Üzeyir Hacıbəyli

Övzamız

Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxsi həvəsi ilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkəti-müzürrəsinə qarşı mümaniət göstərmək məsələsi - bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri mövcib olur.

Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətinə mövcib ola bilən bu zərər və ziyanları rəf’ etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Elə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər, qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edərsə, işi batırar, yaxşı nətiçə görməz. Doğrudur, insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqli-səlimə qalib gəlsinlər.

Biləks, insanın başındakı ağıl onun qəlbindəki hissiyyatın üstündə həmişə hökmfərma olmalıdır. Mən demirəm ki, insanın qəlbi hər bir hissiyyatdan məhrum olsun, bəlkə ağıl hər hissiyyata faiq gəlməklə onların izharat və iqtizaatını nəzmə salsın.

Təəssüflər olsun ki, biz müsəlmanlarda, ələlümum, hissiyyat daim əqli-səlimə qalib gəlməkdədir.

İstər yaxşı hisslərimiz, istər yaman hisslərimiz bizi əhatə edən şərait içində o qədər nəşvü nüma tapıbdır ki, əqlimizrə qalib qəlməkdədir.

Doğrudan da, bəzimizin rəhmdillik hissi o qədər artıqdır ki, sağ və səlamət bir dilənçinin, yolçunun ahu zarına ürəyi yanıb pul verir. Lakin ağlı bir o qədər nəşvü nüma tapmayıbdır ki, bu dilənçi və yolçuluğun aramızdan götürülməsinə bir çarə tapılsın. Halbuki məsələn, Almaniyada, İngiltərədə bir adam yıxılıb acından ölə, ona bir qəpik verən olmaz. Bununla bərabər, hissiyyatlarının başında duran əqli-səlimləri sayəsində deyil, sağ-səlamət yolçu, hətta kar, kor, şillərə də pul və çörək qazanmaq yolunu öyrədibdilər. Bəzimizin büxl və həsəd hissi o qədər nəşvü nüma tapıbdır ki, özgəsinin bir hünər sayəsində qazandığı şöhrət və ehtiramı görüb qəlbi alışır, ona görə də xəyanət və dənaətə qədəm qoyur. Lakin özünün do bir o qədər əqli-səlimi yoxdur ki, bu da başqa bir hünər göstərməklə xalqın məhbu- bülqəlbi olsun. Halbuki Yevropada birisi tərəqqi yolunda bir hünər göstərdikdə, bir digəri də özgə bir hünər göstərməyə qeyrət edir. Bunlardan başqa, lazım olmayan yerlərdə göstərdiyimiz cəsarət və cəsarət lazım olan yerdə ibraz etdiyimiz cəbunluq və bir çox maneəyi-tərəqqi, hərəkat və əmalımız hamısı hissiyyatımızın əqlimizə qalib gəlməsindəndir. Və bu qabiliyyətə də səbəb yenə də həqiqi təlim və tərbiyə görmədiyimizdəndir. Hər halda keçək mətləbə.

Bizim üçün hal-hazırda mətinülqəlb və səlimüləql adamlar lazımdır ki, deyil yaxşı-yaman hissiyyatı, bəlkə səlamət ağlı sayəsində milləti irəli sürüyüb, bu rəzalətdən qurtarmaq yolunda qabağına çıxan sədd və mümaniətləri məhvü nabud edə bilsinlər. Yoxsa hali-hazırda, müfsidlər və öz nəfini millətin rəzalətində axtaran alçaqlar sayəsində ölkəmiz o qədər məğşuşdur ki, işlər belə davam edirsə, gələcəyimiz çox yaman olar.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 131-133.