Üzeyir Hacıbəyli

Ordan-burdan

Rus hökuməti əmr eləyib bərk-bərk tapşırıbdır ki, içəri Rusiyada sakin olan müsəlman molla və axundları yerlərində dinməz oturub heç bir partiya-martiyaya qoşulmasınlar. Bu cürə əmri rus hökuməti öz çinovniklərinə də veribdir, deməli rus hökumətinin nəzərində başı çalmalı bir molla ilə başında "şlafka"sı olan çinovnikin heç bir təfavütü olmadığına görə də rus hökumətinin borcudur ki, öz çinovniklərinə verdiyi ixtiyarlardan çinovnik hesab elədiyi mollaya da versin, amma di gəl işə bax ki, özgə cürədür də! Məsələn, bu gün içəri Rusiyadan birisi mənə kağız yazıb deyir ki:
"...mollalarımızdan birini bazarda tutub dedim ki, bircə de görüm sən nəçisən? Dedi: "Əlhəmdülillah axundam!". Dedim: "Xub, indi ki, sən axundsan - bəs hanı sənin vəzin? Bəs hanı sənin islama xidmətin? Bəs hanı sənin millətə ruhani köməyin? Bəs hanı sənin fəqir-füqərayə iyanətin? Bəs hanı sənin xalqa əsərin? Bəs hanı sənin ittihad və ittifaq barəsində odlu-odlu sözlərin? Bəs hanı sənin maarifə göstərdiyin yol? Bəs hanı sənin islam dilşikəstələrinə mənəvi təskinliyin? Bəs hanı sənin məsləkin? Bəs hanı sənin?.." Burada sözümü kəsib dedi: "Bir dur!". Dedim: "Nədir?" Dedi: "Sözün doğrusu, mən axund deyiləm, çinovnikəm. Binəva, elə bildi ki, bu sözlərlə canını qurtardı". Dedim: "Xub, indi ki, sən çinovniksən, bəs hanı sənin ixtiyaratın? Bəs hanı sənin haqqın? Bəs hanı sənin nişanın? Bəs hanı sənin çinin? Bəs hanı sənin xəzinə maaşın? Bəs hanı sənin pensiyan? Bəs hanı sənin imtiyazatın? Bəs niyə səni saldat aparırlar? Bəs hanı sənin..." Burada sözümü kəsib dedi: "Bir dur". Dedim: "Nədir?" Çinovnik-axund istədi bir söz desin, amma sözün əvəzinə başladı udqunmağa; udqundu, udqundu, udqundu, udqundu axırı mən ötüb getdim. O, elə udquna-udquna qaldı".
Bu kağızı oxuyandan sonra mən bir çox dərin fikrə getdim və sonra başımı aşağı salıb öz işimə getdim.
                                                                                                                                 * * *
Amma heyf ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlu çıxıb işinə getməyir və onun əvəzinə başlayır "cəmi islam tərəfindən" kağız yazıb, "cəmi islam tərəfindən" də qol qoyur.
Oxuculardan təvəqqə eləyirəm ki, zəhmət olmazsa, "İrşad"ın 65-ci nömrəsini zəhmət olmasa, bir də ələ alıb və zəhmət olmasa "felyeton" qismində Şamaxı deputatı Nəcəf Yəhya oğlunun yazdığı sözləri bir də oxusunlar və zəhmət olmasa o sözlərin bu yerlərinə diqqət yetirsinlər ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlu deyir:
"Fovqdə məzkur məqalə məxsusunda səhvinizi etiraf edib, cəmi islam tərəfindən əfv olunacağınızı istəsəniz məqaləni eyni ilə hərfbəhərf qəzetəyə dərc edərsiniz".
Və təvəqqe eləyirəm ki, bu sözləri oxuduqdan sonra zəhmət olmasa, Yəhya oğlu Nəcəfdən soruşsunlar ki, o söylədiyi "cəmi islam" kimdən ibarətdir. Əgər cavab versə ki, "cəmi islam" onun özü Yəhya oğlu Nəcəfdən və bir də onun havadarlarından ibarətdir, onda onunla heç bir işləri olmasın, çünki o surətdə "fəziləti-axund məlum şöd" olur. Yox, işdir, birdən cürət edib desə ki: "Cəmi islam" elə cəmi aləmi- islamdan ibarətdir, o surətdə zəhmət olmasa, onun qulağına yetirsinlər ki, fərəğat oturub bəzi, yəni biz aləmi-islam üzvlərini ələ dolamasın və aləmi-islamı özünə qalxan qayırıb, haqq sözlərin oxunun qabağına verməsin və zəhmət olmasa, bunu da o kişiyə yetirsinlər ki, Şamaxıya deputat olmaq ilə aləmi-islama deputat olmağın arasında zəminü asiman təfavüt var. Bunu bilsin və bilib də təklifini başa düşsün.
                                                                                                                                 * * *
Amma mən heç başa düşə bilmirəm ki, bu "Molla Nəsrəddin"in o şəkil çəkənləri bu adamların şəklin necə çəkir ki, lap özlərinə oxşadır. Əqlim kəsir ki, bu "vergi"dir, yoxsa "vergi" olmasa adamın ağzı nədir istəyirdim ki, bir şəkil çəkim; məsələn, istəyirdim bu cürə bir şəkil çəkim ki, məsələn, fərz eləyək ki, bu gün söz gəlişi bir neçə müsəlman bir yerə yığılıb bir məclis açırlar və o məclis üçün bir nizamnamə qayırıb öz dəst-xətlərilə yazırlar ki, bəli, əgər bu məclisin üzvü öz üzvlük haqqını verməyib vaxtını keçirsə, üzvlükdən məhrum olar və ondan sonra istəyirdim çəkim ki, məsələn, bu məclisin həmin o üzvləri öz üzvlük haqlarını verməyib, elə bir ucdan vaxtı keçirirlər və sədri- məclis də istəyir ki, bunları bir yerə yığıb, nizamnaməni bunlara oxusun, amma mümkün olmayır, çünki üzvlər yığılmır; və axırda bunu da istəyirdim çəkim ki, məsələn, sədri-məclis baxır görür ki, məclisin sandığında bir qara köpük yox və məclisin işi də xarabdır, ona görə gətirib kağız yazıb hər üzvdən üzvlük haqqını tələb edir və lap axırda bunu da çəkəcək idim ki, həmin üzvlər sədrin bu kağızından bərk inciyib yığılırlar onun başına və hər tərəfdən məzəmmət eləyib deyirlər ki: Əşi, ayıb deyilmi? Bu nədir bizim üstümüzə "mənsil" qoyursan, oğru deyilik, quldur deyilik, bir-iki manan verəcəyik, nə təfavütü var - o da bizimdir, bu da bizimdir; sandıqda olmasın, bizim cibimizdə olsun, nə təfavütü var? Sədri-məclis deyir ki: Ala, balam, bu nizamnaməni yazan siz özünüz olubsunuz dayna, ta nəyə acığınız tutur; onlar da cavab verirlər ki, qoy oturaq sən allah, rəhmətlik oğlu, elə bir o qalmışdı ki, gəlib boğazımıza çökəsən. Qərəz, bu cürə bir şəkil çəkmək istəyirdim, amma ha çalışdım, vuruşdum, gördüm heç zad çıxmayır...
Necə ki, elə müsəlman məclislərinin özlərindən də heç zad çıxmayır.

                                                                                                                                               Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 313-315.