Üzeyir Hacıbəyli

Bir tədbir lazımdır ya yox?

Zaqafqaziyada işlər xarabdır. İrəvan və Gəncə quberniyalarından bir-birindən həyəcanlı, bir-birindən qorxulu xəbərlər gəlməkdədir. Quldurluq, qatillik, bu zavallı quberniyalarda adi hadisələr halını çoxdan bəridir ki, kəsb edibdir. Bir tərəfdə öldürürlər, bir tərəfdə soyurlar, bir tərəfdə heç bir təqsiri olmayanları əsir edib, min cürə əziyyət və əzaba giriftar edirlər! Qəzetələr böylə hadisələri öz sütunlarında xəbər verib, onu dəxi qeyd edirlər ki, filan yerə qoşun göndərilib, filan yerə top aparıldı. Lakin bu qoşun, bu top məzkur hadisələrin günü-gündən şiddətlənməsinəmi kömək edir, yaxud əksilməsinəmi? Biz desək bu hadisələrin əksilməsini görməyib hər gün yeni hadisələr vüquunu xəbər verirlər. Şübhəsizdir ki, əgər işlər bu tərz ilə davam etsə, yəni vaqe olan hadisələrə qarşı yalnız bir qoşun və top göndərməklə tədbirlər görülsə, bu ölüm-itim, quldurluq, basqınlığa bir intəha olmaz, bəlkə bunlar hamısı o qədər şiddətlənər ki, axırda ümumi bir qırğına mübəddəl olub, ölkəni ağzına alar. Ondan sonra... "əsaslı" tədbirlər görülməsinə mübaşirət edilər, tədbirləri işə buraxmağa, tətbiq etməyə başlarlar. Lakin üç gün keçməz ki, genə sahib tədbirlər boşalar, tədbirlərin əsəri, nüfuzu azalar, yenə ölüm, itim, hücum öz qaydasına girər, top və qoşun göndərilər, heç bir faydası olmaz, işin axırı qırğın və iğtişaşa müncər olar və habelə... Bunlar hamısı təkər kimi fırlanmağa başlar və bunların hər bir fırlanmasına ölkənin hər dəfə bir qismi qurban olub gedər...
Lakin bir fikir edəlim, məgər, doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı tədbirlər görmək lazım deyilmi? Məgər, doğrudan da qət edilibdir ki, hər nə olur olsun? Məgər, keçən erməni-müsəlman şurasından218 nəticələr çıxara bilmədiyi rəislərimizi, başbilənlərimizi daha həvəsdən saldı? Lakin bu erməni-müsəlman şurasından arzu edilən nəticələr çıxa bilmədiyinə səbəb nə oldu?
Əgər işə diqqət ilə baxılarsa məlum olar ki, bu şuranın səmərəsiz qalmağına və qanlı hadisələrin, hətta qırğınların davamına və şiddətlən- məsinə yalnız bir o həqiqət səbəb oldu ki, məzkur şuranın qərarilə canişin, qubernator, naçalnik və pristavlar hüzurunda təşkil olunmuş sülh və səlah komisyonları öz vəzifələrini layiqincə yerinə yetirə bilmədilər.
Ən əvvəl bu həqiqəti yadımıza salalım ki, yuxarıda zikr olunan erməni-müsəlman şurası qurtarıb canişini-Qafqaz hüzurunda komisyon qurmağa başlandıqda, erməni camaatının ifratpərvər hissəsi öz vəkillərini məzəmmət edib, hətta onların vəkilliyə haqları olmadığından danışmağa şüru etdilər. Bu da ondan naşi idi ki, məzkur şurada müsəlmanlar tərəfindən biməhaba rast və mərd-mərdanə danışan vəkilləri bu erməni-müsəlman iğtişaşına böyük səbəb ermənilərin "Daşnaksütyun" adlanan ixtilalçı firqəsi olduğunu dəlil və sübutlar ilə hökumət hüzurunda bəyan etmişdilər.
                                                                                                                * * *
Bəs o vaxt ki, ölkənin orasında-burasında müsəlmanlar ölüm-itim və hücuma giriftar olurdular, canişin hüzurundakı sülh və səlah komisyonu bu cinayətlərə qarşı bir tədbir görməyi artıq hesab edirdi, o vaxt ki, hökumət qulluqçuları öz provokatorları ilə və fitnə və fəsadları ilə aranı qızışdırırdılar və müsəlmanları erməni bədkarlarının ayağına verib erməniləri müsəlmanların üstünə qalxızırdılar. Yenə məzkur komisyon kəmal istirahət ilə oturub, belə bir şeytənətkaranə əməllərə etina etməyirdi və diqqət yetirməyirdi. Demək olmaz ki, bu cinayətlərin sədası və zülmdidələrin ah-naləsi komisyon üzvlərinin qulaqlarına yetişməyirdi; xeyr, onlar bunun hamısını yaxşı bilirdilər, lakin bilə- bilə özlərini bilməməzliyə vururdular.
