Bir yaş
Bu gün istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylaıca qanlar axıdıb, minlərcə xanimanlanmızı xaraba qoyduğımız bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı təmam olub da ikinci yaşa qədəm qoyduğu gündür.
Novzad dövlətimizin təvəllüdü, ana bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi... Azərbaycan toprağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar, həm anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurdxaş etməklə anasını da, balasını da öldürmək istəyirdilər....
Lakin bu zəif sinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti-haiz idi ki, zəif cism, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşmiyub yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi.
Ana vətən doğdu...
Və bu gün doğduğu övladının sənəyi-dövriyyəsi münasibətilə bayram qurub və övladını mavi, al və yaşıl rəngli parçalarla bəzəyib, nümayişkaranə bir surətdə biyari-iflixar etmədədir.
* * *
Bir yaşlı dövlətimiz gələcəkdə və yaxın gələcəkdə türklügün ümidgahı, islamlığın pənahı və aləmi mədəniyyətin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda, hər kəsə bildirmədədir.
Azərbaycanın türklügə istiqbal meyvələri yetişdirmək münbit bir topraq təşkil etdigini, Osmanlı türk qardaşlarımız dəxi iqrar və etiraf edib bizə ümid nəzəri ilə baxmadadırlar. Filhəqiqə Azərbaycan idi ki, türk irqində sağlam bir milliyyət hissi oyatdı, millət nə olduğunu, milliyyətini unutmuş türklərə bildirdi. Onlara-sən əvvəl-əvvəl bir türksən dedi və “türkəm” dedirtdi...
Türk qövmünin dəxi farslar və ərəblər kimi müşərrəf olduqları dini-mübini-islamın; “Allahımız bir, peyğəmbərimiz bir, Quranımız bir və binaən əleyh dinimiz də bir olmalıdır”, - deyə bu birligə fel və əməl ilə ilk qədəm qoyan Azərbaycan türkləri oldu desəm, əminəm ki, xəta etmərəm. Bu fikrin Azərbaycan türkləri arasında böyük bir sürət ilə intişarını və qüvvətlənməsini görənlər sözlərimi təsdiqə məcbur olarlar...
Bizi vəhşi bilənlər və bizdən yalnız qaniçicilik gözləyənlər ilə və bizim vücudumuzu aləmi-mədəniyyət üçün təhlükəli ədd edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və bu nəzərin sırf yalan və yanlış olduğu meydana çıxsın. İngilislər bizim içimizə girərkən özlərini vəhşi heyvan qarşısına çıxmış bir ovçu vəziyyətində saxlamaq ehtiyatına heç bir lüzum olmadığını bir-iki gündən sonra kəmali-təəccüb ilə anladılar və haqqımızda bəsləməkdə olduqları nəzər və təsəvvüratın bilməməzlik və ya düşmənlər təbliği nəticəsi olaraq xəta və yanlış olduğunu da dərk etdilər. Əminəm bunu da dərk etdilər ki, istibdad altında tərəqqi və təalidən cəbrən məhrum və cəhalətə məhkum edilmiş olan bu millət azad olduqdan sonra çox çəkməz ki, aləmi-mədəniyyət bazarlarında öz milliyyətləri təqazasi ilə əmələ gəlmiş mədəni mətalalarını ənzari-bəşəriyyətə təqdim ilə mədəniyyəti qoca olan millətləri də heyran qoyarlar...
Al rəngi türklügə, yaşıl rəngi islamlığa və mavi rəngi də mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyəsi də budur.
Adamlar vardı ki, bizim istiqlalımızı istəmiyordular. Halbuki bizə düşmən degil idilər və bu istəməməzlikləri də düşmənçilik üzündən degil idi. Fəqət onlar qorxurlar. Qorxurdular ki, biz hökumət etməgə, məmləkət dolandırmağa, dövlət saxlamağa qabil olmayıb da müxtəlif milləti təbəəmizin can və malını mühafizə edə bilməyən məmləkətdə asayiş bərpa edə bilməyək, nizam və qaidə qoya bilməyək, siya- siyatda bacarıqsızlıq göstərib xəlqin istirahətini pozaq...
Lakin novzad dövlətimizin yeni başlamış ömrünün günləri və ayları gəlib-keçdikcə bu fikirdəki adamlar öz fikirlərini dəyişməgə məcbur olurdular. Bolşeviklər dövründə həsrətini çəkdigimiz çörək və çörəkdən də artıq həsrətində olduğumuz əmnü asayişin yoxluğu və cəmaəti qoz və fındıq kimi bizar edən qətlü-qarətin çoxluğu o da, bu da rəf edildi. Azərbaycan dövləti çörəki ilə bərabər əmnü-asayişi də iadə etməklə əhalini həm aclıq, həm də qətlü-qarət bəlalarından xilas qıldı. Cavan dövlətimiz dünyanı bürümüş olan san xəstəliklərlə də mədənivar bir surətdə mübarizəyə girişib zəfər və müvəffəqiyyət qazandı...
Düşmənlərimizin virdi-zəban etdigi "bəy-xan və şallaq hökuməti" əvəzinə ən demokratik və ən hüriyyətpərvər bir dövlət olduğunu bildirdi. Əhalisinə bir bu qədər geniş və genişligi heç bir hökumətdə görünməmiş, bunca hürriyyət və azadlıqların vücudu qarşısında düşmənlərimizin gözləri heyrətlənib dilləri lal olacaq idi ki. hiylə və təzvirə əl atıb hökumətimizin bu qədər hürriyyətpərəstligini cəbunluga və səhlkarlığa isnad ilə bizi genə də ləkələndirmək istiyordılar. Lakin bu axırkı zabastovkanı, Azərbaycan istiqlalını məhv etmək və məmləkətimizi anarşi halına salmaq niyyətilə qurulmuş zabastovkanı yatırmaq işində hökumətimizin və millətimizin göstərmiş olduğu əzm və səbat, ustadlıq və məharət, düşmənlərimizin bu ləkəsini də üzərimizdən sildi və bu töhməti də rəf etdi...
İçərisindən çıxan qırmızı təhlükəni rəf və izaləyə qadir olan bir hökumət və millət, xaricdən sədası gələn qara təhlükəni də dağıtmağa və darmadağın etməgə qadir olmazmı zənn ediyorsunuz?! Siz onun biryaşar olduğuna baxmayın: düşmən dəfndə təcrübəsiz olduğuna, türklük və islamlığına məxsus fəzilətlərinə baxıb da əmin olunuz ki, bu hökumət və bu millət öz istiqlalını, öz azadlığını və öz təbəəsini şanlı bir surətdə hər bir düşməndən qorumağa qadirdir və bu qüdrətini lazım olduğu halda isbat edər. Bu təntənəli, cəlal və şükuhlı bayramımızı görənlər bunu yəqin bilsin ki, biryaşar cavan Azərbaycan türk dövlətinin istiqlal mühafizəsindəki şüan budur ki:
- Ölmək var ki, dönmək yoxdur!
Bu gün, bu əziz bayram günü sidqi-dil ilə:
-Yaşasın müstəqil Azərbaycan!-deyənlər əmin olmalı ki, onu müstəqil yaşatmağa qadir olarlar!
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 177-179.
