Üzeyir Hacıbəyli

Təəssürat (VII)

Üç günlük bir müharibənin şahidi olduq.

Müharibə parlaman zalında vaqe olub sağ tərəfdən "İttihad", sol tərəfdən "İttifaq"' fraksiyalarının hökumətə qarşu hücumilə başlandı.

Hücum nagahani idi.

Bu səbəbdən idi ki, bixəbər hökumət həngamənin onların da özünü "müharibə" vəziyyətinə sala bilməgib, "dalbadal" vurulan zərbələri rədd bədəl edə bilməgirdi.

Halbuki müxaliflərin bez "kəməndləri" hökuməti dolaşdırdığı halda, neft "atəşləri"ndə yandırıb, buğda "güllələri" də yağış kibi yağırdı.

Sənaye və ticarət vəziri müavini ki, hücumların əvvəlki hədəf və nişanəsi bu idi, müxaliflər qarşısında müqavimət edə bilməyib ricətə məcbur oldu. Müxaliflər onu təqib edib qova-qova daxiliyə vəzarətinə yaxınlaşdılar. Daxiliyyə vəziri öz vəzarətini düşmən hücumları qarşusında görüb, tez müdafiəyə qalxdı və mümkün olduğu qədər cansiparanə bir surətdə müharibəyə girişdi, lakin amansız Qarabəylinin "İttihad" tərəfindən vurduğu şiddətli zərbələri o qədər müəssir idi ki, müdafiəyə macal vermədi, o idi ki, daxiliyə vəzarəti darmadağın olub nə qubernator qaldı, nə naçalnik, nə pristav, nə qaradovoy... Meydan müharibədə "güştə"lərdən püştələr əmələ gəldi.

Hökumətin mühüm səngərləri olan daxiliyə vəzarəti əldən gedəndən sonra sair vəzarətlər dəxi müdafiəsiz qalıb bir-bir müxalif hücumlarının qurbanı olurdular.

Əhval fəna oldu. Ümumhökumət təhlükə içində idi. Ona görə hökumət bir növ özünü düzəldənə qədər kənardan bir kömək lazım idi ki, müxaliflərin başını qatışdırıb hökumətə fürsət versin.

O idi ki, "Müsavat" firqəsi Məhəmməd Əmin Rəsulzadənin təht komandasında olaraq böyük bir kömək göndərdi ki, tez gedib hökumətin canını qurtarsın, vəilla "böhran" qurğusu hamını əndişəyə salmaqda idi.

Məhəmməd Əmin vaqedə böyük qoçaqlıq göstərdigi kimi müxalifləri çevirmə üsulu ilə əhatə edib, qaçıb qurtarmaq yollarını kəsdi. Ondan sonra müxalifləri bir-bir döyməgə başladı. Əvvəlki zərbələr sol "İttifaq"ın başına vuruldu. Bunların sərkərdələri olan Ağa Əlizadə yoldaş "ya Əli!" çağırmağa məcbur oldu.

Lakin köməksiz müsəlmanları sosial-daşnak hökumət zaliməsinin pəncəyi-qəddaranəsindən xilas edən türklərdən narazılıq büruzə verən bir şəxsə Əli kömək durardımı?!

"İttifaq" basıldıqdan sonra növbət "İttihad"ınkı idi. Bunların baş komandanları olan Qalabəyli cənabları ehtiyatsız olaraq özünə aid bir taqım "qara xəbərləri" yada salmaqla öz-özünü tutub Məhəmməd Əminin əlinə verdi...

Müxaliflər basıldıqlarını sezib və qaçmaq yollarını bağlı görüb, Sədi Əliyyə Əlrəhmənin:

"Vəqte-zərurət çu nəmanəd qoriz
Dəst begir əz səre şəmşire-tiz"

kəlamım yada salıb hökumətdən əl çəkdilər və "Müsavat"a qarşı "şəmşir tiz" çəkdilər. Lakin müsavatçılar qorxmadılar. Çünki Məhəmməd Əmin şücaətinə əmin idilər. Filhəqiqət Məhəmməd Əmin Rəsulzadə bir nereyə ya rəsulallah çəkib: "Əgər türkləri Qafqaza gətirdən və Azərbaycanı türk qəhrəmanlarının əliylə sosial-daşnak "samasud"larından xilas edən siz degən kimi yalnız "Müsavat" oldusa o halda müsavatçılar bununla ancaq fəxr edə bilərlər", - degib bir həmlədə məğlub və məqhur etdi.

Bu tərəfdən dəxi hökumət fürsətdən istifadə ilə özünü düzyəldib və müharib bir hala salıb, müxaliflərə qarşu əks hücumlara başladı. İş boylə olduqda "İttifaq" "İttihad"ın əhvalı hökumətin əvvəlki halından da bədtər oldu. Doxtur Qarabəyli çox "əlac"lar axtardı ki, zərbələrdən hasil olan yaralarını sağaltsın. Lakin əlacpəzir olmadı. Bu cürə yaraları sağaltmaq üçün "cərrah" lazım idi. Ağa Əlizadənin cəmaəti qəh-qəhə ilə güldürmələri də gülmədən başqa bir mənfəət vermədi.

Bilaxirə hökumət "Müsavat" köməgilə qalib gəlib, "böhran" zail oldu və məmləkətimiz böyük bu bəladən qurtuldu.

Doğrudan bu nə iş idi?

İçimiz və çölümüz pusquda duran gizli və aşkara düşmənlər ilə dolu olduğu bir halda "İttihad" fırqəsinin bu nazik zəmanədə hökuməti yıxmaqda məqsədi nə idi?

Hərçi badabad degib xüsusi intiqam almaq, yoxsa məmləkətə mənfəət yetirmək niyyətilə "bacarıqsız" hökuməti düşürüb "bacarıqlı"sını qoymaq?

Əgər intiqam qəsdi imiş isə vay olsun bizim halımıza ki, müqəddəratımızı "hərçi badabad"a qurban etmək məqsədli fikir sahiblərimiz varmış!..

Əgər "bacarıqsız" və "bacarıqlı" söhbəti isə bu halda ki, istiqlaliyyətimiz hələ rəsmən təmam degildir. Hökumətin bacarığını Fətəli xan Xoyski demişkən Tağıyev fabrikasının bez arşını ilə ölçmək olmaz, bəs nə ilə ölçmək olar?

Zənnimcə tomsonların və milinlərin Azərbaycanda, ancaq Azərbaycan hökuməti tanınacaqdır məzmunlu sözlərinin kimin səyi və çalışması və aqilanə və müddəbiranə politikası nəticəsi olduğu keyfiyyətinin əhəmiyyəti-fövqəladəsi ilə ölçmək gərəkdir.

Ola bilsin ki, "İttihad" fraksiyasının "bezi düz ölçə biləcək" kandidatları var. Fəqət bu kandidatlar, bugünkü siyasət və vəziyyətin nə qədər nazik və rəqiqligini də layiqlə ölçə bilərlərmi? Və hərgah bugün Azərbaycan məmləkətinin halı "İttihad"çıların sözlərinə görə "cəhənnəm"dirsə, əcəba bu "cəhənnəmi" döndərib də "cənnət" halına sala biləcək adamları varmı ki, bunları düşürüb də onları qoyaq?

Və bir də vaqedə "bez" oğruyanlar, rüşvətxorlar və sair cinayət sahibləri varsa və şikayət bunun üstündə isə o halda o cürə xainləri hökumət əliylə tutdurub məhkəməyə vermək lazımdır, daha hökuməti itələyib yıxmağın mənası nədir?!

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 89-91.