Üzeyir Hacıbəyli

"Tərcüman" nə deyir, nə söyləyir?

Biz "İrşad"ın keçən nömrələrində yazmışdıq ki, dumanın sağ tərəfi, yəni purişkeviçlər, şulginlər və sair müafizəkar və zülmətpəsəndlər dumanı bir "yəhudi yığıncağı"-deyə hesab edib, dağıdılmasını arzu etdikləri üçün, bu arizuyi-nifrətəngizi hüsula gətirməkdən ötrü istəyirdilər ki, sol tərəf üzvülərin hərəkati-ifrətpərvəranəsindən istifadə edərək, dumanı elə bir hala qoysunlar ki, hökumət tərəfindən dağıdılması naçar olsun. Bunun üçün onlar bir gün surəti-rəsmiyyədə duma əhlinə təklif etdilər ki, bütün duma, Rusiyada davam edən siyasi qətl, cinayətlərə qarşı izhari-nifrət etsin.

Bu təklifin nə qədər yersiz olduğunu və bu günə təkliflərin duma vəzifəsinə bir o qədər aid olmadığını biz keçən nüsxələrdə yazmışdıq və onu da demişdik ki, duma sağların bu məsələsinin həllini gələcək günlərə saxlayıbdır. O vaxtdan bəri məlumdur ki, dumanın hər bir fraksiyası bu məsələ barəsində düşünüb, yəqin müəyyən bir fikir hazırlayıb. Burada bizim diqqətimizi artıq cəlb edən o idi ki, görək dumanın müsəlman fraksiyası ki, Müsəlman İttifaqının mərkəzi komitəsi üzvləri ilə bərabər iş görməyə başlayıbdılar, bu məsələyə. dair nə qərar ittixaz edəcəkdir? Biz bu qərarı, təkrar edirəm, böyük bir diqqətlə gözləyirdik, çünki məsələ çox "nazik" olduğundan qorxurduq ki, birdən müsəlman fraksiyası əhyana səhv düşüb, özünü komprometirovat elər, yəni bütün həqiqi hürriyyətpərvərlər gözündə etibardan düşməyə məcbur olar. Lakin digər tərəfdən duma üzvlərinin və xüsusilə mərkəzi komitə əzasının sahibi-ittila və bəsarət olduqları bizi bir qədər arxayın edirdi. Gözləndiyi üzrə müsəlman şöbəsi həmin dediyimiz məsələni bu günlərdə müzakirə edib, öz qərardadlarını bəyan etdilər və biz kəmali-xoşnudü məsərrət ilə bildik ki, bizim duma müsəlman şöbəmiz bu məsələyə dair belə bir layiqli qərardad ittixaz edibdir ki, onun ixtisarı budur:

"Siyasi qətl və cinayətlərin törənməsinə və davamına səbəb davam edən tərzi-idarənin baqi qalması olduğuna görə, bu tərzi-idareyi-müstəqilə tərzi-idareyi-məşrutiyyətə münqəlib olduğu halda, siyasi qətl və cinayətlərə dəxi məhəl qalmayıb, öz-özünə yox olacağını nəzərə alıb, fraksiya sair məsələlərin həllinə keçir".

Sağlardan savayı bütün duma fraksiyalarının da qərardadlarının bu məzmunda olacağına şübhə yoxdur. Biz böyük bir ümiddə idik ki, bütün müsəlman mətbuatı duma müsəlman şöbəsinin bu qərardadını böyük bir razılıq ilə tələqqi edər. Lakin nə deyirsiniz ki, 25 yaşında olan "Tərcüman" babamız müsəlman şöbəsinin bu qərarını bəyənmir.

İdarə təqribən bu sözləri deyir:

"Biz müsəlmanlardan siyasi qətllər işində iştirak edən və hürriyyət fədaisi olan bir adam dəxi olmamışdır. Ona görə yaxşı olardı ki, bu məsələ barəsində bizim üzvlər heç bir söz deməyib, sükut edəydilər və öz rəylərini izhardan çəkinəydilər, çünki sükut üstündə heç kəs bizi məsul tutmaz", amma danışıb söz desək-bunu da biz əlavə edirik-olsun ki, sağların və sağ həvaxahlarının nəzərindən düşək.

