Nuri-didə Ceyhun və Zöhrə! Ceyçik və Timuçin!: [7 dekabr 1923-cü il]
Salam-duadan sonra bizlər hamımız sağ və salamət varıq və sizlərdən başqa heç bir nigaranlığımız yoxdur. Hamımızın şiddətli arzusu budur ki, sizlər ilə tezliklə görüşək. Əlbətlə ki, təki sağlıq olsun. Sən işlərini qurtarandan sonra yığışıb buraya gələrsiniz, onda görüşərik. Hələlik səbr etmək lazımdır.
Nənəm sağ və salamətdir, çox yeyur və çox da gülür, özü də hər bir işə qatışır, fəqət qulaqları çox ağır eşidir. Gözləri dəxi zəifləşiyor, mən də öz tərəfindən çox səy edirəm ki, onun ömri uzun olsun.
Məleykə isə biz Kislovodskidən qayıdandan bəridir ki, naxoşdur. Orada onun bögründən daş çıxartdılar, indi olsun ki, o daşın yeri hələ dürüst sağalmıyıbdır. İndiyə kimi müalicəsinə davam edirik.
Aişə xanım Dərbənddə Mustafa ilə olur. Bu günlərdə buraya gəlmişdi. Sağ və salamətdir. Yoldaşı Musa isə buradan Moskvaya köçdi, orada qulluğ edir.
Mən isəm genə öz qulluğumda varam və özümün işim o qədər olur ki, heç ev üzü görmürəm. Özüm də Qərib Soltana hər ay əlli manat pul verirəm, indiyə kimi iki yüz manata qədər pul vermişəm. Anasının qəbrinə daş düzəltmək istiyor.
Aişə xanımın pulu olmadığına görə o borcu mən öz boynuma götürdüm ki, hər ay əlli manat pul verim. Qərib Soltan dəxi razı oldi.
Baqi orada Ceyçik ilə Timuçini böyüdükləri kimi burada dəxi bizim balacalar böyüməkdədirlər. Kəmal o qədər böyük olubdur ki, bu ildən məktəbə gedir, Dilara isə plastika ögrənir. Sehranın, Cəmalın, Dilşadın, Məryəmin, Əminənin, Ramazanın, Əlinin uşaqları getdikcə böyüyür, bir çoxları indi istudentdirlər.
Mənim əsərlərimə gəldikdə bu illər ərzində bir cox xırda-para şeylər yazmışam və türklər arasında musiqi elminin nəşri xüsusində çox çalışıram. Böyük əsərlərdən olmağ üzrə "Gaveyi- Ahəngər" operasını yazıram. Onu qurtardıqdan sonra hökumətdən izn alıb zaqraniçaya mən də komandirovkaya gedəcəgəm. Baqi nənəmdən, Məleykədən, məndən uşaqlara dualar verib üzlərindən öpərsiniz. Özünüz də səfər barədə muğayat olarsınız.
Bəradərin Üzeyir. 7.XII. (1923)
Məktubu işləyən arxioqraf tərəfindən düz yazılmayıb.
Bəstəkar "Gaveyi-ahəngdar" operası təxminən 1930-31-ci illərdə yazmağa başlmışdı.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 350-351.
