Üzeyir Hacıbəyli

Dövlət dumasının qurulması

Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.
Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəül-hal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?
Çünki bu cürə siyasi deyilən şeyləri dil ilə danışıb və yazı ilə yazmaq olmazdı. Zira danışıq və yazı azadlığı yox idi. Heç kəsin ixtiyarı yoxdu ki, durub öz halından dil ilə yaxud yazı ilə şikayət edə idi. Bir kəs bunu etsə idi, ona tənbih olardı. Bəs nə üçün camaat bir yerə yığılıb şikayət üçün padşah yanına getməyirdi? Çünki əvvəla, belə- belə siyasi işlərdən ötrü bir yerə yığılmaq olmazdı, zira yığılmaq və ya bir yerə cəm olub, dərdləşmək azadlığı yox idi. Hər kəs bu işi görmək istəsə idi, ona inqilabçı deyib tənbih edərdilər və saniyən, padşah ilə camaat arasında duran və camaatın padşaha yolunu kəsən vəzirlər qoymazdılar ki, camaat padşaha ərz-hal etsin. Çünki camaatın pis dolanmağına özlərinin səbəb olduğunu anlayıb bilirdilər ki, camaatın ehtiyacatına əncam verilsə, onlar əvvəlki ixtiyaratdan düşərlər və bu da onlara zərər və ziyan yetirər. Ona görə öz mənfəətlərini nəzərə tutub millətin haqq şikayətinə mane olurdular.
Və, habelə, camaat ilə padişah arası bağlı kimi idi. Məlum ki, əgər millət üçün qanunlar verməkdə camaat özü də iş görsə idi, vəzirlər milləti sıxa bilməzdi...
Bu tərəfdən dəxi millətin ehtiyacatı günü-gündən artırdı, kəndçilərin özlərini dolandırmağa və hökumətə xərc verməyə kafi qədər yeri yox idi və halbuki belə bir böyük Rusiyada nə qədər boş yer var idi; və bu yerləri yerə möhtac olan kəndçilərə verməyib, bəzisinə xəzinə yeri, bəzisinə udel yeri, bəzisinə kadet yeri və bəzisinə mülkədar yeri deyib nəfini özləri götürürdülər və bununla da belə yazıq kəndçidən xərc alırdılar. Fəhlələrin dəxi işləri çox pis idi. Yazıq fəhlə gündə on dörd saat işləyib, cüzi muzd alırdı və bununla belə bilmirdi ki, dincəlmək nədir, bayram nədir, tərəqqi nədir, əhli-əyal nədir, ev nədir, eşik nədir? Ancaq onu bilirdi ki, işləmək lazımdır ki, özü, əhli- əyalı acından ölməsin; il uzunu gecə-gündüz on dörd saat işləyən adamın daha nə vaxtı qalır ki, durub evdə xalq kimi əhli-əyalı ilə danışıb gülsün, bir az istirahət eləsin, övladının təlim və tərbiyəsinə baş qoşsun, özü də bir xalq üzü görüb onlar cümləsindən olduğunu anlasın, allahına ibadət etsin və sairə; kəsbkar və sənətçi alış-verişçilərin də halı yaman idi, bu (pryamoy və kosveni naloq) deyilən vergi və xərclər binəvaların evini yıxırdı. Kasadlıq filan nəzərə alınmırdı. Ticarət və sənət tərəqqi əvəzinə tənəzzülə düşürdü. Ancaq hiyləgərlər və taməllükçülər pul qazanıb, onlar da bir yandan xalqı dartıb sökürdü; mədəniyyət və maarif, yəni elm, fənn camaat arasında yayılmayırdı. Çünki elm öyrənmək hamıya vacib deyildi və pulsuz da məktəb açmaq istəməyirdilər. Açılmış məktəblərin də dərs vermək və dərs oxumaq işlərini elə ağır şərtlərlə bürümüşdülər ki, nə oxudan bir şey oxudurdu və nə də oxuyan bir şey qazanırdı. Elm və tərbiyədən artıq oxudanın oxuyan üstündə ağa olduğunu öyrədirdilər, yəni belə bir tərbiyə verirdilər ki, şagird uşaqlığından başının üstə bir ağa olduğunu