Üzeyir Hacıbəyli

Ordan-burdan

Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.
Biz "abrazavannılar" əvamımızın bu sözlərini eşidəndə gülürdük, belə şey yoxdur - deyirdik. İndi, bizdən milyon dəfə artıq "abrazavannı" olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, "bişmiş toyuğun gülməyi tutur". Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..
İndi biz, bu mədəniyyətli əcnəbiləri də öz avamımız yerində qoyub, güləkmi, yoxsa bu mədəniyyətin daşıb tökülməsindən irəli gələn sərsəm azarı dərddir - deyə qulaq ardına vuraq
Osmanlı dövləti Rusiyada vaqe olan iğtişaşın, baxüsus, zabastovkanın hamısını "qulaq ardına" vururdu. Amma, indi zabastovka mərəzi özünə də sirayət etməkdədir. Belə ki, "Tunə" qəzetəsinin sözünə görə, İstambulun tütün (tənbəki) fabriklərində üçüncü dəfədir ki, zabastovka vaqe olmaqdadır. Odur ki, hökumət bərk "əl-ayağa düşübdür". Məlumdur ki, insanı heyvan dərəcəsinə yetirsən, zabastovka da elər, "boykot" da elər, hələ desən...

                                                                                                                                                Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 198.