Nuri-didə Ceyhun və Zöhrə!: [18 mart 1922-ci il]
Salam-duadan sonra bizlər hamımız sağ və salamat varıq. Fəqət siz tərəfdən çox nigaran varıq. Çünki qəzetələrdə oxuduğumuza görə oralar çox soyuqdur və naxoşluqlar əmələ gəlir. Biz təəccüb edirik ki, nə üçün siz buraya gəlmək istəmiyorsunuz və hərgah istəyorsunuzsa nə üçün təvəssütdə bulunuyorsunuz, mən bu xüsusda sənə keçən il yazmışdım və genə təkrar yazıram ki, sənin buraya gəlməginə heç kəsin bir sözü yoxdur. Hökumət izn verəndən sonra nə üçün gəlməmək? Halbuki izn ilə gələnlərin hamısı burada rahat oturub, qulluq etməkdədirlər, məsələn, Yusif Vəzirov, Vəkilov və sairələri.
İzn almaq yolu dəxi necə ki əvvəldə sənə yazmışdım boylədir. Sən bizim Parisdəki polpredstvoya Azərbaycan Şura hökuməti namına olaraq ərizə verirsən ki, sənə buraya gəlməyə izn verilsin. Sənin ərizənə görə polpredstvo buradan və Moskvadan soruşur ki, bu xüsusda məmaniət varmı, ya yoxmu? Sonra onun cavabı sənə bildirilir və izn olduğu halda sənin üçün yol açığdır. Digər bir yol dəxi budur ki, sən mənə yazırsan ki, buraya gəlmək üçün mən buradan təvəssüt edim. Mənim təvəssütim buradakı məsul idarələrdə baxılıb Moskvaya göndərilir və Moskva da izn verdikdən sonra Paris polpredstvosına göndərilir, oradan dəxi atkaz olmadığdan sonra sənə izn verilir. İzn verildikdən sonra sərbəst olaraq istədiyin yerə gedirsən. Əlavə mən bir kərə də olsun eşitməmişəm ki, izn verilməklə buraya gələn adamlara sonra bir əziyyət olsun və halonke əvvəllərdə təqsirləri olanlar dəxi gəlib Şura hökumətinə sidq dil ilə qulluq edirlər. Sən ki, məlum olduqu üzrə təqsirsizsən, özün də ki, Parisdə student olaraq yaşayırdın, nəinki mühacir. Və firəng dili bildiyinə görə səni texnik katib etmişdilər. Qərəz ki, Azərbaycandakı məsul yoldaşlar sənin kim və nəçi və nə məsləkli adam olduğunu gözəlcəsinə bilirlər və təəccüb edirlər ki, sən indiyə kimi buraya gəlmirsən. Görünür ki, oraların da aksiyon mətbuatı buraların əhvalını fəna bir halda yazır və sən də ona inanıyorsan. Biz isə çox gözəlcəsinə dolanırıq. Bizimkilər və biz özümüz səni inandıra bilərik ki, heç vəxt boylə asudə və rahətcəsinə yaşamamışdıq. Bu saət buraların əhvalı çox gözəldir, qoçubazlığla məşğul olan Bakıdan heç bir əsər də qalmayıbdır, hər kəs rahətcəsinə öz işinə məşğuldur. Və işlər də o qədər maraqlıdır ki, il gəlib dolandığı heç nəzərə də gəlmiyor. İnşallah, bu may gələndə özün görərsən və təəccüb edərsən.
Əlavə uşaqlar üçün buranın isti havası çox gözəl olardı, sağlamlaşarlardı və nə siz bizdən, nə də biz sizdən nigaran olmazdıq.
Sən, əlbəttə mən diyən siyaq edərsən, yəni ya sən özün polprestvo vasitəsilə və ya ki, mənə yazarsan ki, mən təvəssüt edim və mənə tez cavab verərsən. Öylə olsun ki, bu istilər düşən vəxti gələ biləsiniz. Sonra soyuqlar mane olmasın.
Anam salamatdır, fəqət qocalıbdır, gözləri pis görür, qulağları pis eşidir, özü də sizi arzu edir. Demişəm ki, bu yaxınlarda gələcəksən, çox söyünübdür. Hər vəqə məndən soruşur. Özü də genə həmişəki kimi çox gülür və bizi də güldürür, baxüsus deyilən sözləri başa düşə bilməyəndə, uğunub qəşş edir.
Nənəm, Məleykə və ümumqohumlar sizə salam-dua göndərib. Ceyçiklə Timuçinin üzündən öpürlər. Və sizin tez gəlmənizi arzulayırlar.
Əlbəttə, kağız sənə çatan kimi mənə cavab yaz. Hələ ki salamət olasınız, öpürəm sizi və üşaqları.
Bəradərin Üzeyir. 18 mart 1922, Bakı
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 333-334.
