Ordan-burdan
Yazıq ermənilər!
Genə yazıq ermənilər!
Axı sizə kim qarğış etmişdi?
Kimin ahü-nəvası sizi tutdu?
Kim bəs sizə dua elədi ki, axırda siz də mübtəla oldunuz?
- Nəyə?
- Operaya, operettaya!
Yazıq ermənilər!
Genə yazıq ermənilər!
Axı siz görmədinizmi ki, necə bu "opera" müsəlman millətinin evini yıxdı?
Aya görmədinizmi ki, müsəlmanların "millətpərəst" jurnalçıları, operanın müsəlman millətinə vurduğu "zərərləri" bir-bir sadalayıb ağlaşma qurub, oxşayırlar, başlarını bulayırlar, ağızlarını açıb gözlərini yumurlar, gözlərini yumub ağızlarını açırlar.
Hələ millətpərəst və millətin tərəqqisini "səmimi-qəlbdən" arzu edən jumalçılar dursunlar kənarda; aya siz özünüz görmürsünüzmü, eşitmirsinizmi ki, Qafqaz müsəlmanları bu "opera" meydana çıxandan bəri necə xarab olubdurlar? Müsəlman nə idi, musiqi nə idi! Müsəlmanın sənəti gərək il uzunu ağlamaq olaydı... ax-vay olaydı!..
Halbuki indi hara gedirsən - "Əsli və Kərəm" genə: dandın, dandın, dandın, dan-dan ey; "O olmasın, bu olsun"un: "Məşədi İbad sən bizə xoş gəlib bizi şad elədin?", "Arşın mal alan"ın: "Gündüz axşam fikrim-zikrim "Arşın mal alan"ın, "Leyli və Məcnun"un: "Söylə bir görüm ərəb, bu cavan nədən xəstə".
Tacirimizə bax, eşidibdir ki, bu gün "Əsli və Kərəm" oynanılır, dükanı bağlayıb teatra yügürür! Halbuki əvvəllərdə tacirimiz musiqi səsi eşidəndə qulaqlarına pambıq tıxayırdı ki, eşitməsin!
Bəylərimizə bax, eşidibdir ki, bu gün "Arşın mal alan" oynanılır, tələsir ki, tez gedib bilet alsın! Halbuki əvvəllərdə bəylərimiz gecələrini qayda ilə şantanlarda keçirirdilər!
Qoçumuza bax, eşidibdir ki, bu gecə "O olmasın, bu olsun" oynanılır, qollarını ata-ata teatra gedir! Halbuki əvvəllərdə qoçularımız öz sənətləri olan qoçuluğa məşğul olub teatr-myatr bilməzdilər.
Bah, bah! Arvadlarımıza bax, arvadlarımıza! Dəstə çəkib teatra gedirlər! Halbuki əvvəllərdə arvadlarımız hamam ilə ağlaşmaqdan başqa özgə şey bilməzdilər!..
Yazıq ermənilər!
Genə yazıq ermənilər!
Bəs siz ki, bizdən ağıllı idiniz!
Məgər siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır!
A yazıq ermənilər, nə üçün özünüzü bəlaya salıb "Arşın mal alan"ı, "Məşədi İbad"ı öz dilinizə çevirdiniz, a bədbəxtlər?!
Məgər sizin "tərəqqipərvər" və "millətpərəst" jurnalçılarınız yox idi ki, sizi bu "bəla"dan piş-əzvəxt xəbərdar edə idi!..
Ax yazıq ermənilər!
Genə yazıq ermənilər!
Hayıf, hayıf!
Əfsus, sədd əfsus!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 175-176.
