Aprel mənə imkan və şərait yaratdı
Mən Azərbaycanda ilk operam olan "Leyli və Məcnun"u 1908-ci ildə yazarkən qüvvətli orkestrovka verə bilmədim. Ona görə də, o primitiv oldu və muğamat üsulunda yazıldı. Bundan sonra yazdığım "Əsli və Kərəm", "O olmasın bu olsun" da belə bir mühüm nöqsana tutuldu. Bu nədən irəli gəlirdi? Çünki mən Avropa musiqi texnikası ilə silahlanmamışdım. Axı necə də silahlanaydım? Axı buna imkan, şərait və vəsait lazım idi. Mən isə bunlara malik deyildim.
1911-1913-cü illərdə öz qüvvəmə əsaslanaraq, əvvəlcə Moskvaya və sonra Leninqrada oxumağa getdim.
Burada mən "Arşın mal alan" operettasını yazdım. Bu ikinci addımımda savadlı bir musiqi əli göründü. Buna baxmayaraq mən maddi çətinlik içərisində sıxılaraq, Leninqradda təhsili buraxmağa məcbur oldum.
Mən ancaq Azərbaycan şuralaşandan sonra illər boyu arzu etdiyim imkan və şəraitə malik oldum.
1920-ci ildən başlayaraq mədəni və ictimai cəbhələrdə yorulmaz bir əsgər kimi iştirak edirəm. Musiqi texnikumu və dövlət konservatoriyası vasitəsi ilə onlarca gənc, bacarıqlı musiqiçi tərbiyə etmiş və yetişdirmişəm. Mərhum Asəf Zeynallı, B. Əfrasiyab. Əşrəf Həsənov, H. Rəfatov, Niyazi, Səid Rüstəmov və s. bu sıradandır.
Hazırda əfsanəvi qəhrəman Koroğlu haqqında operanı qurtarmaq üçün çalışıram.
"Koroğlu" operasının yaradılması üzərində üç ildən artıqdır ki, işləyirəm. Əfsanəvi Koroğlu istər ədəbiyyatımız, istərsə musiqimizin diqqətindən kənarda qala bilməzdi. Mən Koroğlu haqqında bir sıra sənədlərlə, xalq mahnıları ilə müfəssəl tanış olduqdan sonra belə qərara gəlmişəm ki, Koroğlu narazı qalan və qiyam edən kəndlilərin başında duran diqqətəşəyan fiqurlardan biridir. Onun şöhrəti yalnız Azərbaycanda deyil, qonşu qardaş Gürcüstan və Ermənistan cümhuriyyətlərində də yayılmışdır. O, bütün Zaqafqaziyada şöhrət qazanmışdır. Buna görə də mən onun mübarizəsini göstərmək qərarına gəldim.
Yeni operanı yaradarkən mən musiqi yazmaqda Avropa texnikasından mümkün qədər geniş istifadə etməyi, həm də primitivliyi kənara ataraq yeni havalar yaratmağı, onların içərisində Azərbaycan mahnıları və havalarının ölçüsü və ahəngini daha aydın göstərməyi öz qarşımda bir məqsəd olaraq qoymuşam. Hazırda mən operanın orkestrovkası ilə məşğulam.
Son vaxtlarda mən Azərbaycan radio mərkəzinin notlu Şərq orkestrini yenidən tərtib edərək, 38 nəfərə çatdırmışam. İndi mən Azərbaycan musiqisini öyrənən kabinədə işləyir, dövlət konservatoriyasında dərs verir və bundan əlavə şura kompozitorları ittifaqının sədr müavini olmaq etibarilə ittifaqı möhkəmlətmək və gənc kompozitorların yaradıcılığını yüksəltmək uğrunda işləyirəm.
Bu müddətdə yuxarıda göstərilənlərdən başqa mən Qızıl Ordu mahnıları da yazmışam. Bunların biri süvari, digəri piyadə hissələr üçündür. Bu mahnılar yaxın günlərdə Qızıl Ordu və Donanma evində nümayiş etdiriləcəkdir.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 207-208.
