Türk dünyasının milli iftixarı Üzeyir Bəy Hacıbəyli
Türküstan.-2020.-29 sentyabr – 5 oktyabr.-№29.-S.14.
Türk dünyasının milli iftixarı Üzeyir Bəy Hacıbəyli
Aydın Mədət oğlu,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Türklərinin mədəni həyatında böyük rol oynayan, Türk dünyasının milli iftixarı Üzeyir bəy Hacıbəylinin (1885-1948) aydınlar arasında xüsusi yeri vardır. Yazıçı, jurnalist, bəstəkar və ictimai xadim olan Üzeyir bəyin bu məsləklərin hamısında böyük başarılar əldə etməsi onun dahiliyinə dəlalət edir. Fəaliyyəti və ixtisasının rəngarəngliyi ilə dövrünün ən maraqlı şəxsiyyətlərindən olan Üzeyir bəy Şərqin ilk opera yaradıcısıdır. Böyük bəstəkar Üzeyir bəylə böyük söz ustası və böyük ziyalı Üzeyir bəyin bu səviyyədəki vəhdəti dünya mədəniyyət və sənət tarixində nadir hadisələrdəndir.
Üzeyir Əbülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci ildə Quzey Azərbaycanın Qarabağ bölgəsinin Ağcabədi qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. Atası Əbülhüseyn Hacıbəyli Şuşanın maarifpərvər ziyalılarından biri, anası Ağcabədili Kərbəlayı Ələkbər bəyin qızı Şirin xanımdır. Üzeyir bəyin uşaqlıq və ilk gənclik çağları Şuşada keçmişdir. Azərbaycanın ilk musiqi ocağı kimi şöhrət qazanan Şuşa şəhəri Üzeyir bəyin də ilk yaradıcılıq qaynağı olmuşdur. Üzeyir bəy özü haqqında yazdığı bir yazısında göstərmişdir ki:”Mən, ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən “Muğam” və “Təsnif” oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər” (Bax: Qulam Məmmədli, Üzeyir bəy Hacıbəyov 1885-1948. Həyatı və yaradıcılıq səlnaməsi, Bakı 1984, səh 7).
Üzeyir bəy ibtidai təhsilini Şuşadakı Camal bəy Fətəlibəyovun İkisinifli məktəbində, sonra Haşım bəy Vəzirovun müdür olduğu mülki rus-tatar məktəbində, daha sonra isə Zaqafqaziya Qori müəllimləri seminariyasında almış, oranı bitirdikdən sonra Cəbrayıl uyezdinin Hadrud kənd məktəbində müəllimlik etmşdir. Üzeyir bəy 1905-ci ildə Bakıya gələrək “Həyat” qəzetində işə girmiş, eyni zamanda 1905-1908-ci illərdə Bibiheybətdə müəllimlik etmiş, “Kaspi” və “Həyat” qəzetlərində bir sıra publisistik məqalələrlə çıxış etmiş, “İrşad” qəzetində katib işləmiş, Qoqolun məşhur “Şinel” əsərini Azərbaycan Türkcəsinə tərcümə edərək çap etdirmiş, “Rusca-Türkcə və Türkcə-rusca” lüğət tərtib etmiş, 1907-ci ildə Bakıda keçirilən “müsəlman müəllimlərinin Qurultayı”nda iştirak etmiş və katib seçilmiş, 1908-ci ildə ibtidai məktəblərin 1-2-ci şöbələri üçün “Hesab” dərsliyi hazırlayıb çap etdirmişdi. İsmayıl bəy Qaspıralının redaktoru olduğu “Tərcüman” qəzeti 28 dekabr 1908-ci il nömrəsində bu haqda məlumat verərək bildirmişdi ki, “Hesab məsələləri” dərsliyi müəllim Üzeyir Hacıbəylinin əsəridir. Gözəl üsul ilə tərtib edilmişdir… Azərbaycan Türk şivəsində olduğundan məhəlli məktəblər üçün faydalı və lazımdır” (“Tərcüman” qəzeti, 28 dekabr, 1908).
Üzeyir bəy pedaqoji fəaliyyətlə yanaşı jurnalistlik fəaliyyəti ilə də məşğul olmuş, 1905-ci ildən başlayaraq əksər dövrü mətbuatda onlarla məqalə və felyeton çap etdirmişdi. “Molla Nəsrəddin”, “Kaspi”, “Həyat”, “Tərəqqi”, “İrşad”, “İqbal”, “Yeni iqbal”, “Tərcüman” və digər qəzet və dərgilər Üzeyir bəyin publisist kimi yetişməsində böyük rol oynamışdır. Üzeyir bəy daha çox Əhməd Ağaoğlunun redaktoru olduğu “İrşad” və “Tərəqqi”, həmçinin “Həqiqət” qəzetləri ilə bağlı olmuş, bir jurnalist və publisist kimi bu mətbu orqanlarında parlamış, 1906-cı ilə qədər “İrşad”ın katibi, 1909-cu ildə gündəlik “Həyat” qəzetinin redaktoru, Əhməd Ağaoğlu 1909-cu ildə Türkiyəyə gedəndən sonra isə “Tərrəqi” qəzetinin müdiri olmuşdursa da sabiq redaktora sonsuz ehtiram əlaməti olaraq, Əhməd Ağaoğlunun redaktor imzasını qəzetdə axıra qədər saxlamışdır. Üzeyir tədqiqatçılarının da yazdığı kimi:”1920-ci ilə qədər publisist Üzeyir, bəstəkar və yazıçı Üzeyirlə “çiyin-çiyinə səviyyədə inkişaf etsə də əsrin (XX əsrin – A.M) birinci onilliyində bəzən publisist Üzeyir, yazıçı və bəstəkar Üzeyiri üstələmişdir” (Abdulla Abbasov, Sənətkar ömrü. Bax: Üzeyir Hacıbəyli, seçilmiş əsərləri, Bakı 2005, səh 8).
