallah, siz gələrsiniz, sonra məsləhət olsa, genə bir yerdə istədiyimiz yerə gedə bilərik. Mən Bakıya gedən kimi bu xüsusda rəsmi surətdə işə başlayacağam və lazım olan yerlərdən icazənamə alıb, sizi məlum edəcəgəm gələsiniz. Zənn edirəm ki, ən çoxu iki aydan sonra Bakıda görüşərik.
Buraların əhvalı çox yaxşıdır. Hər kəs öz işinə məşğul olub, istirahətlə dolanır. Bütün bizim intiligent hamısı məşğul yerlərdə qulluq edirlər və getdikcə də işlər daha yaxşılaşıb layiqi-şikayət bir şey yoxdur. Bütün hökumət idarələri türkləşir və milliləşir, fəqət biligli adamlarımız az olduğuna görə bu iş bir az ağır gedir, ancaq hər halda irəliləyur.
Mən öz-özlügümdə özümü çox sərbəst hiss edirəm və türk musiqisi tərəqqisi yolunda hər nə fikrim olsa hökumət mənə lazım olan köməgi edib fikrimi yeridirəm. Təhti-müdiriyyətində olan Azərbaycan hökumət türk musiqi məktəbi getdikcə tərəqqi edib, əhali üçün ən vacib bir müəssisə olmuşdur, inşallah, gələndə görərsiniz. Sən burada olsan, sən də daha artıq qulluğlarda ola bilərsən. Əlqərəz, siz gəlsəniz həm bizim və həm də sizin üçün arxayınlıq hasil olub, işlərimizə daha artıq tərəqqi verərik.
Hal-hazırda mən Şərq-Azərbaycan musiqisinin əsasları həqqında böyük bir əsər hazırlayıram. Bir neçə ay bundan əvvəl bu əsərim həqqında iki gün bir-birinin dalınca daklad oxudum. Dakladıma qulaq asanlar yalnız musiqişünas professorlarla, univerisitet professorlarından ibarət olub. Akademik bir məclis əmələ gəlmişdi. Mənim dakladım onlar üçün böyük bir sensasiya oldı. Əsərimi çox təqdir etdilər və qərar qoydular ki, mən onu yazıb rusca nəşr edim. Məşhur professorlardan Ayzberq və Qliycr bu daklatdan sonra mənimlə çox söhbət elədilər. Neçə kərə evimizə gəlib axşamları söhbətlər edirdik. Mənə bu əsərimi türk və rus dilində yazıb səndən təvəqqe edə bilək ki, firəng dilinə tərcümə edəsən. Çünki mənə yəqindir ki, bu əsərlə Avropa musiqişünasları arasında çox calibi-diqqət bir şey olacaqdır. "Arşın mal alan"ın notlarını dəxi tazədən yeni üsul üzrə düzəldirəm. Mən onun qlavirini dəxi çap etdirmək istiyorəm.
Baqi Bakıdan tez-tez kağız alıram hamıları sağ və salamətdirlər. Cəmalın bir oğlu dəxi oldu, indi iki oğlu və bir qızı vardır. Ceyçik və Timuçin Bakıya gələndə Cəmalın böyük oğlu Kəmal ilə yəqin ki çox dost olacaqdırlar, çünki Kəmal çox ağıllı oğlandır. Kəmalın bacısı Diladif çox şeytan qız olmağa başlıyor. Payızda Dilşadı dəxi ərə verəcəyik. Qohumlarımız getdikcə artır.
Əlqərəz, biz avqustun 25-ndə buradan Kislovodskiyə gedəcəyik və orada bir on-on iki gün qalıb sonra Bakıya qayıdacağıq. Hər halda sentyabrın 10-dan sonra biz Bakıda olacağıq. Sən kağızı Bakıya yaz və sizin Bakıya köçmək haqqında nə fikriniz varsa müfəssəl yaz və burasını dəxi məlum et görüm sizin oradan çıxmanıza qarşı kənari bir məmaniət-flan yoxdurmi.
Hələ ki, salamət olasınız. Məleykə həm səni və baxüsus, Zöhrəni çox-çox arzulayıb. Uşağları çox görmək isliyor və hamınızı öpür.
Mənim tərəfimdən uşaqları öpərsiniz və deyərsiniz ki, inşallah, tezliklə Bakıda görüşərik.
Bəradərin Üzeyir. 20 avqust (1923), Yesuntuki
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 348-349.
