Üzeyir Hacıbəyli

Üçüncü rəqib

İndiyə qədər iki böyük dövlətin əlində heysiyyət və mənfəət qazanılması üçün mənbəyi-rəqabət olan İran indi dəxi üçüncü, bir rəqibin tamah oxuna nişanə olacaqdır.

Bu rəqib, Avropa arasında "Sultan Həmid dostu və aləmi-islam hamisi" adilə, amma durbin və sahibi-bəsirət olan islam övladı nəzərində "Osmanlı evyıxanı" və "aləmi-islam düşməni", ismilə məşhur olan Almaniya, yaxud Germaniya dövlətidir.

İki əvvəlinci rəqiblərdən ibarət olan Rusiya və İngilis istibdad giriftarı olan İrandan istifadə edirdilərsə də, bu üçüncü rəqib-Almaniya məşrutiyyət və vəkaləti- milliyyəyə nail olmuş İrandan nəfbərdar olmaq istəyir.

İki əvvəlincilərin tamahı nə qədər hədsiz olsaydı da, bir o qədər təsəllibəxş idi. Çünki getdikcə xalqın göz açıb oyanmasına səbəb olardı və çox ola bilsin ki, oldu da, amma bu üçüncü rəqibin zühuru hələ ki, heç bir təsəlli vermir.

Almaniya, ingilis qəzetlərinin yazdığına görə, İran ticarət bazarlarında şayani-əhəmiyyət bir mövqe işğal etmək üçün qəti təşəbbüsatda bulunmağa başlamışdır. Belə ki, Almaniya "Orient bank"ı Tehranda və Təbrizdə ezünə şöbələr açmaq üçün İrana xüsusi bir nümayəndə göndəribdir.

Alman bankının burada məqsədi ondan ibarətdir ki, İran hökumətindən (Osmanlıdan aldığı kimi) müxtəlif imtiyaz (konsessiyalar) alıb, İran "Banki-milli"silə müahidələr bağlasın və hamısından ümdə budur ki, iki dəmiryol inşası üçün imtiyaz alsın ki, bunlardan biri Osmanlı sərhəddinə və digəri isə Xəlici-farsda olan Ümman (port) bəndərinə çəkilsin. Bu axırıncı mövqe Baqdad dəmir yolunun dəxi intihasıdır.

"Slovo" qəzetinin yazdığına görə, alman qəzetləri açıqca izhar edirlər ki, Almanın bu təşəbbüsati-tüccariyyəsinin ümdə səbəbi ingilis politikasına qarşı müxalifət göstərməkdən ibarətdir. Əgər ingilis. nüfuzu artıq olub və alman bankı İran "Banki-milli"silə mətin bir etilaf düzəldə bilməsə, o surətdə Tehranda xüsusi və müstəqil bir şöbə açıb öz nüfuzunu İranda ümdə ticarət mövqelərində intişara başlayacaqdır.

Bununla bərabər, səy olunacaqdır ki, İranda alman ticarət paroxodstva (seyri-səfain)sı dəxi getdikdə artsın. Bunun üçün alman paroxodları yük filan daşımaqda ingilis paroxodlarına nisbətən az qiymət alacaqdır.

Alman qəzetlərinin söylədiyinə görə, alman "Orient bankı" bərk ümiddədir ki, hökumət dəxi o xüsusda ona lazımi köməklər edib böyük bir tərəfdar olacaqdır. Çünki Alman hökumətinin İrana dair nəzəri budur ki, "İran iranlılardan ötrüdür". Yəni Alman hökuməti Rusiya ilə ingilisin İranda politika işlətməsinə razı olmayıb, bu arzulardadır ki, onlara orada bir badalaq vura bilsin. Ona görə öz bankına kömək edəcəkdir ki, ingilis və rus nüfuzlarını İranda azaltsın.

Bizim əqidəmizcə "İran iranlılardan ötrüdür" deməkdə Almaniya hökumətinin məqsədi İranın hər bir cəhətcə tamamiyyətini gözləmək deyil, bəlkə bu tərazın əsası rus və ingilislərə qarşı həsəd və paxıllıqdır. Hər halda, rus və ingilis məhafili-tüccariyyələri Almaniyanın bu təşəbbüsünə görə böyük əndişələrə düşübdülər. Almaniya isə onlara təsəlli verir, yəni ruslara deyir ki, artıq əndişə etməyin, mənim bu politikam büsbütün, ingilis nüfuzuna qarşı ittixaz olunubdur. Ingilisləri isə bununla arxayın etmək istəyir ki, bəli, qorxmayın, mən sizin İranda olan nüfuz və mənafeyinizə toxunmaram, ancaq öz tiçarətimin tərəqqisinə çalışıram.

Lakin nə rus və nə ingilis məhafili-tüccariyyəsi təsəlliyab olmaq istəmirlər. Çünki şübhəsizdir ki, alman politikası onların hər ikisinin İranda olan nüfuz və mənafelərini xələldar edəcəkdir.

İran məçlisi-məbusanı Almaniyanın bu politikasına böyük bir əhəmiyyət nəzərilə baxıb, ehtiyatda bulanmalıdır və bunu dəxi unutmamalıdır ki, ingilisin Osmanlı dövləti başına min cürə kələklər açmasına səbəb həmin bu Almaniya və Sultanın Almaniyaya hüsni-təvəccöhü oldu. Söz yoxdur ki, ingilis və demək olar ki, Rusiya dövləti bu yeni rəqib qabağında geri çəkilib bəs deyəcək qədər ürəksiz deyildirlər. Ona binaən bu üçünün arasında şiddətli bir rəqabət törəyəcəyi şübhəsizdir. Burada, mənim zənnimcə, İranın, yəni İran məclisinin təkliyi, bu rəqiblərin heç birinə nə hüsni-təvəçcöh, nə ədəmi-iltifat göstərməyib, rəqabətlərindən bacarıb vardıqca nəfbərdar olmaqdır, vassalam!

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 80-82.