İstiqlal və istiqbal ümidi
Cahan Sülh Konfransının vaxtı yaxınlaşmaq üzrədir. Hər yerdə tədakürət görülməkdə olub, dövlətlərdən bir çoxu öz mürəxxəslərini seçib, o məclisi-kübrayə tərəf yollamaqdadırlar. Hər dövlətin bir dərdi var, dərmanını həman məclisdə arayacaqdır. Özgələrin dərdi nədən ibarət olduğu haqqında baş işlətmək işini öz dərd çəkənlərinə buraxıb, biz öz dərdlərimizin fikrində olaq, çünki bizim də dərdimizin dərmanı həman məclisi-kübradan hasil ediləcəkdir. Biz də dərdimizə dərman tapa bilən adamlarımızi seçib, oraya göndərməliyik.
İstiqlal və istiqbal məsələmizin “hə” və “yox” nəticəli həman məclisin hökmündən asılıdır. Fəqət bu hökmün məclis tərəfindən “hə” və ya “yox” surətdə həll edilməsi orada çalışmağa göndərilən adamlarımızın himmət və ya himmətsizlik fəaliyyət və ya fəaliyyətsizliginə bağlıdır. Çalışırlarsa himmət və fəaliyyət göstərərlərsə “hə” alıb, vətən və millət qabağında üzüağ olarlar, əks surətdə “yox” hökmünün yaman xəbərini millətə və vətənə nə üzlə gətirəcəklərini özləri mülahizə etsinlər.
Lakin Allah eləməsin ki, “yox” xəbəri ilə qayıtsunlar! O halda bütün ümüdlərimiz, bütün amal və arzumuz məhv və nabud olub da, əvəzində qeyri-qabil təsəlli, bir hüzn və olduqca dərin bir yas və əməl əmələ gəlib, artıq dünya üzündə yaşamaq həvəsindən düşərək və ya yaşasaq da ölü olduğumuzun və ya diri qaldığımızın heç bir fərqi olmaz, çünki hüquqi-siyasi və milliyəsindən məhrum edilmiş olan bir millətin ölülügin diriliyinə, diriliyin və ölülügünə müsavidir. Boylə bir millət həqqında:
“Zindəənd, vəli mordə, Mordəənd, vəli zində”1 demişlər...
"Şər deməsən, xeyir gəlməz” sögləmişlər. Lakin qara fikirlər ilə əhvalımızı “piş əz vəxt” pərişan və mükəddər etməyək hissiyata yol verməgib də əql və dərrakə ilə hal və vəziyyətimizin necəligini bidu- ni-təhəyyüc və iztirab təsəvvürə gətirib, sülh konfransında istiqlalımızın təsdiqi səadətinə nail olsaq vətən və millətimizi nə tövr böyük bəlalardan qurtaracağımızı bir balaca mülahizədən keçirək.
Hər bir fərdimizin məlumu olduğu üzrə, Rusiyada hüquqi-milliyyə və siyasiyyəmizi iqrar və etiraf edən və Rusiyadan ayrılıb da müstəqil yaşamaq arzumuza ruyi-riza göstərən və bu əmrə xoşluq ilə qol qoya bilən bir fırqə və ya bir partiya təsəvvür etmək məhəl xaricində bir şeydir. Bolşevik olsun, menşevik olsun, eser olsun, kated olsun, monarxist olsun, hətta anarxist olsun heç biri bizim istiqlalımızı razı olacaq və bugün müstəqil yaşamağımıza kin və küdurətsiz baxacaq degildir!
Əgər biz bugün bolşeviklərlə hüquqi-siyasi və milliyəmiz müdafiəsi yolunda müharibə etmiriksə, səbəbi bolşeviklər başının monarxistlər hücumu dəfinə qatışmış olduğudur.
Və genə biz həman hüquqlarımızın mühafizəsi yolunda monarxistlər ilə cəngü-cidal etmiriksə, bunun da səbəbi monarxistlər başının bolşevikləri süqut etmək işinə məşğul olduğudur.
