Düşmənlərimizin fəaliyyəti
Cavan Cümhuriyyətimizin xaricən hal və ovzanın necəligi get- gedə aydınlaşıb bu gün müəyyən bir şəkil almışdır. Bugünkü dostlarımızın və bugünkü düşmənlərimizin kimlərdən ibarət olduğu artıq bizim üçün aydın və aşkar olan bir həqiqətdir. Bu isə bizdən ötrü yaxşıdır. Çünki düşmənin özü bir o qədər qorxulu degildir. Qorxulu şey düşmənin kim olduğunu və nerəmizə zərbə endirəcəyini bilməməzlikdir.
Hal-hazırda istiqlalımızın və bizzat özümüzün nə növ düşmənlər təcavüzatına məruz qaldığımızı görməkdə və bu düşmənlərin nerələrimizi təhdid altına aldığını da aşkara sezməkdədir. Bugünkü düşmənimiz üçdür. Ermənilərin daşnaksaqan partiyası, rusların "Vahid Rusiya" tərəfdarları və bir də bunların "sosialist" namını daşıyan müxtəlif fırqələri.
Daşnaksaqanların bizə qarşu ibraz etdikləri düşmənçilik əksərən cismani bir düşmənçilikdir. Onların fəaliyyəti, hüdudumuza soxulmaqla, əhalimizi, qırmaqda və başlarına ənva müsibətlər gətirib yer və yurdlarından fariq olmaq məcburiyyəti qarşusında qoymağa ibraz olunur.
"Sosialist" namını daşıyan firqələr isə bizimlə hələlik mənəvi bir mübarizə başliyub, bu mübarizədə əksərən fələ orqanizasiyalarına və müxtəlif sayuzlar təşkilatına istinad edir. Bunların fəaliyyəti nəticəsini keçən günlərdəki zabastovkalardan gördük.
"Vahid Rusiya" tərəfdarları isə Bakı rus milli komitəsindən ibarət olub "rus kəndləri mənafeyini müdafiə etmək" şüan altında sabiq rus hökumətinin politikasını yeritməklə bizə və istiqlalımıza qarşı politiki bir mübarizə açmaq fəaliyyətini göstərirlər. Rus kəndlilərinin guya Azərbaycan məmurları tərəfindən "zülmlərə" düçar olduğu həqqində qəzetələrdə qışqırıq salmaq, müttəfiqlərə bizdən həqq-nahəqq şikayətlər etmək, Azərbaycanı rus mühacirləri ilə doldurmaq və hər bir şəhərimizdə, hər qəsəbəmizdə rus milli ittifaqı təşkili ilə hökumət içində bir hökumət olmaq işləri bunların fəaliyyəti nümunələrindəndir. Hətta özlərinə məxsus bir qoşun qüvvəsi əldə etmək niyyəti dəxi bunların fikrini ciddi surətdə işğal etməkdədir. Bu yolda böyük ümidləri Biçeraxova və sabiq rus qoşununun bir para zabitanə qisminədir. Bunlardan əlavə rus milli komitəsi bu axır günlərdə başqa bir politika yeritmək işinə dəxi girişmişdir.
"Yedinaya Rossiya" adlı qəzetələrinin keçən günlərdəki bir nömrəsinin baş məqaləsində yazırlar ki, Azərbaycan istiqlalı məsələsini "həll etmək" üçün "referendum" kimi bir şey yapmalıdır: yəni ümumazərbaycan əhalisinə müraciət edib cavab istəməlidir ki, görək, aya, Azərbaycanın müstəqil bir hökumət şəklində yaşamalarını istəyirlər, yoxsa Rusiyaya mülhəq olmaq arzusundadırlar? Qəzetə əmindir ki, bu cürə müraciətin nəticəsində Azərbaycan məsələsi Rusiyaya mülhəq olmaq qərarı hasil edilər, çünki qəzetənin zənnincə Azərbaycanda yaşayan rusların Rusiyaya mülhət olmaq arzulan mühəqqəq bir əmirmiş, Azərbaycandakı ermənilər dəxi Azərbaycanın Rusiyaya mülhəq olmalannı istəyəcəklərmiş. Azərbaycan müsəlmanları isə genə əksəriyyətlə ilhaq tərəfdarı olacaqdırlarmış ondan ötrü ki, Azərbaycan toprağında Azərbaycan hökumətindən və Azərbaycan istiqlalından narazı olan müsəlmanlar çox imiş. Bu cürə bir politika yeritmək niyyətdədir ki, həman qəzetənin srağagünkü nömrəsində boylə bir xəbər oxuduq ki, guya Muğan çölündə yüz nəfər müsəlman və həştad nəfər rus kəndlilərindən mürəkkəb bir ictimai vaqe olub, Muğan toprağı həqqında müzakirədən sonra bu qərara gəlibdirlər ki, "Muğan çölü vahid Rusiyanın ayrılmaz bir hissəsidir".
Əlbəttə, hələlik Azərbaycan dövləti daxilinə keçməmiş olan Lənkəran uyezdi və Muğan çölündə ağalıq edən ruslar, buraların müsəlmanlarını və baxüsus işdən xəbərdar olmayan kənd əhlini qandırmaq, cəbr etmək və aldatmaq kimi müxtəlif vasitələr ilə istədikləri "qərarlar" ittixazına məcbur edə bilər. Vəilla yüz ildən artıq bir müddət ərzində rus istibdadının olmazın məşəqqətlərinə məruz qalan müsəlman, öz xoşuna qalsa, təkrar bu məşəqqətlərə təhəmmül etməgi azad və asudə yaşamağa tərcih verirmi? Buna kim inanar? Heyvan heyvanlığı ilə cəbr və zülmdən qaçmağı özünə borc bildigi halda, Muğan çölünün müsəlman kəndliləri bilməzlərmi? Halbuki orada bugün ağalıq edən qoşun hissələrinin vurub dağıtmaq, kəsib qırmaq kimi zülmlərinin acılığından şikayət edən Lənkəran və Muğan müsəlmanlarının fəryadları qulaqlarımızı dəng etməkdədir!..
Pəs düşmənlərimiz və onların fəaliyyəti gözümüz önündədir. Vəzifəmiz hər düşmənin fəaliyyətinə qarşı əks fəaliyyət göstərmək və bu növlə onların fəaliyyətini atil etmək və əsərsiz buraxmaqdan ibarət olmalıdır. Bu yolda hökumətimiz ilə bərabər cəmaatımız dəxi kəmali-ciddiyyətlə işləyib hər kəs və hər bir partiya bu mübarizə işində əlindən gələn köməgi hökumətimizdən müzayiqə etməməlidir. O köməklik nədən ibarət olması xüsusunda fikir və mülahizeyi-acizanəmizi xüsusi bir məqalə surətində gələcək nömrəmizdə ənzari-qareinə təqdimini vəzifəmiz cümləsindən ədd edirik.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 64-66.