görüb böyüyəndə də vəzirlər kimi ağaların əmrlərinə sözsüz, hərəkətsiz əməl etməyə öyrəşsinlər. Bundan səvai, Rusiya məmləkətində hamı bərabər deyildi, hamıya bir gözlə baxmayırdılar. Birinə hörmət edirdilər, o birisinə məhəl qoymurdular. Biri olurdu qul, o biri onun başının sahibi. Birinə çoxlu ixtiyar verirdilər, o birini o ixtiyardan məhrum qoyurdular və bir də Rusiyada bir çox müxtəlif millətlər olduğundan, hər milləti bir nəzərdə görməyirdilər. Bu xüsusda rus olmayan sair millətlərə çox pis baxırdılar. Belə ki, bu sair millətləri yuxarıda zikr olunan ümumi ixtiyarlardan məhrum etdikləri bəs deyil, xüsusi, yəni hər millətin özünə məxsus ixtiyarları da əllərindən alırdılar və bundan səvai, ruslara verilən ixtiyarları bunlara verməyirdilər; bu xüsusda hər bir ixtiyaratdan məhrum və məyus olan biz müsəlmanların halı hamıdan yaman idi ki, bizi ruslaşdırmaq və nəsrani etmək işi dəxi var idi. Rusiyada neçə yüz min müsəlman zorən xristian olubdur. Bizim, hamı millətlərdən dala qalmağımıza ümdə səbəb bu yaman halımız olubdur...
Qərəz, Rusiya təbəəsində bu ağır hal günü-gündən şiddətlənib, camaatda istitaət və tabu-tavana qalmamağa başladı. O tərəfdən bu tərəfdən "belə dolanmaq olmaz" kimi gileylər eşidilirdi; bu gileylər yavaş-yavaş artıb hər bir tərəfə yayılmağa üz qoydu. Yapon davasından sonra daha camaat səbr etməyib şikayətə, yəni iğtişaşa başladı. Çünki yapon davasında rus dövlətinin basılmağı camaatı qandırdı ki, belə hökumət ilə nə camaat saxlamaq olar nə də düşmən qabağına çıxmaq olar. Ona görə bu cür hökumətə bir nəhayət çəkmək vacibdir. Camaatın bu arzusu elə şiddətli idi ki, bunu hüsulə gətirmək üçün candan və maldan keçməyi lazım bildilər və habelə iğtişaş başlandı.
Əvvəl, hökumət iğtişaşı yatırtmaq üçün elə bir çox şiddətli tədbirlər görməyi lazım bilmədi, çünki yapon kimi balaca (lakin azad!) dövlətə basılmağı onu yapon davasını əvvəldən heç arzu etməyən millət qabağında şərməndə etmişdi və bundan savayı əcnəbilərin, yəni sair dövlətlərin də, Rusiyanın bu daxili iğtişaşına diqqət yetirib camaatı doğru hesab etməyi hökuməti məcbur etdi ki, millətin bu şikayətinə bietina baxmasın və bir də iğtişaş getdikcə şiddətlənirdi. Ona görə əncam çəkmək lazım idi. O idi ki, hökumət öz tərz idarəsini, yəni dolanacaq üsulunu dəyişməyə məcbur olub, camaatın dövlət işlərinə qatışıb, padşah ilə bir yerdə iş görməsinə razı oldu. Camaatın padşah ilə iş görməsi nəyə lazım idi? Padşahın yanında olan vəzirlər camaatın ehtiyacatmı dürüst bilməyirlər və bilirdilərsə də özlərinə zərər olduğundan bildiklərini edirlər. Camaat özü isə öz ehtiyacatmı yaxşı bilir. Binəvalar bunu da anlayır ki, filan qanun camaata nəfdir və filan qanun zərərdir. Bəs zərərli qanunu yox edib, yerinə nəfli qanun tərtib etmək üçün camaatın özü iş görməlidir və bundan sonra camaat bütün vəzirlərin də işlərinə baxmalıdır ki, camaata zülm və sitəm olub-olmadığını bilib lazımi tədbirlər görsün. Və habelə, qanun verən camaat ilə padişah olur. Vəzirlər ancaq camaat ilə padşah verən qanunları icra edirlər və ona dəxi camaat göz yetirir ki, qoyduğu nəfli qanun düzcə icra edilsin. Lakin bu qədər