Deməli, bir gün olacaqdır ki, Rusiyada monarxistlər və ya bolşeviklər hakimi-mütləq olmaq ixtiyarını bir kərəlik ələ alıb da, ondan sonra Rusiyadan ayrılmış olan “üsyançı”lar üzərinə tökülüb, onları təkrar itaətə məcbur etmək işinə uğraşacağlar. “Üsyançı”ların da ki, biri bizik, bizim də üstümüzə töküləcəklər. O halda biz iki əmrdən birini qəbula məcbur olacayıq, ya boyun əgib itaət etmək və ya hüququmuzu qılıc gücü ilə müdafiəyə durmaqdır.
Əvvəlinci təqdirlə - genə əsirlik! İkinci təqdirdə isə nə qədər fədakarlıq göstərsək də, müvəffəq olacağıq, ya olmayacağıq və ya bəlkə də ümum qafqaz millətləri xüsusi ədalətlərini unudub, bu ümumi fəlakət dəfində bizə kömək durmağla, qətiyyən müvəffəq olacağıq. Hər halda təkrar qurbanlar verib, çaylarca qan axıtmağa məcbur olacağımız şübhəsizdir. O surətdə sair təsadüfi nəticələrdən səlamət qurtarsaq da, məmləkətimizin bir tərəfdən məşət və güzəranı, digər tərəfdən islah və tənzimi işlərin nə qədər çətinlik və nə dərəcədə müşkülata düşürüləcəgi hər kəscə etiraf ediləcək təbii bir əmrdir.
Halbuki, hüquqi-istiqlalımızı qan lökməksizin, millətimiz və məmləkətimiz başına təkrar-təkrar ağır bəlalar açmaqsızın bir surətdə müdafiə və mühafizə etmək üçün başqa bir çarə yolu vardır ki, o da sülh konfransı məclisi-kübrasında çalışmaq və qılıc əvəzində söz ilə müharibə edib, əməl və arzumuzun həqq olduğunu hər kəsin iqrar edə biləcəgi bir surətdə aşkar və bəyan etməkdir.
Bizim və bizim kimi xırda millətlərin xoşbəxtligindəndir ki, cahan sülh konfransı təhti-əsarətdə olan ümumi millətlərin müqəddəratını həll etmək məsələsini dəxi vilsonların və digər sahibi-nüfiız hürriyyətpərəstlərin idarəsilə öz proqramına daxil edib, əsarətdən xilas olmağa yol verir. Adam istər ki, bu xoşbəxtlikdən və bu gözəl fürsətdən layiqincə istifadə edə bilsin!
Ona görədir ki, sülh konfransına adam seçib göndərmək istəyəndə nə qədər diqqət və nə qədər ehtiyat ilə iş görsək, bir o qədər qazanmış olarıq. Vacib-vacib işlərimiz içində daha bundan vacibini mən təsəvvür edə bilmirəm. Və zənnim budur ki, bu işlərə ən cüzi səhlənkarlıq ağır günahlarımıza mucib olacaqdır. Sülh konfransına göndərmək üçün adam seçənlərin də, seçilən adamların da boynuna düşən olduqca ağır və ağırlığı qədər də müqəddəs olan vəzifəni hər iki tərəf dürüst mülahizə etməlidir. Seçənlər adamlarımızın qabiliyyət və ləyaqətini və seçilənlər də bu qabiliyyət və ləyaqəti dara olduqlarını kamalınca dərk edib, nəzəri-etinayə almalıdırlar. Seçən seçdiginə və seçilən də özünə arxayın olmalıdırlar.
Vəilla bu işdə də adi seçki işlərimizdə olan kimi bəzi arzu olmayan hərəkətləri rəva görsək və ba diqqət və ciddyət əvəzində bilkəs “indifrentizm” göstərsin, o halda istiqlal və istiqbala istehqaq qazanmaq istədigimiz yerdə, daha da cəhalət və ləyaqətsizligimizi aşkar edib, əlimizdəkini də əldən buraxmağa məcbur olarıq. Onda vay bizim halımıza! Zənciri-əsarəti millət təzədən boynuna salsın və ya qüdrəti xaricində olan mübarizələr nəticəsində məhv olub getsin.
Lakin ümidvarıq ki, mühüm və əhəm sayılan bu böyük işi səhvsiz və xətasız surətdə icra edə biləcək əqli-səlimə və zəkavətə malik olan adamlığımız millət və vətəni istiqlal və istiqbal ümumidən məyus və mərhum etməgi heç bir vəchlə rəva görməzlər
Tövfıq Allahdandır.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 51-53.
