Üzeyir Hacıbəyli

Ordan-burdan

Bu keçənlərdə İrəvandan bir kağız almışdım, məçmunu belə idi: ay Filankəs, ayıb deyilmi ki, bizim camaatı yoldan çıxarırsan! Mən də cavabında yazıb soruşdum ki, balam, nə qayırıram?
Cavabında kağız gəldi ki, bəs, hə, "İrşad"ın bilmirəm hansı nömrəsində yazmışdır ki, ey müsəlmanlar, olmaya-olmaya erməniyə, urusa qatışıb, dumaya filan adamı göndərəsiniz. Bizim adamlarımız, uşaqdan tutmuş böyüyə kimi, sənin bu sözlərini oxuyan təki seçki kağızlarını cırıb getdilər hamama. Balam, allah sənə insaf versin!
İndi mən bu kağız yazana deyirəm ki, çox əcəb, çox gözəl, indi hərgah, sən doğrudan da zirək uşaqsansa bir mənə söylə görüm, srağagün Dövlət duması tərəfindən gələn teleqramı oxumusanmı?
Hərgah oxumamısansa, buyur, indi oxu, yazırlar ki, Bakı camaatı tərəfindən seçilib gəlmiş Mahmudov bir o qədər camaatdan həya eyləməyib lap oturduğu yerdə birdən-birə meydana çıxıb başladı ki, ay əsil millət nümayəndələri, Stolıpin özü götürüb, qoyduğu adamlar ilə işim yoxdur. Mən Sizə üzümü çöndərib...
Teleqramı yazan adam and içirdi ki, Mahmudov bunu demişdi ki, dumada bir "vurçatlasın" düşübdür ki, gəl tamaşa elə, biri çığırdı, biri bağırdı, biri əl çaldı, biri mil durdu, biri dedi ki, mən zarafat filan sevən adam deyiləm, qərəz nə başını ağradım, Dövlət duması döndü Bakının Quba meydanına; ağzı deyənin qulağı səs eşitmirdi. Bunun da hamısına səbəb Mahmudovun meydana çıxıb urusa, erməniyə qoşulmağı idi.
İndi sən insafın, bircə mənə söylə görüm, bu, biabırçılıq nəyə dəyərdi? Bircə de görüm, heç müsəlmana yaraşan iş idimi ki, Mahmudov görüb; orada öz-özünü nahaq yerə biabır elədi və cəmi yer üzündə olan müsəlman məxluqatın üzünü qızartdı, "goburnat" yanında başıaşağı elədi.
Axı sən sözdür danışırsan, amma heç danışdığının dalını, qabağını fikir eləmirsən. Sən özün çox gözəl bilirsən ki, bir müsəlman bu gün, məsələn, durub bir pristava, ya bir naçalnikə iki qat baş əyib "izdirasti" deyəndə, naçalnik, ya pristav lamhala bir-iki kəlmə danışıb deyirdi ki: "paşol von"! Yazıq müsəlmanındaca ürəyi şad olub, döşündə fəxr eləyirdi ki, bəli, "ağa"nın iltifatı kəm deyil. Amma bundan sonra... hünəri var, bir müsəlman gedib naçalnikə "izdirasti" desin; and içirəm ki, bu səfər naçalnik heç "paşol von" da deməyib, onu da bizdən ötrü çox görər! Odur ki, deyirəm axı, mən biləni siz bilmirsiz. Əvvəldən mənim haray döydüyüm, fəryad elədiyim elə bu idi ki, ey müsəlmanlar, aman günüdür, yerinizdə farağat oturun. Biz müsəlman güruhunu hökumət qabağında xəcil və şərməndə eləməyin, yoxsa bir gün olar ki, Allah göstərməsin, cəmi verdiyini tutub geri alar!
Amma mən nə qayırım? Müsəlmanlarda ittifaq yox, ittihad yox, İrəvan camaatı mənə qulaq asdı, amma Bakı quberniyası sözümə məhəlgüzar olmadı, odur ki, indi bir Mahmudovun üstündə bütün müsəlmanlar qaradavoydan tutmuş, ministrə kimi hamısının qabağında rüsvay olub getdilər... Ta, bundan sonra heç nə; bundan sonra bizim işimiz qaldı, bir Allaha!

                                                                                                                                                  Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 276-277.