Üzeyir Hacıbəyli

Ordan-burdan: [Yarım günlük səyahətim və yaxud üsuli-cədid təlimi nəyə deməçlər!]

Əgər "bir müəllim" klasın içində bozbaş yeyə və qabağında diz üstə oturub yırğalanan uşağa deyə ki: "Lam, əlif, layi, püş, yufi, zən yuf, layi lam, zəbərli, layifli, huhu, layəfləhu, nun zəbər, nə layəfləhunə" və eyni zamanda o biri uşağa deyə: "Bər daniyani rəmuziagahi" və bozbaşdan iki qaşıq vurub davam edə: "Və dəqiqə şünasani hekməthayi ilahi vazeh və mübərəhən əst" və bunun dalınca bir yoğun papiros qayırıb uşağın üzünə fısqırda! Buna üsuli-cədid təlimi deməzlər.
Ağlım kəsir ki, bunu müəllimlərin hamısı bilirlər.
Və yenə, əgər bir müəllim uşaqlari iki-uç saat klasda saxlaya və tənəffüsə qoymaya və uşaqlar yorula və yorulub yata və müəllim uşaqları yuxudan durğuzub deyə ki, gedin, çörək yeyin, sonra gəlin, yenə dərs deyəcəyəm, ona da üsuli-cədid üzrə təlim deməzlər.
Belə zənn edirəm ki, müəllimlərin bir çoxu da bunu bilirlər.
Və əgər bir məktəb ola və o məktəbdə bir müəllim ola və o müəllimin yanına bir ayrı müəllim də gələ və əvvəlki müəllim görə ki, bu tazə müəllim ondan çox bilir, ona görə xayınlığı tutub bu müəllimin quyruğunu düymək istəyə və onun üçün bəhanələr axtara, amma yaxşı bəhanə tapa bilməyə, onun üçün ona sataşa və bu tövr ilə bir "skandal" çıxarda və uşaqların atalarına söyləyə ki, bu tazə müəllim dinsizdir, özü də şərab içir. Və məktəbin işinə şuluqluq sala, buna da heç vaxt üsuli-cədid təlimi deməzlər, bəlkə üsuli-şeytan rəftari deyərlər.
Məncə, klasda bozbaş yeyən müəllim, bu üsuli-şeytan rəftarlı müəllimdən xətasızdır və bir də, o ki deyirlər, məsələn, "Qafqaziyada cəhalət" elə haman cəhalətin ürəyi bax haman bu cürə rəftardır.
Burada mənim səyahətnaməm tamam olur.

                                                                                                                                                         Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 50-51.