Üzeyir Hacıbəyli

Azərbaycan parlamanı

Bu günlərdə milli parlamanımız açılasıdır. Bu işdə biz bir qədər gecikdik, parlamanımızı gec açdıq. Lakin bunun səbəblərindən sərf-nəzər edib də “gec olması heç olmamasından yaxşıdır” zərbi-məsəli ilə mütəsəlli olaraq bugünkü gündən danışaq.

Bu ilk parlamanımız əzaləri seçki üsulilə degil, “kovpitasiya” yəni kənardan səlahiyyətli şəxsləri cəlb etmək təriqi ilə yığıldı. Əgər bu iş keçirdigimiz xarüqəladə bir zamanda icra olunmayıb da sülh və asayiş vaxtında olsa idi böyük bir qüsur, hətta günah ədd edilərək hər bir tərəfdən şiddətli etiraza səbəb olardı. Necə ola bilər ki, Millət Məclisi hesab edilən böyük bir şuranın əzalərini millət əfradi seçməyib də “kovpitasiya” təriqilə çağırsınlar. Lakin təkrar söyliyorıq ki, keçirdigimiz günlərin xarüqəladə olması bir çox işləri də xarüqəladə bir surətdə icrayə məcburiyyət hasil etdirir. Onsuz da gecikmişik, bir də vaxtımızı seçki əməliyyatı ilə keçirmək istəsəydik, parlamanımızı bu günlərdə degil, bəlkə bir neçə ay bundan sonra görərdik. Halbuki bugünkü günləri parlamansız keçirmək, istiqlaliyyətimizin təyyid və bəqasi nöqteyinəzərindən heç bir vəchlə caiz degildir, hətta bir dərəcəyə qədər qorxuludur da.

Pəs bir tərəfdən zəmanəmizin xarüqəladəligini, digər tərəfdən əhalimizin parlaman əzası seçməkdə bir o qədər də hazır olmamasını və bu tərəfdən də cümhuriyyətimizin bugün parlamana son dərəcə möhtac qaldığını nəzəri-əhəmiyyətə alıb və bir də qonşu cümhuriyyətimizin də həmin bu təriq ilə parlaman açdıqlarını yada salıb, bugün iclası olan parlamanımızı həqiqətən səlahiyyətdar və sahibi-ixtiyar bir millət məclisi deyə tələqqi etməgi özümüzə fərz bilməliyik.

Eşitdigimizə görə, paytəxtimizdə mövcud olan bir taqım qeyri-müsəlman cəmiyyətləri, yəni hökumət içində hökumət düzəltmək niyyətində olanları parlamanımızda iştirak etmək istəməmişdilər. Bu hərəkət Azərbaycan Cümhuriyyətinin təbəəsi, vətən övladı olmaq istəməməkdir, daha artıq Azərbaycan Cümhuriyyətinin mövcud olduğunu inkar etməkdir. Ondan da artıq Azərbaycan türklərinin azad və asudəliginə qarşı böyük bir etirazdır...

Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bugün azad və sərbəst görmək istəmir.

Qulağlar var ki, lal edilmiş bir dilək, bir millət dilənən bugün açılıb da söz söyləməsəni eşitmək istəmiyor.

Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bugün hakim degil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəmiyor.

Varəsın olsun! Nə edək? Azərbaycan türklərini müstəqil və azad görmək istəməyənlər ya gərək bizi zor ilə təkrar qul və əsir etsinlər, ya buna gücləri çatmazsa “tən qəzayə verib” əmr vaqe qarşısında ixtiyari-sükut etsinlər və ya buna da vicdanlarını razı edə bilməsələr, vətən deyib, Azərbaycan toprağından çıxıb getsinlər. Bu üç təklifdən hanki birini qəbul etmək istəsələr sahibi-ixtiyardırlar. Ancaq bunu dürüst bilməlidirlər ki, biz Azərbaycan türkləri zor ilə də olsa, güc ilə də əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik. Bu fəqərəni həmişə nəzərdə tutub işlərinin səlahına baxsınlar.

O ki qaldı bizə biz bu cürə hərəkətlərdən mütəəssir olmamalıyıq, biz öz işimizdə olmalıyıq milli parlamanımızı, milli şuramızı açaq, Allahdan mədəd, bizdən hərəkət degib, kəmali-ciddiyyət ilə işə başlayaq. Artıq-əksik sözlərə qulaq aşmıyaq.

Bəli, bugünlərdə milli parlamanımız açılasıdır, deməli, Azərbaycan istiqlalı təmin edilmiş olmasa da, təkmil ediləcək və cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl bir surətə girəcəkdir. Bunun özü də böyük bir ürək təskinligidir. Siyasətcə əzim bir əhəmiyyəti haiz olan və mənəviyyətcə də həm bizlərə və həm sairlərinə dərin bir təsir bəxş edən böyük bir əmrdir.

Nə tövr olur-olsun, parlamanımızın vücudi-ehtiyacatımıza müvafiq gələn qanunlar düzməkdən əlavə cümhuriyyətimizin həm daxilən və həm xaricən ciddi bir surətdə görünməginə səbəb olacağdır. Boylə ki, bugün bizi vücud hesab etmək istəmiyənlər dəxi vücudumuzun var olmadığını milli şuramızdan çıxan səslərlə iqrar və etirafa məcbur qalacağdılar. Kar qulaqlar da bu səsi eşidəcək, kor gözlər də bizi görəcəklər ki:

Filhəqiqə milli şuramızın ən ilk vəzifəsi bu olmalıdır.

Qışqırsın! Fəryad etsin!

Və öylə qışqırsın ki, bu fəryadın əks-sədası Yevropanı da keçib Atlantikın dəryayi-ümmanından da atlayıb, vilsonlann guş və huşini fəryad gələn yerə cəlb etsin! Bu fəryad nədən ibarət olmalıdır?

                                                                              Yalnız bəla gəlmədən.
                                                                              Yaşamaq istiyorık!

Bu fəryad kifayətdir ki, milli parlamanımız ən əvvəl bununla məşğul olub da bu yoldakı vəzifəsini həqiqilə ifa edərsə, yəni yaşamaq haqqına istiqlal qabiliyyətinə malik bir millət olduğumuzı isbat edərsə, əminəm ki, bunun nəticəsi ətrafımızı çevirmiş, həyat və azadlığımıza qarşı diş qıcamış olan düşmənlərimiz üzərində təsirsiz qalmaz, bəlkə onlara, çəkil geri,- deyib də acığlananlar da olar. O halda daxili işlərimizi düzəltmək, lazımi islahat yeritmək, millətin zəif bədəninə qüvvət verən dərmanlara təvəssül etmək işləri asan vəchlə icra oluna bilər. Camaətimiz ənva müsibətlərdən darıxmaz. Hökumətimiz öz işlərində karıxmaz, parlamanımızın özü də bu böyük və müqəddəs vəzifəsini bir növ asudəlik ilə ifayə qadir olub, millətlər müqəddəratı həll olunacağı gündən bir çox lazım əmrləri və vacib işləri piş əz vəxt yerinə yetirməklə böyük bir vəzifəmizi ifa etmiş olarıq.

Allah müvəffəq buyursun.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- 26-28.