Ordan-burdan: [suallar və suallara da cavablar]
S. - Dünyada hamıdan çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir?
C. - Rusiyanın baş vəziri Stolıpin və onun yoldaşlarıdır. Çünki bunların bütün əlləşib-vuruşduqları odur ki, millət onların işinə qarışmayıb, azadə dolanıb, bildiklərini eləməyə xələl yetirməsinlər.
* * *
S. - Dünyada hamıdan az dərd çəkən adamlar kimdir?
C. - Zəngəzur açları, çünki onların hər biri bir millətin qeydinə qalıb, bir dərd çəkirlər. Amma, məsələn, Bakı milyonerləri milyon manatın qeydinə qalıb, milyon dərd çəkirlər.
* * *
S. - Dünyada İran məmləkətlərinin ən yavuq xeyirxahları kimdir?
C. - İran xanları və hakimləri. Çünki bunlar çox yaxşı bilirdilər ki, İran həmişəki halında qaldığı vaxt kafir əcnəbilər gəlib onların vətənini istila edəcəkdirlər, ona görə, bunlar da səy eləyirdilər ki, vətəni kafir əlinə verməkdənsə, eylə hazır özləricə soyub, dağıdıb kafirləri "damaq" qoysunlar.
* * *
S. - Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu eləyən kim idi?
C. - Pobedonossev adında bir urus idi, amma nə fayda ki, kişi, canınıza sağlıq, bir neçə gün bundan irəli sağ-salamat durduğu yerdə vəfat elədi... Çünki bu kişi elə bilirdi ki, dünyada hamıdan yaxşı adam urusdur. Ona görə sair tayfaları də urus edib, "yaxşı adam" olmaqlarına çalışırdı.
* * *
S. - Dünyada rus hökumətinin lap bərk dostu kimdir?
C. - Dövlət dumasının "sol" firqələri, çünki, bunlar əvvəldən indiyə kimi hökumət əhlinə deyirlər ki, ay balam, ta, siz yorulubsmız, az iş görün, çıxın, gəlin oturun bir yerdə, qoyun qalan işləri də biz özümüz görərik.
* * *
S. - Nə vaxt adam öz evində qonaq kimi olur?
C. - Evini qaradavoylar "obısk" eləyəndə!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 295-296.