Üzeyir bəy Hacıbəylinin jurnalistlik fəaliyyətinin son günləri “Yeni iqbal” və “Azərbaycan” qəzeti ilə bağlı olmuş, o, 1915-1916-cı illərdə “Yeni iqbal” qəzetində müdir və baş mühərrir vəzifəsində işləmiş, 1919-cu ildə isə Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin müvəqqəti redaktoru olmuşdur. Ümumiyyətlə XX əsrin iki onilliyi Üzeyir bəyin dövrün qabaqcıl nümayəndələri, ayrı-ayrı teatr cəmiyyətləri, Müxtəlif nəşriyyat və mətbuat orqanları ilə əlaqə və yaxından təmasda olduğu illər kimi xarakterizə edilir.
Belə ki, XX əcrin 20-ci illərinə qədər Azərbaycanda elə bir teatr cəmiyyəti, nəşriyyatı və ədəbi klubu olmamışdır ki, Üzeyir bəy bu və ya digər dərəcədə onlarla əlaqədə olmasın. Bu dövrdə Üzeyir bəy bir tərəfdən güclü sosioloq kimi xalq, dövlət, vətən, əxlaq və məişət məsələləri ilə bağlı ciddi publisistik əsərlər yazmış, digər tərəfdən də dövrünün qabaqcıl ziyalısı, maarif xadimi və qüdrətli bəstəkar-yazıçı kimi dövrün demokratik və inqilabi hərəkatı ilə səsləşən ilk iki onilliyi həm Üzeyir bəyin, həm də bütövlükdə Azərbaycan Türklərinin mədəni və siyasi həyatında ən uğurlu və ən əlamətdar illər olmuşdur. Üzeyir bəyin əvəzsiz dühası sayəsində milli operanın əsası məhz bu onilliklərdə qoyulmuş, ilk musiqili komediyalar bu illərdə yaranmış, ilk maarif dərslikləri və ilk ikidilli lüğət bu illərdə meydana çıxmış, ilk siyasi partiyalar bu illərdə formalaşmış ən başlıcası Azərbaycan milli ziyalılarının gərgin əməyi, əzmi və qeyrəti sayəsində Şərqdə ilk Azərbaycan Xalq Cümhuriyyəti bu illərdə yaradılmışdır. Üzeyir bəyin bütün bu sahələrdə böyük xidmətləri olmuş, onun bu xidmətləri yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası və Şərq üçün əlamətdar hadisə olmuşdur. Onun ən böyük xidməti onda idi ki, o, öz xalqını dərindən tanıdığından yaşadığı dövrün ictimai-siyasi, etik və estetik xarakteri və zövqünə uyğun siyasi publisistika və musiqi dili ilə danışmış, zəngin daxili dünyasını bütünlüklə Azərbaycan Türklərinin yüksəlişinə sərf etmişdir.
“Leyli və Məcnun” operasından “Arşın mal alan”a qədər qısa bir dövrdə Üzeyir bəy “Ər və arvad”, “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” kimi ölməz sənət əsərləri yaratmışdır ki, bu əsərlər Üzeyir bəyə əsrlərə sığmayan böyük şöhrət qazandırmışdır.
Üzeyir bəy Avropa musiqi nəzəriyyəsini öyrənmək üçün öncə Moskvaya gedərək, Moskva konservatoriyasının professoru İlyinskinin kursuna daxil olmuş, harmoniyanı Sokolovskidən, solfecionu professor Ladioqindən öyrənmiş, daha sonra 1913-1914-cü tədris ilində Sankt-Peterburqa gedərək, professor Qarafatindən dərs almış, Petroqrad Ali musiqi məktəbinin tam kursunun bitirərək vətənə dönmuş və bir-birinin ardınca musiqi təhsili və metodikasına dair yeni-yeni musiqi əsərləri yazaraq çap etdirmişdir. Zamanla səsləşən dərin məzmunlu əsərlər yaradan Üzeyir bəyin əsərləri gerçək mənada Azərbaycan xalq həyatının aynasıdır. XX əsrin başlarındakı Azərbaycan həyatını bütün xüsusiyyətləri ilə bu əsərlərdə artıqlaması ilə buluruz” (Yavuz Akpınar, XIX və XX yüzyıllarda Azer edebiyyatı. Bax: Türk dünyası el kitabı, III cild, ikinci baskı, Ankara 1992, səh 639-640).
