Üzeyir Hacıbəyli

Şəhər işlərimiz

Dünənki nömrəmizdə şəhər idarəmizin məktəb komissiyasının müsəlman məktəblərinə olan əlaqəsini və müsəlmanlar üçün gördükləri işləri göstərmək üçün milli məktəb müdirinə verilmiş bir ərizəni dərc etmişdik. Lakin bu məsələnin, yəni məktəb işlərinin belə bir fəlakətdə, nərişanlıqda bulunması təzə bir məsələ olmadığı "Tərəqqi"nin qarelərinə məlumdur.

Bakı şəhər məkatib işlərinin nizamsız, qaydasız bir surətdə olması haman cənab Boris Makedonskinin komissiya sədarətliyinə qoyulduğu zamandan araya düşmüşdür. O zamandan ki, Rayevski tezəlikdə Bakıya gəlib qlavalıq başladı və bir neçə dəfə dumaya gəlib uprava üzvləri ilə danışmağa girişdikdə, o vaxt da uprava üzüvləri olan həmin bu cənabı görərkən protest edib, qəti surətdə demişdi ki, bu idarədə gərək mən qalam və ya ki, Boris əfəndi. Şübhə yox ki, Rayevskinin Kurskdan bir neçə dəfə Bakıya gəlib Makidonskinin upravadan əzlini tələb etməsi nə düşmənçilik üzü ilə, nə də qeyri bir düşmənçilik ilə deyildi. İş ancaq burasında idi ki, Rayevski bu Makedonskinin heç bir işə qadir olmayıb, istedadsız, zəif bir şəxs olmasını bilib, fövrən onun heç bir işdə bulunmamasını tələb etdi. Qlavanın bu qəti tələbi bir çox əşxası düşündürürdü. O cümlədən kirvə və xaloğlu üsulu ilə qədimdən bəri şəhər idarəsini sağıntı bir mənbə edib, rəislik edən alicənab zəvatın da qədimki dostluq və qardaşlarına rəxnə vurulması yavuqlaşır.

Bu arada bir çox "mən ölüm, sən öləsən"lər, xahişlər, təmannalar, yalvarmaqlar, xələtlər cari olandan sonra Rayevskini razı edirlər ki, az bir məvacib də olsa, upravadan əlahiddə şəhərin işlərini idarə etmək üçün məkatib komissiyasında da rəsmi sədrlik vəzifəsi açsın. Bu vəzifə də (çünki ancaq onun xatirinə açılmış idi) həmin cənab Makedonskiyə həvalə edilir.

Makedonski cənabları Rusiyada ali məktəb qurtarmış və yaxud ali məktəb şəhadətnaməsi alan bir şəxsdir ki, xüsusi sənəti də ancaq vəkillikdir.

İndi bir baxınız ki, bir şəxs ki, vəkil ola, vəkillik- dən sonra da gəlib uprava üzvü ola, özü də Çornı qorodda olan neft lavuşkalarına nəzarət edə, ondan sonra da gəlib məkatib komissiyasının sədri ola... İndi elə bir sədrin əhaliyə yaxud əhalinin məktəb işlərinə nə dərəcədə nafe və xeyirxah olduğunu hər kəs düşünsün.

Keçən yanvar ayında cənab Makedonskinin üç illik intixab vaxtı qurtardığı üçün, dumada təzə bir sədr intixabı məsələsi məhəlli-müzakirəyə qoyuldu. Bu əsnada Kərbəlayı İsrafil Hacıyev dumaya təklif etdi ki, Makedonskinin bu üç ilin əsnasında şəhər məktəbi üçün nə işlər gördüyünü, nə tədbir ittixaz etdiyini və hankı islahatını sual etsin. Lakin çün bizim Dumanın əksər işləri kirvə və xaloğlu üsulu ilədir, ona görə də bu məsələyə heç kəs möhtəməl olmadı. Əvət, yenə Hacıyevin qardaşı Kərbəlayı Hüseyn cənabları qardaşının cavabını verdi:

"Bəli!.. Makedonski sədr olanı şkollarımıza gözəl- gözəl müəllimlər yığılmış, bu müəllimlər bizim şkolaları pis yer adlandırıb məktəblərdə olan uşaqları da, hətta çıxartmışlar. Hər bir nalayiq, istedadsız olan müəllimlər məktəblərimizə düşmüş..."

Axır ki, bu məsələ bir neçə həftə duma ətrafında danışığa qoyulub, axır illər genə "Boris yazıqdır, bir sürü külfət sahibidir. Qoy bir il də burada qalsın, ta ki, özünə bir iş tapsın" - deyə bir illik Boris əfəndi yenə sədrlikdə qaldı... və işlər də düzəldi...

Makedonski artıq məvacib alır, bəhərhal Makedonski heç bir işə müstəid deyil, bəhərhal Makedonskinin bərəkətindən müsəlmanlar şəhər məktəblərinə yavuqlaşma əvəzinə məktəbdən dəxi də qaçırlar - bu da bəhərhal. Lakin bu Makedonski əfəndinin bərəkətindən şəhər idarəsinin belə nüfuzu əksilməsi həm hökumət və həm də camaat, əhali nəzərində əhəmiyyətsiz bir idarə olması hamıdan bədtərdir...

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 133-134.