Nuri-dida Ceyhun!: [noyabr, 1922-ci il]
14 noyabr məktubunu alıb çox şad oldum. Bizlər hamımız sağ və salamət varıq. Mənim fikrim budur ki, bu qışı keçirib, yay olan kimi, yəni mayın axırında Mələykə ilə bərabər sənin yanına gəlib, orada bir az qalaq və dincimizi alaq və sonra hamımız bir yerdə vətənə qayıdaq. Biz malariya naxoşluğunu dürüst tədavi etdik, budur dörd - ildir ki, naxoşlamırıq, əmma mən çox yorulub nervinni olmuşam mənə istirahət vacibdir, odur ki, bu ildən tədarük görürəm ki, yayda oraya gələk. Siz gözləyin, inşallah, biz gələndən sonra bərabər qayıdarıq. Burada bizim dolanacağımız çox yaxşıdır, mən də, Zülfüqar da, Cəmal da yaxşı pul qazanırıq. Məsələn mən aya üç milyard pul qazanıram ki, qızıl pul ilə 150 manatdan çox edər. Sən göndərən pul bizə çatmayıbdır. Mən, məsləhət görürəm ki, sən oradan bizə heç bir şey göndərmə, çünki gəlib çatmiyor, biz özümüz gələndə verərsən. Qohum və əqrəba hamısı sağ və salamatdırlar, heç bir təlafat yoxdur. Aişə xanım hələ ki, Bakıdadır.
Özü də sizə kağız yazacaqdır, onlar da hamısı sağ və salamatdırlar.
Baqi bizim hamımızın baxüsusi nənəmin. Məleykənin, Zöhrəyə, uşaqlara və sizə çox-çox salam-duası vardır. Tez-tez kağız yazınız və bizi yayda gözləyin, inşallah gəlib-görüşərik.
Baqi əddua.
Bəradərin Üzeyir, (noyabr, 1922)
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 329.
