Ordan-burdan
Allah heç kəsə göstərməsin!
Elə ki birisinin əcəli tamam olur, həkim-filan əl çəkir, əcəli tamam olan başlayır ölməyə. Sən də bikef oturub tamaşa edirsən.
Bundan başqa əlindən bir şey gəlmir.
Vaysınırsan, heyiflənirsən, darıxırsan, ağlayırsan, lakin bunlardan başqa əlindən bir şey gəlmir.
Ölənin gözləri dolanır, bir şey gəzir, guya bir nicat axtarır, kömək gözləyir... Sən o nəzəri görürsən, onu anlayırsan. Lakin gücsüzsən, tamaşa eləməkdən başqa əlindən bir şey gəlməz.
Gözünün qabağında yekə adam ölür, ondan sonra sən də başına vurub ağlayırsan ki, bu nə üçün öldü.
Bir neçə gün bundan irəli az qalmışdı ki, haman əhvalat bizim də başımıza gəlsin.
Ancaq bizdə ölən, adam deyildi - qəzetimizdi. Biz inanmışdıq ki, "Tərəqqi"nin əcəli yetib öləcəkdir. Ona binaən tamaşa eləyirdik. Bazarda, küçədə, dost-aşna bizi görüb soruşurdu ki, bəs nə vaxt başsağlığı verməyə gələk?
Təsəlli verənlər də olurdu.
Amma biz təsəlliyab ola bilmirdik.
Bəzi vaxt hamımız da bir yerə cəm olub, başımızı aşağı salırdıq və fikrə gedirdik.
Sonra bir-birimizin üzünə baxırdıq, naümidlik nişanəsindən başqa bir şey görmürdük və deyirdik:
- Heyf!
Sonra müdirimiz deyirdi:
- Bizim cəmi müsibətlərimizə başlıca səbəb odur ki, camaatımızda idarə yoxdur.
Müsəhihimiz bu sözə razı olub, əlavə edirdi ki, müsəlman çamaatını bir də təshih etmək lazımdır. Mütərcimimiz deyirdi ki, bəli, ancaq hamısından yaxşı o olardı ki, camaatımızı götürüb bir özgə millətə tərcümə edəydik.
Mürəttiblər də deyirdilər ki, bunlardan başqa bir də müsəlman camaatını tərtibə salmaq lazımdır. Maşinist and içirdi ki, müsəlman camaatını heç bir şey ilə düzəltmək olmaz, məgərinki, bir maşın ola ki, bəlkə onunla bunları düzəldib, yola salmaq ola. Storoj əlavə edirdi ki, bu şərtlə ki, zir-zibil aradan süpürülə.
Sonra hamımız birdən deyirdik:
- İndi dərd burasıdır ki, bunların da hamısını qəzetə ilə əmələ gətirmək mümkündür. Halbuki, qəzetəmiz də haləti nəzidədir, - deyib, fikrə gedirdik, sonra durub deyirdik ki, görək ayın dördündə nə olacaqdır?
Ayın dördü gəldi. Biz yas saxlamağa hazırlaşırdıq ki, birdən müdirimiz gəlib dedi:
- Muştuluğumu verin! Bir təbibi haziq gəlib deyir ki, mən qəzetəni sağaldaram.
Söz yoxdur ki, biz çox sevindik və bildik ki, qəzetəmizin əcəli tamam dəyilmiş.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 26-27.
