Siyasi imtahan
Elan edilmiş və hökumətimizlə bərabər millətimiz və millətimizin siyasətən ziyalı qismini təşkil edən fələ və əmələlərimiz tərəfindən ustadlıqla söndürülmüş olan zabastovka Azərbaycan üçün siyasi bir imtahan idi.
Bu bir böyük imtahan idi ki, bütün dost və düşmən və bitərəflərin nəzər-diqqətləri bizdə olub degirdilər ki, görək bu Azərbaycan türk və islamları ki, müstəqil yaşamaq və öz-özlərini dolandırmaq istiyorlar. Bu siyasi imtahandan keçə biləcəkmii, yoxsa bacarmayıb basılacaqmıdırlar və əvvəldən müəyyən edilib dəftərə yazılmışdı ki, əgər biz bunun kimi ağır siyasi imtahanı layiqilə verə bilərsək, müstəqil yaşamağa öz-özümüzü beduni-qəyyum dolandırmağa layiq bir millət, bir dövlət əfradi olduğumuzu bütün aləm qarşısında isbat edərik. Vəilla... özümüzə qəyyum tikmək, özgələri üstümüzə hakim qoymaq lazım gələcəkdir. O hakimin və o qəyyumun da bizimlə nə tövr dolanacağı və yaşamağa layiq olmayan bir millətlə nə gunə rəftar edəcəgi məlumdur.
İmtahan ağır imtahan idi.
Bizi imtahana çəkənlərin əsl məqsədləri bizi yıxmaq, əzmək və məhv etmək olduğundan qabağımıza o dərəcə ağır suallar qoymuşdular ki, hər birisinin cəvabı öz-özlügündə xüsusi bir müşkülat törədirdi.
Onlar bir kəlmə istiyordılar ki, bizim əlimizi, ayağımızı hər bir bənd və yerimizi möhkəm-möhkəm bağlayub, sarıyıb yerə yıxsınlar və meyit kibi hərəkətsiz düşmüş bədənimizə işarə edib, kənardən baxan dost və düşmənlərə rişxənd və istehza ilə desinlər ki:
- Baxın! Müstəqil yaşamaq iddiasında olan bu diri ölüyə və ölü diriyə ki, siz bundan yaşayış iqtidarı gözləyirsiıiz! Bunun nə başı başdır ki, özündən və mühitindən xəbəri olsun, nə qolunda bir qüvvət vardır ki, özünü müdafiə etsin, nə ayağında istiqamət var ki, ayaqüstə dura bilsin! Özün bir dəstə qandırıcıların kəməndinə giriftar edən bu millət daima zəncirbəndi-əsarət olmağa layiqdir!
Lakin şükr olsun ki, boylə olmadı. Millət imtahandan keçdi və parlaq bir surətdə keçdi!
İmtahanın ən ağırı fələ və əmələlərimiz üzərində idi. İqtisadi zabastovka deyə onların gözlərinə pərdə çəkmək istənildi. Fəqət fələ və əmələlərimiz pərdəni yırtdılar. Yırtıb da arxasında görünən siyasi cəhətləri dərk etdilər. Dərk edib də dedilər ki:
Biz istiqlalımızı satmaq, millətimizi məhv və nabud etmək, vətənimizi xarabazara döndərmək istəmirik! Biz candan əziz tutduğumuz Azərbaycanımızı dünən bolşeviklərlə "hökumətlik" üstündə qarpış-qarpış salan, bu gün isə bolşevikləri köməgə çağıran, dünən ingilislərə yalvaran, bu gün ingilisləri sögən Çurayev, Anaşkin və mikoyanlann havabü həvəsinə, kef mayəşasinə qurban etmək istəmərik.
İmtahan parlaq bir surətdə keçdi. Dost sevindi, düşmən yandı!
Azərbaycan türk və islamları müstəqil yaşamağa qabil, diri, səlamət əql və səlamət bədənə malik siyasi bir vahid olduğunu yar və əğyar nəzərində isbat etdi!
Ola bilsin ki, gələcəkdə bizim üçün daha ağır imtahanlar hazırlanır. Fəqət biz daha qorxmuruq. Zira bugünkü ağır imtahandan keçmək üçün bütün köməgimizi sərf etməgə lüzum görmədik, çətin imtahanı asanlıqla keçdik. Bundan daha ağır imtahanları keçmək üçün kifayət qədər qüvvəmiz olduğü aşkar oldu. Düşmənlərimizin gələcək hiylə və təzvirlərinin dəxi hər dəfə müvəffəqiyyətsizligə düçar olacağına bugünkü əzmimizdən pey aparmaq olar.
Qoy indi bu imtahanı göz ilə görən bitərəf hakimlər dəftərlərində bunu qeyd etsinlər və ümumə oxutsunlar ki:
Azərbaycan türk və islamlarının azadlığına toxunulmasın! Onlar bu inadlığa layiqdirlər!
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 164-165.
