4-cü məktub
Əzizim Müslüm!
Sənə kağız yazmamağımın səbəbi başımın çox qarışıq olmasıdır; demək olar səhərdən gecə yarıya qədər işləyirəm: əvvəla, qarşıdakı imtahana hazırlaşır, ikincisi, operetta yazıram, bu operetta çox müvəffəqiyyətli olacaqdır, inşallah vaxtında sənə göndərərəm. Zülfüqarın Şuşada verdiyi tamaşalara gəldikdə, şübhəsiz ki, buna mənfi münasibət bəsləyirəm; lakin iş burasındadır ki, Sarabskinin Şuşaya getmək və mənə borclu olduqda məbləği çıxarmaq üçün tamaşa göstərmək təklifi haqqında Zülfüqar mənə yazmışdı, çünki o, heç bir yerdən pul tapa bilməzdi; həqiqətdə o pulu vaxtında almadım, məcbur olub teleqram vurduqdan sonra 100 manat aldım; bundan sonra Sarabskiyə kağız yazıb, mənə olan 400 manat borcundan heç olmazsa 200 manat göndərməsini xahiş etdim, lakin heç bir cavab almadım; pula böyük ehtiyacım olduğundan ciddi teleqram vurmalı oldum; bir neçə gündən sonra 100 manat aldım; indi yenə pul gözləyirəm. Lakin pul əvəzinə srağagün Şuşadan Sarabskidən və onun kompaniyasından belə bir teleqram aldım: — «içirik sənin sağlığına, «Əsli və Kərəm» müvəffəqiyyət qazanmışdır». Mən heç bir cavab vermədim, bilmirəm necə olacaq, bir də doğrusu o qədər məşğulam ki, kənar işlər barəsində düşünməyə vaxtım olmur.
Hər halda xüsusilə Şuşadakı tamaşalar bizi bir o qədər də narahat etməməlidir, ona görə ki, ehtiyac adamları mümkün olan hər vasitəyə əl atmağa məcbur edir.
Hələlik xudahafiz; məndən Məleykəyə, Badyuşa və Çamula səmimi salam. Terequlovlar ailəsinə salam söylə.
Sənin Üzeyrin
7 avqust 1913-cü il, Sankt-Peterburq
Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II ҹилд.- S. 372.
