Vəzirlər proqramı
Osmanlıdan gələn xəbərlər bir-birindən şayani-məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani- məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni-əsaslı dövlətlər cərgəsinə girib də nə gunə sifət və simada olacağını bildirir.
Vəzirlər proqramı ümumi bir nəzərlə baxdıqda, hüsn təsir-bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq dəva və dərmanların haman hamısı burada tedad və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna müğayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və dəsturüləməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib və idareyi-müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə xitam qoyulaçağını bildirnr. Köhnə "qanun"ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.
Binaənileyh vəzirlər proqramı bildirir ki, müvəqqət qanunlar tərtib olunacaqdır. Söz yoxdur ki, bədə heyəti-vüzəra müvəqqəti qanunsazlıq vəzifəsini məclisə həvalə edib, özü isə doğrudan doğru olan icraat vəzifələrinə mübaşir olacaqlar.
Müstəbid dövlətlərdə olduğu üzrə Osmanlıda dəxi və alacaq işlərinin böyük nizamsızlıq və ədalətsizlik ilə icra olunduğu məlum idi. Köhnə üsul üzrə icra olunan vergi işlərindən dövlət xəzinəsi bir o qədər qazanmırdı, nə qədər ki, məmurlar qazanırdılar, binəva əhali isə vergi ağırlığı altında əzilib istitaətdən düşürdü. İştə vəzirlər proqramı vergi üsulunun islahını vəd edib də ədalətlə yığılacağını və bütün məmləkətdə maliyyatın tərəqqisinə qeyrət ediləcəyini bildirir.
Artıq şayani-təqdir və təhsin burasıdır ki, xəstəlik: mikrobları kimi əhalinin canına daraşmış bir çox müftəxor məmurlar əzl edilib və lazım olan məmurların maaşı və məvacibi müntəzəm surətdə verilib də bu surətlə- idareyi-mülkiyyə islah olunaçaqdır.
Hər bir əmrdə iqtisada riayət olunacağını və idareyi- əskəriyyədə dəxi israfdan çəkiniləçəyini işarə edib də vəzirlər proqramı orasına diqqət yetirir ki, dövlətin qoşun və flotunun tənzim və təqviyyəsi üçün lazım olan səy və qeyrət müzayiqə edilməyəcəkdir. Osmanlı düvəli-müəzzəmədən ədd olunur. O surətdə düvəli-müəzzəmənin hər biri malik olduğu quru və bəhri qüvvət Osmanlıda da olmalıdır. Bu gün menşikovların və çörçillərin, "Almaniyaya hörmət lazımdır"-deyə bağırmaları Almaniyanın son dərəcə müntəzəm quru və su qüvvəsinə malik olmağı sayəsindən irəli gəldiyini Osmanlı heyəti-vüzərası dəxi bilir. Proqramda işarə olunan vətənpərvərlik hissi heyəti-vüzəranın ağzından çıxan sözlər olduğuna alqışlar edib də, bizlərdə "hazır ol Cəngə, Əgər istərsəi sülh və səlah" və Avropada "müsəlləh sülh" adlanan iqtizayi-zəmanəyə görə söylənən sözləri xatirimizə gətiririk.
Nəşr və tövsii-maarif üçün də vəzirlər heyəti xidmətlərdə bulunacağını proqramda göstərir. Osmanlı məmləkətində hər dürlü məktəblərin istibdad zamanında dəxi kafi-dərəcədə olduğunu iqrar edənlər var idi. Lakin o məktəblərdə də istibdad hökmfərma olduğuna görə, həqiqi maarifə xidmət görünmürdü. İndi isə haman məktəblərin Avropa üsulu üzrə təsis və tənzim ediləcəyi qətiyyən ümid olunur.
Proqram deyir ki, sair dövlətlərlə Osmanlı dövləti münasibati sülhkaranədə olmağa səy edib də, öz şan və heysiyyətini iqbayə çalışacaqdır.
Osmanlıda osmanlılar özləri məhrum olan bəzi hüquqa əcnəbi təbəələrinin malik olduğu məlum idi. Proqramda işarə olunur ki, dövlətlərin razılığı ilə müstəsna hüquqlar ləğv ediləcəkdir. Ən axırda proqramda deyilir ki, məmləkətin idarəsi hər bir halda qanuni-əsasiyə müvafiq olub,. bu qanuni-əsasiyə iqtiza edən islahat hər yerdə icra olunacaqdır.
Sultan həzrətlərinin amal və arzusu layiq surətdə təqdir və arai-ümumiyyə tərəfindən təqviyə olunacağını vəzirlər ümid edir. Bizə məlum olduğu üzrə, sultan həzrətlərinin amal və arzusu (öz dili ilə bütün diplomatiya korpusu hüzurunda deyildiyi kimi) təbəəsinin səadət və rifahətidir.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 94-96.
