“Harun və Leyla”
“Harun və Leyla” - Üzeyir bəy Hacıbəylinin altıncı, sonuncu muğam operasıdır. Əsər 1915-ci ildə bəstələnmiş, lakin tamaşaya qoyulmamışdır. Librettosunu eyniadlı ərəb dastanının motivləri əsasında Üzeyir Hacıbəylinin özü yazmışdır. Beş pərdəli idi. Müəllifin şəxsi qeydlərindən məlum olur ki, “operanın klaviri əsərin tamaşasına qədər məhv edilmişdir”. Görünür, operanın musiqisi müəllifi qane etməmiş və o, həmin əsəri “musiqili pyes” adlandırmışdır. Artıq bu vaxt muğam operasının imkanlarının tükəndiyi fikrinə gələn bəstəkar “Harun və Leyla”-dan sonra muğam operası yazmamışdır.
“Harun və Leyla” operasında, Üzeyir bəy Şərq həyatından alınmış romantik məhəbbət mövzusuna müraciət edir.
Operanın qısa məzmunu: Ərəb əmirinin qızı Leyla və sərkərdə Harun bir-birlərini sevirlər. Lakin onların evlənməsi bir xəyaldır, çünki Əmir heç zaman öz qızını adi bir əsgərinə verməz. Sərkərdə Zeyd də Leylaya aşiqdir. Amma onun məhəbbət etiraflarını Leyla qətiyyətlə rədd edir. Əmirin qoşunu düşmənlə vuruşa hazırlaşır. Hökmdar hamının qarşısında söz verir ki, döyüşdən qələbə ilə qayıdan əsgərin taxt-tacdan başqa istənilən arzusunu yerinə yetirəcəkdir. Qoşun, Harun və Zeyd yola düşür. Döyüşdə Harunun qoşunu qələbə çalır, amma uğursuzluğu və Leylanı itirmək qorxusu ilə barışmayan Zeyd hiyləyə əl atır və nəticədə öz əsgərləri ilə Harunun adamlarını qırır, onun özünü də ölümcül yaralayır. Rəqibinin öldüyünü zənn edən Zeyd əmirin yanına gələrək qələbə çaldığını və Leyla ilə evlənmək arzusunu bildirir. Əmir bu istəkdən çox pərişan olsa da, verdiyi sözə əməl etmək məcburiyyətində qalır. Leyla qırx gün möhlət istəyir. Meşənin yanından keçən bir dərviş yaralı Harunu tapır və onu sağaldır. Harun saraya yollanır. Leyla ilə Zeydin toy günüdür. Qırx gün sevgilisinin yasını tutaraq gecə-gündüz göz yaşı tökən gənc qız ölməyə hazırdır. Leyla özünü qəsd etmək istərkən Harun içəri girib ona mane olur. Sevgililər qovuşur. Zeydin xəyanətinin üstü açılır, onu həbs edirlər. Əmir həqiqəti bildikdən sonra Leyla ilə Harunun evlənməsinə razılıq verir.
1915-ci ildə mətbuatda operada yenilik kimi xeyli çoxsəsli xorun olması haqda məlumatın səsləndirilməsi, onun premyera gününün dəqiq söylənməsi, librettonun hətta ayrıca kitabça şəklində çapı əsərin tam hazır olması ehtimalını irəli sürməyə imkan verir. Lakin, opera tamaşaya qoyulmamış, musiqi materialı, əlyazması belə qalmamışdır.
Görünür, bu, bəstəkarın özünə qarşı tələbkarlığından irəli gəlirdi.
“Harun və Leyla” tarix etibarı ilə “Məşədi İbad”, “Əsli və Kərəm”, “Arşın mal alan” kimi uğurlu əsərdən sonra səhnəyə çıxacaqdı. Səs-küylü, şöhrətli əsərlərdən sonra Üzeyir bəyin ortaya zəif əsər çıxarmağa haqqı yox idi.