camaat gedib padşah ilə bir yerdə iş görə bilərmi? Məlum ki, görə bilməz, bəs nə etməli? Camaatın içində layiqli, yəni camaatın hər bir dərd və ehtiyacatmı dürüst anlayan və bununla bərabər camaatın getdikcə hər bir barədə tərəqqi edəcək yolunu bilən adamlar vardır. Camaat öz əvəzinə bu adamları seçib göndərir; bunlar padşah yanında bir məclis qurub, özləri qanun tərtib edirlər və bu qanunları padşaha təqdim edirlər ki, təsdiq etsin. Və o qanunlar üzrə də camaatın işi yeriyib camaatı müşkül ağır şərtlərdən azad edib həm camaata və həm də dövlətə mənfəət verir. Haman bu məclis, yəni seçilmişlər məclisi Avropa dövlətlərinin hamısında var; odur ki, o dövlətlər bizim dövlətdən elmli, sərvətli, qüvvətli olubdur; Yaponiyada, İngilisdə, Almaniyada və sairlərində belə məclis çoxdan bəri qurulub, dövləti getdikcə tərəqqiyə mindirir. Amma İran, Çin və Osmanlıda olmadığından, bu dövlətlər onun-bunun yemi və xörəyi olubdur. Əhalisi də necə ki, görürük, zillətdədir. Bu seçilmişlər məclisinə hər yerdə bir ad qoyurlar. Bunun ümumi adı parlamentdir. Rusiya hökuməti bu məclisə Qosudartsvennaya duma adı qoydu. Biz də öz türk dilimizdə - Dövlət duması, yaxud məclisi-məbusan deyirik.
                                                                                                            * * *
Qəzetəmizin dünənki nömrəsində Dövlət dumasının, yəni millət seçilmişlərinin, millətin nəfi üçün padşahla bir yerdə işləməsinin nə qədər vacib və lazım olduğunu bəyan etdik. Onu da yazdıq ki, Rusiyada iğtişaş başlandıqdan sonra hökumət, millətə zərər və ziyan yetirən əvvəlki dolanacağını dəyişdirməyi, yəni millət seçilmişlərini çağırıb bir yerdə işləməyə razı oldu. Və bununla, hökumət özgə bir tərzə düşməyə qədəm görmüş kimi oldu. Əvvəlki, dolanacağını dəyişmək lazım gəldi. Belə ki, hökumətin millətdən ötrü zərərli olan əvvəlki dolanacağına - hökuməti müstəqillə nə müstəbiddə deyirdilər, yəni belə hökumət ki, dövlət işlərində millətin əl və ayağını bağlayıb və ağzını yumub ancaq əmr edir ki, kefi istəyib verdiyi qanunlara millət əməl eləsin. Bunun binəva millətə nə qədər ağır olduğunu yuxarılarda bəyan etmişdik və camaatımızın özü də öz təcrübəsi ilə bunu anlayıb, yaxşıca bilib və bir də hökuməti - müstəqilə və müstəbidəsi olan İran, Osmanlı millətlərinin də bizdən iki qat ağır olan dolanacağı hamımıza məlumdur.
O biri tövr hökumətə ki, Rusiya elə olmaq istəyir - hökuməti- məşrutə deyilir, yəni belə hökumət ki, millət padşah ilə bir yerdə öz- özünü dolandırır və hər bir sıxıntıdan azad olur. Qaradovoydan tutmuş vəzirlərədək heç birinin ixtiyarı olmur ki, millətə zülm və sitəm etsin. Bunlar hamısı millət qabağında öz əməllərindən cavabdəhəndə (məsul) olurlar. Və adilanə qurulmuş məhkəmə, yəni suddan suvayı, heç bir çinovnik milləti tənbeh edə bilmir (Vəhalonki, indi bir yasavul bütün kənd əhlini nahaq yerə döyüb, söyür və heç bir kəs də buna bir söz demir). Qərəz bütün dövlət, camaat diriliyinin yaraları olan çinovniklər pəncəsindən qurtarıb, millət özü hökm sürən olur və buna görə nahaq yerə döymək, rüşvət almaq, kef havası ilə iş görmək filan-heç biri mümkün olmur.
