Ordan-burdan: [Kimdən nə soruşdular]
Loğman həkimdən soruşdular ki, ədəbi kimdən öyrəndin?
Dedi: - Bakının işkol uşaqlarından.
Dedilər: - Nə tövr?
Dedi: - Təfsilə ehtiyac yoxdur.
İskəndəri Zülqəmeyndən xəbər aldılar ki, cəsarət və şücaəti kimdən öyrəndin?
Dedi: - Nəvvab Eynüddövlə ilə Sərdari Nüsrət Rəhim xandan.
Dedilər: - Nə tövr?
Dedi: - Onların yerinə utandığımdan.
* * *
Hatəmi-Taidən birisi soruşdu ki, bu səxavət və kəraməti kimdən öyrəndin?
Dedi: - Bakının bəzi milyonçu hacılarından.
Dedilər: - Nə tövr?
Dedi: - Əhvalat uzundur.
* * *
Firdovsi əleyhi-rəhmədən soruşdular ki, şeir yazmağı kimdən öyrəndin?
Dedi: - Müsəlmanların indiki mütəşairlərindən.
Dedilər: - Nə tövr?
Dedi: - Mən də onlar kimi ləğviyyat yazmadım.
* * *
Bir müsəlman uşağından soruşdular ki, bu qədər söyüşü kimdən öyrəndin?
Dedi: - Hamısını dədəmdən.
Dedilər: - Nə tövr?
Dedi: - O mənə söydükcə, mən də əzbərlədim.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 40-41.