Demək olar ki, əgər bu sülh və məsaliməti özünə vəzifə ittihaz etmiş canişin hüzurunda olan bu baş komisyon öz müqəddəs vəzifəsini layiqincə ifa edə bilsə idi, yəni qərəz və tərəfgirliyi kənara qoyub sadiq dil ilə işə baş qoşsa idi, əbəs bir bu qədər qan tökülməzdi.
İndi hər iki tərəfdən biruz edən cinayətlər şiddətlənməkdədir; sülh və səlah komisyonları isə bir tərəfdən qərəz və tərəfgirlər və digər tərəfdən ətalət və cəbunluq illətinə giriftar odluqlarından əlan bu qorxulu hadisələrin önünü almaqda gücsüzdürlər. Baş komisyonun bu axırki qərardadından necə ki, gözlənilirdi heç bir hüsn nəticə hasil olmadı... General Quluşçapovun Qarabağa təkrar təyin olunub getməsindən heç bir şey çıxmadı, generalın burnunun qabağında neçə-neçə cinayətlər baş verdi, general isə buna qarşı heç bir tədbir görmədi.
Məzkur komisyon tərəfindən general Quluşçapovun öhdəsinə həvalə olunmuş köç məsələsi əl-hal namücməl qalıbdır; köçün bir yarısı dağda və bir yarısı arandadır... Komisyon qərar qoymuşdu ki, Gəncə quberniyasının provokatorluq edən hakimləri qulluqdan kənar 
olunsun. Əlan o provokatorlar öz başçıları olan Xan kəndi pristavı Voskresenski, Zəngəzur pristavlarından Saxarov ilə bahəm hələ hökm sürməkdədirlər...
Ölkəsinin və millətin qeydinə qalıb dərd və qəmini çəkən və yalançı "millətpərəstlik" örtüyü (maskası) altında özünü gizləməyən və millətbaz olmayan şəxs bu işlərə və bu əməllərə diqqət yetirməlidir və gələcək vəxamət və təhlükələri nəzərdə tutub sual etməlidir ki, davam edib də şiddətlənməkdə olan bu hadisələrə qarşı tədbir, görmək lazımdır ya yox!
                                                                                                                * * *
Tədbir vacibdir və əzəldən vacib idi. Lakin indiyə kimi görülən "tədbirlər" necə ki, görürük, heç bir hüsn-nəticə verə bilmədi. İndi isə ciddi tədbirlər görmək vacibdir. Hal-hazırda neçə-neçə firqələrin bu əhvala dair nəzərləri bizə məlumdur. Bu firqələr dəxi keçən tədbirlərin və əzoncümlə sülh və səlah komisyonlarının puç və bihudə olduqlarını görüb və gələcəyə dair təsəvvürlərini izhar etməklə bərabər öz tərəflərindən dəxi əqidələrincə həqiqi saydıqları tədbirlər təklif edirlər. Məsələn, erməni sosial-demokrat partiyası bizim ictimaiyyunamiyyun firqəsilə bərabər, isbat edirlər ki, hal-hazırdakı tərzi idarə (rejim)in vücudilə ölkənin sükut və istirahəti tamməsi, yəni, bilmərrə sakit və salim olması mümkün deyildir, bainhəmə, bu tərzdə bir tədbir təklif edirlər ki, bu iğtişaşın qəti, yalnız, bir Qafqazın zəhmətkeş hissəsinin əlilə mümkün ola bilər. Binaən əleyh həmin zəhmətkeşlərdən, yəni füqərayi-kasıbə deyilən fəhlə ilə kəndçi sinfindən cəmiyyətlər təşkil edib, iğtişaşı qət etmək işini onlara həvalə etməlidir. Lakin əvvəlcə təşviqat və təhrikat vasitəsilə bu füqərayi-kasibə firqəsini o məqamə yetirməlidir ki, onlar işin əslində xəbərdar olub öz xeyir və şərlərini qansınlar.
Bu nəzər və bu tədbiri hər halda təqdir və təhsin etməmək olmaz, bu yaxşıdır. Lakin iş buradadır ki, bu tədbirin işə qoyulması çox uzun çəkər, istər ermənilərin və istərsə müsəlmanların kəndçi qismini xeyir və şər tanımaq məqaminə gətirmək üçün neçə illər sərf etmək lazımdır. Halbuki bu böhranlı zamanda iti əsərli tədbirlər görmək lazımdır.