1914-cü ilin avqust ayında Peterburqdan qayıdan Üzeyir bəy Bakıda “Vətən dili” adlı qəzet çıxarmağa hazırlaşmış, “Əsli və Kərəm” operasının şəhər teatrında tamaşaya qoyulmasına rəhbərlik etmiş, ilin sonunda “Harun və Leyla” operasını bəstələmiş, “Rüstəm və Söhrab” operası üzərində yenidən işləməyə başlamışdı. 1915-ci ilin may ayının 1-də Azərbaycanın demokratik ziyalıları və Azərbaycan səhnəsinin qabaqcıl xadimləri Üzeyir bəyin şərəfinə tamaşa təşkil etmiş, Üzeyir bəy də Azərbaycan teatrını tənəzzüldən qurtarmaq məqsədilə yenidən əməli fəaliyyətə, öz “müqəddəs vəzifəsi”ni yerinə yetirməyə başlamış, “Yeni iqbal” qəzetinə rəhbərlik etmiş, onun baş redaktoru olmuşdur. Onun “Yeni iqbal”dakı fəaliyyəti istər ideya məzmunu, istər sənətkarlıq xüsusiyyətləri ilə onun jurnalist yaradıcılığının davamı idi. Bu qəzetdə çıxan felyeton və məqalələrinin ideyası əsasən, ana dilinin saflığı uğrunda mübarizəyə, mənliyini itirmiş, qeyrətsiz “intiligent”lərin, boşboğazların tənqidinə həsr edilmişdir.
Üzeyir bəy bu dövrdə məqalə və felyetonlarını daha çox ictimai mövqeyini, fikir və mülahizələrinin, əsərlərinin əhəmiyyət və dəyərini müdafiə etməyə həsr etmiş, ictimai hadisələrə açıq mənfi münasibətini bildirmişdir.
Üzeyir bəy jurnalistlərdən sadə, xalq dilində yazmağı tələb etdiyi kimi, oxuculardan da həm həqiqi jurnalist sözünə ciddi münasibət, həm də milli mətbuata hörmət, qəzet oxumağa həvəs göstərməyi xahiş etmişdir. Bu münasibətlə yazdığı yazılarında Üzeyir bəy jurnalistlərə və oxuculara müraciətlə yazırdı ki:”Gəlin, öz dilimizi danışaq. Yəni, qəzeti o dil ilə yazaq ki, basavad (savadlı) da başa düşsün, bisavad (savadsız) da… Sən gərək onu oxuyanda bütün hissiyyatın, ruhun inciyə, qəlbin yana, ürəyin xarab ola, başın ağrıya”.
Dövrün bir çox ziyalıları Üzeyir bəyə böyük ümidlər bəsləmiş, bir çox dövrü mətbuat haqlı olaraq, onu “XX əsr müsəlman aləminin gözünün ağı-qarası” saymış, onun nadir istedadına yüksək qiymət vermiş, oxucuları onun əsərlərində toxunduğu ictimai problemlərə biganə qalmamağa, kinayələrindəki örtülü mənaları axtarıb tapmağa çağırmışdılar.
Öz əsərlərində Azərbaycan Türkünün fərdi və ictimai həyatının dərinliklərinə nüfuz edən Üzeyir bəy Hacıbəyli sözün həqiqi anlamında Azərbaycan xalq həyatının güzgüsüdür. Yaradıcılığa bir yazıçı və jurnalist kimi başlayan Üzeyir bəy Sovet dövründə daha çox musiqi sahəsində çalışmış, xalqının zövqünə, ruhuna uyğun dərin məzmunlu musiqi əsərləri yaratmışdır ki, bunların içərisində 1937-ci ildə yazdığı və 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında birinci yer tutan “Koroğlu” operası bəstəkarın musiqi yaradıcılığının zirvəsi sayılır. “Koroğlu” operası Üzeyir bəyin “Düyagörüşünün milli mahiyyəti, Üzeyir fantaziyası və istedadının qüdrət və əzəmətinin ifadəsi idi. Xəlqilik, vətənpərvərlik ideyaları ilə yoğrulan “Koroğlu” operası yalnız bir musiqi əsəri kimi deyil, həm də klassik irsə, xalqın tarixinə, el ədəbiyyatına yanaşmaq, onlardan yaradıcı şəkildə istifadə etmək və xüsusilə də mədəni irs və folklor ənənələrinin müasir dövrün tələb və prinsiplərinə uyğun davam etdirməyin gözəl nümunəsi idi… Əsər eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu zəngin tarixini, xalqın əyilməzliyini əks etdirən, təbliği bir əsərdir” (Abdulla Abbasov, Sənətkar ömrü. Bax: Üzeyir Hacıbəyli, seçilmiş əsərləri, I cild, Bakı 2005, səh 13).
Ardı gələn sayımızda