"Tərcüman"ın bu təklifi, sözün açığı, bizi bir çox özgə fikirlərə salır. Biz heç anlaya bilmirik ki, "Tərcüman" bizim vəkillərimizə belə bir nalayiq təklifi ibraz etdikdə, onları nə hesab edir və nə yerində qoyur.

Fərz edəlim ki, "Tərcüman" indi, hətta, "əsl müsəlman" nöqteyi-nəzərindən işə baxır. Bu nəzərdən də onlara sükut təklif etməyi movcibi-istiqrardır. Bu məsələ ümumi bir məsələdir, lakin o ümumi məsələlərdən deyildir ki, ona cavab vermək və o xüsusda bir rəy izhar etmək üzvləri məslək və əqidə sarıdan sairlər gözündə şübhədar etsin. Məsələn, büdcə məsələsi dəxi ümumi və ən əhəmiyyətli bir məsələdir. Lakin Əgər üzvlərdən bir parçası bu məsələ xüsusunda sükut ixtiyar edib, bir söz danışmasa, sairlər güman edə bilər ki, bəli, bu üzvlərin büdcə məsələsinə əhliyyətləri yoxdur və o səbəbdən naşi izhari-rəydən çəkinirlər. Lakin, "siyasi qətl və cinayətlərə qarşı etiraz etmək" məsələsi elə bir ümumi məsələdir ki, o xüsusda bir rəy izhar etməkdən ötrü xüsusi bir biliyə ehtiyac yoxdur. Binaənileyh bu barədə bir rəy izhar etməyib də sükuta dalmaq, sairləri şəkk və şübhəyə salmaqdır. Halbuki bu məsələni dumaya verən sağlardır və nə niyyətlə verdikləri də hər kəsin məlumudur və məsələnin müzakirəsində iştirakı lazım olan dəxi bir-iki bitərəf üzv deyil, dumada xüsusi bir ad və bir məhəl tutan müsəlman şöbəsidir. İş belə olan surətdə bu kimi məsələ xüsusunda izhari-rəydən çəkinib sükut ixtiyar etmək, bütün vəkaləti-milliyyəyə qarşı iştə bu sözləri deməkdir: "Ay sağlar, biz sizin sözlərinizi təsdiq edirik, lakin dinməyib sükut ixtiyar edirik ki, sol tərəf bizdən inciməsin". Yainki belə: "Ay sollar, sizin sözləriniz həqdir, lakin biz bu barədə izhari-rəy etməyib, qorxuruq ki, sağlar bizdən incisin!"

Zənn edirəm, əsl bu sözləri bəyan edən vəziyyət ki, "Tərcüman" müsəlman vəkillərinə təklif edir, nə sağlara xoş gələr, nə də sollara, bəlkə hər iki tərəfi narazı edib, müsəlman şöbəsini etibar və etinadan tamamilə salar.

İndi keçəlim "Tərcüman"ın bu sözlərinə ki, deyir: "Bizim müsəlmanlar azadlıq hərəkatında əməl və fel ilə iştirak etməyibdilər". Bu söz doğrudur, bu hər uşağa məlum bir həqiqətdir. Lakin nə üçün biz müsəlmanlar azadlıq hərəkatında əməl və hətta fel ilə də iştirak etməmişik? Çünki bizim külliyyətimiz haman idareyi-müstəbidənin hökmfərmalığı sayəsində cəhalət içində qalıb, azadlıq hərəkatının mənasını anlamırıq.

Lakin bizim ziyalı vəkillərimiz bu bəhanə ilə dumada sükut ixtiyar edə bilməzlər. Çünki etsələr, özləri də haman azadlıq hərəkatının mənasını anlamayacaq dərəcədə cahil olduqlarını iqrar edərlər. Ondan sonra onların gələcəkdə söyləyəcək olduqları sözlərə heç bir kəs məhəl qoymayıb, cahil üzvlər əvəzində aqil və sahibi-ittila adamların sözü keçməsini əfzəl tutarlar.

Xülasə, "Tərcüman" rəfiqimizin müsəlman şöbəsi qərardadı xüsusunda idarədən əlavə qərardad və "təklif"i bizi artıq mütəəccib qoyub, bu cürə suallara sövq edir ki, "babamız" nə deyir, nə fikr edir və axır məqsədi nədir?

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 83-86.