Üzeyir Hacıbəyli

Hər işi öz əhlinə tapşırmalı

Çox vaxt bizim cəmiyyətlimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinə və bir tez zamanda pozulub dağılmasına səbəb odur ki, o cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Yəni üzərlərinə götürdükləri məsuliyyəti və vəzifəni layiqincə ifa edə bilmirlər. Edə bilmədiklərinə səbəb müsamihə, səhlənkarlıq və etinasızlıq deyil, bəlkə öz vəzifələrində əhl olmadıqlarıdır. Çox vaxt görürsən ki, bir iş başına qoyulmuş və ya öhdəsinə müəyyən bir vəzifə verilmiş adam haman işin üstündə o qədər çalışır ki, lap qabıq qoyur, amma yenə də iş irəli getmir. Bu isə işin irəli getmədiyini görüb daha artıq çalışır, daha səyini artırır, amma yenə də bir nəticə hasil olmur. Axırda o qədər özünü əziyyət və zəhmətə salır ki. həm cismən, həm də ruhən yorulur, xəstələnir və axırda işə yaramaz olur. Deməli, binəva həm özünü əldən salır, bütün gücünü itirir, həm də işin irəli getməsinə mane olur.

Bu nədəndir?

Çünki üzərinə götürdüyü işin əhli deyildir. İşdən başı çıxmır. Onun üçün də harada zəhmət çəkmək, qüvvət sərf etmək, fəaliyyət göstərmək lazım olduğunu bilməyib, lazım olmayan yerdə nahaq yerə o qədər zəhmət və əziyyət çəkir ki, axırda tamamilə yorulur. Halbuki əgər haman iş öz əhlinə tədi olunsa, yəni o işi müxtəs bilən bir adama həvalə olunsa, əvvəla, həm iş irəli gedər, həm də iş sahibi heç də özünü əbəs yerə yormaz.

Məşrutəli dövlətlərdə, yəni o dövlətlərdə ki, bütün dövlət idarəsindən məqsud əhaliyə olduqca artıq mənfəət yetirib ehtiyacatını rəf etməkdir, həmişə ona diqqət olunur ki, hər işin başında əhl adam olsun. Məsələn, nəqdiyyə və maliyyə işlərini gözəlcə bilən bir adama maliyyə vüzəratını qoyub da heç vaxt hərbiyyə vəzirliyi verməzlər. Laxud nəşri və təmimi-maarif işlərində ixtisas sahibi olan bir kəsi maarif vüzəratı qoyub da heç bir halda xariciyyə vəziri etməzlər. Sair vəzifələr də bu nöqteyi-nəzərdən öz əhli adamını tapar. Ona görə də haman dövlətlərdə millət və dövlət getdikcə tərəqqi tapmağa və istirahətlə yaşamağa başlar. Amma o dövlətlərdə ki, onların tərzi-idarəsi camaat mənafeyini gözləmək əsası üzrə qurulmayıbdır, orada artıq əhl adamlara o qədər diqqət yetirməzlər və bir işə birisini təyin etdikdə onun bu işdə əhl olduğunu, ixtisas sahibi olduğunu axtarmazlar. Bəlkə camaata zərrəcə mənfəəti olmayan başqa fikirləri nəzərdə tutub hər kəsi haraya olsa soxarlar. Odur ki, o cürə dövlətlərdə də camaat həmişə miskin və zəlil bir halda olar. Məsələn, İranın Türkiyənin keçmiş halları və sairə...

İştə bizlərə də vacib və lazımdır ki, hər bir işdə öz əhl adamını axtaraq və o işi ona tapşıraq. İndi o adam öz hal və övzainə görə nə payədə olursa-olsun, heç fərqi yoxdur təki öhdəsinə verilən işin əhli olsun.

Belə mühüm bir əmrdə xatir gözləmək, birisinin cah və rütbəsini nəzərə almaq, birisinin xoşuna gəlmək kimi bir qəsd ilə meydana girmək haman mühüm işə və bütün millətə xəyanət etməkdir.

Madam ki, bir şəxs bir işi bacarmır, o işdən heç bir xəbəri yoxdur, o halda ona haman işi həvalə etməyin mənfəəti-ümumi yetirmək nöqteyi-nəzərindən heç bir məqul mənası ola bilməz. Yox, əgər haman əziz şəxsin nə tövr olursa- olsun bir iş başında durması və ya bir işə təyin edilməsi lazım isə, o halda onun üçün elə bir iş seçməlidir ki, o işi bilir, o işin əhlidir. Zənn edirəm ki, o surətdə həmin əziz sayılan şəxs bizim içimizdə daha əziz və daha möhtərəm ola bilər. Və illa bilmədiyi və bacarmadığı işə qoyularsa, daha da o izzət və hörməti itirər və xalq yanında məhcub olar.

Bundan başqa, madam ki, bir işə əhl adam seçildi və iş də ona tapşırıldı, ondan sonra həmin əhl adamı tamam və kamal sərbəst buraxmalıdır. Heç bir halda onun işinə qatışmamalıdır. Onun əl-ayağına dolaşmamalıdır. Təəssüflər olsun ki, bizlərdə - harada olursa-olsun - elə bədxülq adamlar var ki, bilməyə-bilməyə özgəsinin işinə qarışmaq onun üçün bir adətdir. Gərək nə tövr olsa, hər yerə bir əl qatsın. Bu adamlar müzürrdürlər. Ona görə əhl adam- ları belə müzürr şəxslərdən qorumaq da ümdə şərtlərdəndir.

Bundan başqa, bizim boşboğaz tənqidçilərimiz də az deyildir. Bu tənqidçilərin bəziləri öz boşboğazlıq adətlərinə görə, bəziləri də məhz qərəzi-şəxsi ucundan hər yerdə və hər zamanda oturub-durub əhl adamları tənqid etməyə başlarlar. Əlbəttə, həqiqi və doğru tənqid vacibdir və mənfəəti də çoxdur, lakin cahilanə tənqid çox zərərdir. Çünki cahil tənqidçi heç bir şey anlamır, yaxşı-yaman seçə bilmir. İştə haman əhl adamları belə tənqidçilərin şərindən də xilas etmək işin sürətlə irəliləməsinə səbəb olar.

İndi hər işlərimizdə yuxarıda saydığımız şərtlərə riayəti-tam olunsa, həqiqət, çox mənfəət görərik. Yox əgər olunmasa, mənfəət əvəzinə zərərə düçar olarıq, necə ki, oluruq...

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 145-147.