Əlqissə, Rusiya hökuməti hökuməti-məşrutə olmağa meyl elədi, yəni Dövlət duması, yaxud millət məclisi qurmağa razı oldu. Lakin hökumət bu xeyir işi məcburən əmələ gətirirdi. Ona görə özünü yenə də ixtiyarın saxlamaq üçün millət məclisinin qurulmağını ağır şərtlərlə bürüyüb məclisin gücünü azaltmaq istədi. Ona görə əvvəla, millətin hər bir adamına istər xan olsun, gəda olsun, dövlətli olsun, kasıb olsun vəkil seçmək ixtiyarı vermədi. Yəni vəkil seçən millətin sayını azaltdı. Belə ki, padşahlığa xərc və naloq verməyənləri seçkidən kənar elədi. Və saniyən yerdə qalan adamlara da vasitəsiz zadsız vəkil seçmək ixtiyarı vermədi. Dedi ki, öz içinizdən adam seçin. O adamlar da öz içlərindən vəkil seçib, göndərsinlər ki, dövlət duması qurulsun. Daha belə vəkil seçmək işini dörd qat balacalandırdı. Odur ki, deyirlər - ümumi külli seçki haqqı (vseobşoye izbiratelnoye pravo) əvəzinə dörd mərtəbəli (çatıryexstepennoye) seçki haqqı verdi. Əlbəttə, bu cürə rəftar, yəni bu cürə vəkil seçkisi camaata xoş gəlməzdi. Odur ki, camaat Dövlət dumasına bir o qədər seçilmirdi. Və bir də hökumət hökuməti-məşrutə olduğunu elan etməmişdi. İğtişaş davam edirdi və artmağa başlayırdı. Artdı, hər yerə yayıldı, quru qoşununun, dərya qoşununun içində peyda oldu. Və dönüb inqilab (revolyusiya) olmağa yaxın oldu. Hökumət gördü ki, camaat dediyindən dönmək istəmir. (Çünki camaat cana doymuşdu). Naçar hökumət məşrutənin gerisi olan azadlığı elan etdi, yəni millətin hər bir ehtiyacatını qəzetələrdə yazmağa razı olmayan senzorları kənar elədi. Yığılıb öz ehtiyacatını danışmağı qadağan edən qanunları götürdü, ruslaşdırmaq və nəsrani etmək və bir dindən o biri dinə keçməyi qoymamaq əmrini pozdu və hər bir şəxsi, hər bir zülm və cövrdən azad etdi. Bu bəşarəti bütün əhaliyə bildirmək üçün padşah bir manifest verdi və bu azadlıq manifesti ilə belə, keçən 1905-ci sənə oktyabr ayının 17-də verildiyi üçün 17 oktyabr manifesti deyildi. Oktyabrın 17-də vaqe olan bu böyük bayram bizim hamımızın yadındadır. Ah, nə böyük şadlıq ilə biz bu günü istiqbal etdik! Bu gün bütün millət şad və məsrur və bəxtiyar görünürdü. Hamı can çürüdən zindandan xilas olmuş adama bənzəyirdi. Azadlıq, hürriyyət tək bir bu söz bizə tazə ruh verib, qəlbimizdə olan kin-kədurəti, keçmiş zülm və sitəmləri unutmağa məcbur edirdi.
Çox adam şadlığından ağlayırdı!.. Belə bir qoca, qəvi, lakin istibdad zindanında çürüməyə tullanmış millətin o zindani-cəfadan qurtarıban, azadlıq çölündə sərbəst dolanmağa qədəm qoymasını görüb də, hansı hürriyyətpərvər adam sürurdan ağlamazdı?!. Və hansı istibdad qulu (iranlılar və osmanlılar) rus millətini azadlığa buraxılmış görüb, öz baxtına acı bir istehza ilə gülməzdi?!.