Biz müsəlmanlar dəxi rus məmurlarının provokatorluqlarını iqrar və etiraf edib də, erməni "Daşnaksütyun" firqəsinin də bu iğtişaşın davamına səbəb olduğunu anlayıb, ölkənin sakitlik və rahətliyi xatirəsi üçün tələb edirik ki, provokator olan məmurların bərkənar olması ilə bərabər, onların əlində kor alət olan "Daşnaksütyun" firqəsi dəxi dağılıb puç olsun, əlbəttə, bizim bu tələbimizə tez əncam verilsə, iğtişaş tez bir zamanda da sükunət və rahətliyə mübəddəl olar. Bu şübhəsizdir, lakin iş buradadır ki, bizim bu haqq tələblər tez bir zamanda əncampəriz ola bilməz, çünki doğrudur erməni camaatının özü bu hala öz "mühafiz"ləri olan "Daşnaksütyun"dan incikdir, amma, bainhəmə, illər ilə təşkil və təqviyə edilmiş bu firqə bu gün özünü öz camaatı arasında elə möhkəmləndiribdir ki, tez bir zamanda puç olması çox mahaldır. Onun terror vahiməsi hələ camaatın canından çıxmayıbdır...
Bəs nə etməli?
Məlumdur ki, iğtişaş və qan tökmək olmamaqdan ötrü lazımdır ki, provokasiya olmasın. Bu provokasiya həm hökumət tərəfindən ola bilər və həm də hər iki camaatın əvzəl və dəni şəxsləri tərəfindən; və saniyən, bir qanlı hadisə vaqe olandan sonra səy etmək lazımdır ki, bu hadisə təkrar davam etməsin və sair yerlərə yayılmasın. Bu da o zaman mümkündür ki, qanlı hadisəyə səbəb olan şəxslər bilatəxir adilanə, lakin şədidcəza və tobix yesinlər, yəni təkrar edirik, ölkəni, barı heç olmasa indiki halına nisbətən, sükunət və rahətlik üzrə saxlamaq üçün lazımdır ki, ümdə diqqət iki şeyə cəlb olunsun: Provokasiyanın olmamağma və müqəssirin bilatəxir layiqincə cəzalanmasına; zatən bu düşmənçilik bu iki millətin arasına kənar əlilə soxulmuş bir şeydir, əsası deyil. Binaənəleyh kənardan gəlmiş bu düşmənçiliyi yuxarıda zikr olunan tədbirlər ilə rəf etmək mümkündür. Lakin bu şərtlə ki, o tədbirlərin tətbiqinə heç bir qüsur və müsamihə olmasın.
İştə, ölkənin sülh və müsaliməti üçün ümdə iki tədbir görmək lazımdır: provokatorları qovub sürmək və caniləri layiqincə tənbeh etmək. Qətiyyən demək olar ki, bu erməni-müsəlman iğtişaşı başından indiyə kimi nə bir provokatora və nə də bir caniyə arzu olunan surətdə cəza və tənbeh olunmayıbdır; provokatorlar öz yerlərindədirlər və bu yerdən o biri yerə dəyişilibdirlər; əsil müqəssir və canilər isə cəza üçün hökumət əlinə verilməyibdirlər.
Zatən provokatoru və caniləri məhkəmə əlilə tənbih və tovbix etmək bizim bu sülh və səlah komisyonlarının vəzifələrindəndir; lakin nə etməli ki, bu komisyonlar öz təqsirlərinə görə bu işdə gücsüz və qüdrətsizdirlər... Halbuki indi yalnız bu gunə tədbirlərilə ölkənin sükunət və rahətliyini - əhali əqlə və huşə gəlincə, - saxlamaq mümkündür. Məlum olduğu üzrə hökumət də bu tədbirləri heç bir vaxt layiqincə ittixaz və tətbiq etməz; hər halda bu tədbirlər camaatın öz əlilə işə qoyulmalıdır və bu tədbirlərin əncamə yetməsinə camaat özü göz yetirməlidir, çünki provokatorun da və caninin də kim olduqlarını camaat özü yaxşı bilib tanıyır və bunlara tənbih və cəza olunması cana doymuş camaatın şiddətli arzusudur. Söz yoxdur ki, camaatın bu işə müdaxiləsi ancaq öz vəkillərinin vasitəsilə ola bilər; binaənəleyh camaat bu işdə olsun deyibən, yenə komisyon və komitə qurmaq lazımdır. Əlbəttə, bu komisyon və komitələrin indiki sülh və səlah komisyonları ilə çox az müşabihəti olmalıdır. Əvvəla, bu indiki komisyonların vəkilləri camaat tərəfindən baqajda seçilmiş həqiqi vəkil deyildirlər, bunlar Tiflisdə əl altında olan adamlardırlar ki, tutub hökumətin səlahidilə vəkil təyin edibdirlər. Sair məhəllə komisyonlarının vəkilləri isə, həmçinin, "Xudsər" vəkildirlər və saniyən, bu "vəkillərin qərəz və tərəfgirlikdən bəri və uzaq olmalarına heç bir kəs göz yetirməyir, onların tərəfgirləri isə indi hamıya məlumdur və saniyən bu "vəkil"lər iş görməkdə bir o qədər ixtiyar sahibi deyildirlər. Odur ki, hər nə səlah bilib, təklif ediblərsə də hökumət tərəfindən əməl olunmayıbdır. Bundan aşkardır ki, həqiqi və işə yarar komisyon təyin etmək üçün lazımdır ki: əvvəla, baş komisyonun vəkilləri bilavasitə camaat tərəfindən seçilsinlər. Camaat özü öz dərdbilənlərini və yaratanıyanlarını özü yaxşıca bilib də tanıyır, hökumət vəkil seçmək işinə müdaxilə etməsin.
Saniyən, baş komisyonda hər iki tərəfin camaatı vəkillərindən savayı tərəfi-camaatdan da vəkillər olsun. Bu bitərəf vəkillərin hüzuru vacibdir ki, bunların diqqət və nəzəribitərəfanə və biğərəzanəsi sayəsində haman komisyonda (indiki komisyonda aşikar olunan), tərəfgirlik və qərəziliyin iyi və tozu da olmasın, bitərəf vəkillər məlumdur ki, gürcü camaatından olmalıdır, çünki bu vacib taifə bu qardaş qanı tökən iğtişaşa qarşı həqiqi ələm və kədərini izhar edib, həmişə səy edərdi ki, adilanə və münsifanə təriqilə bu biməni iğtişaşa və şurişə bir intiha çəksin və ya çəkilsin, adil və münsif gürcülərin gözündən heç bir provokator, heç bir cani yayınmaz, gürcü vəkilləri gürcü camaatı özü seçsin.
Salisən, bu gunə təşkil olunmuş komisyona, provokator və caniləri tutub sud və məhkəmə ilə cəzasına yetirməkdə külli-ixtiyar verilsin və onların hər bir qərardadları bilatəxir təsdiq və icra olunsun.
Rabiən, komisyonun əzaları hökumət ianə və maaşı ilə dolansınlar ki, onsuz da malı-mülkü dağılıb tükənmiş camaata zərər dəyməsin.
Məhəlli komisyonlar isə həmin seçki qərarı ilə qurulmalıdır; lakin bitərəf vəkillərin hüzuru artıqdır. Bu komisyonlar isə baş komisyona tabe olmalıdırlar. Bu komisyonların əməl və rəftarından baş komisyona şikayət etməyə camaat muxtardır.
Məlumdur ki, baş komisyon ilə məhəlli komisyonlar ümdə diqqətini provokatorların və canilərin əza və tovbixinə cəlb edib də bu iki tayfanın yenə ülfət və üns tutmalarına da vasitələri ilə səy və qeyrət etməlidirlər.
Belə bir həqiqi sülh və müsalimət komisyonlarının vücudilə bərabər erməni sosial-demokratları və müsəlman ictimaiyyun-amiyyunları ittifaq və ittihad edib iki camaatı fələn dərrakə və qanacaq məqamına gətirməyi himmət etsələr ümid olunur ki, həqiqi sülh bir tez zamanda bərqərar və paydar olub, ətrafdan soxulmuş düşmənçilik bilmərrə puç və məhv olar və bu qədim dostlar əl-ələ verib, ümumvətən üçün xidmətə şüru edərlər və dəxi, ermənilər görərlər ki, elmsiz qonşuları indi iri-iri qədəmlər ilə irəliyə hərəkət etməkdədirlər. Kəsbi-hürriyyət və azadi işində onlara məmaniə deyil, müavin olarlar.
Bədəttəhrir, ümidvarız ki, bu məsələyə dair sairlər dəxi öz təsəvvüratlarını izhar etməklə, ölkənin sülh və müsaliməti xatirəsi üçün ciddi tədbirlərin bir tez zamanda tətbiq və icrasına yardım edərlər.

                                                                                                                      Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 231-236.