Lakin minlərcə təəssüflər olsun ki, belə bir şadlıq ilə istiqbal olunan azadlıq çox bir müddət çəkmədi. Millət aldandığını gördü... Rusiyanın üzünü gizlənmiş və fürsət axtaran istibdadın qara buludları bürüdü. İstibdadın, amansız istibdadın göyü guruldayıb, zülm və sitəm sədayi- dəhşətəngizilə məmləkətin hər tərəfinə səs saldı və yağdı, lakin nə yağdı? Qan yağdı, göz yaşı yağdı; azadlıq əsəri yuyulub getdi. Və biriki ay ondan əvvəl azadlıq çölünə buraxılmış kimi görünən bəxtiyar camaat təkrar istibdad zindanının dibində çapalayan göründü.
                                                                                                                          * * *
Keçən nömrədə bəyan etdik ki, oktyabrın 17-sində padşah tərəfindən verilmiş azadlıq onun dalınca hökumət tərəfindən icra olunan şiddətli və zülmlü tədbirlər arasında itib batdı. Belə çıxdı ki, padşah millətinə vermiş azadlığı milləti padşahdan ayıran hökumət, yeni vəzir- vüzəra tutub geri aldı. Aya, hökumətin belə bir şiddətli iş görə bildiyinə səbəb nə oldu? Millətin qoşun qismi ilə bərabər digər bir qismi ki, o qismə daxil olan adamların adına "xuliqan" deyirlər, bunlar hökumətə tərəfdar çıxıb onun əlində kor alət və karastı oldular; hökumət isə bunların kömək və vasitəsilə binəva millət haqqında hər bir zülm və sitəmi rəva görməkdən çəkinmədi; guya, iğtişaş əvəzində millətdən intiqam və qisas alırdı.
İndi bir özgə məsələ: bəs, qoşunun hökumətə tərəfdarlığına və millətin içində xuliqanlar peyda olmasına səbəb nə idi? Ona da səbəb o idi ki, millət içində böyük və qüvvətli ittifaq və ittihad yox idi. Əlbəttə, ittifaq və ittihadsız görülən iş də, ələlxüsus azadlıq almaq, yəni köhnə hökuməti puç edib tazə hökumət düzəltmək kimi böyük bir iş ittifaq və ittihadsız başa gəlməzdi. Gəlsə idi də davamlı və baqi qala bilməzdi. Vaqiən, əgər millət arasında böyük ittifaq və ittihad olsa idi, qoşun heç bir vaxt millətdən üz döndərə bilməzdi və xuliqan da olmazdı, ya az və cüzi olardı. Ona söz yoxdur ki, qoşunun, ələlxüsus su qoşununun içində millətin həqiqi və qanacaqlı övladı çox idi. Bunu deməsək Sevastopol, Mancuriya və Peterburqun səngəri olan Kronştat hadisələrini danmış olarıq. Hətta bütün rus ləşkəri hökumətə tələblər göstərib, əncam istəyirdi desək heç xəta etmərik; lakin bu tələblər cüzi olduğuna görə, hökumətdən ötrü ağır deyildi. Ona görə hökumət qoşun qisminin tələblərinə tez bir zamanda əncam verdi və ondan sonra qoşunun hökumətə deyəcək bir sözü olmayıb, qulluğuna əməl etməyə məcbur oldu. Ələlxüsus qoşunun qazaq qismi millətə düşmən və hökumətə dost olduğunu bildirib, əvvəlincinin zərərinə və ikincinin xeyrinə iş görürdü və indi də görməkdədir.
Xuliqanlar isə özgənin müsibətindən nəfbərdar olmaq arzusunda olan adamlardan olub, guya padşahpərəstlik niyyətilə hökumətə kömək göstərmək üçün şeytançılıq, ara vurmaq, fitnə salmaq ilə milləti hərdəm hökumətin zülmünə giriftar edirdilər. Belə alçaq adamlara "provokator", yəni ara vuruşduran, yaxud müfəttin (fitnə salan) dəxi deyilir. Bunların içində, heyvandan yalqız bir dil ilə seçilən adamlardan tutmuş, universetlər və sair ali məktəblərdə oxuyub dərs qurtarmış adamlar dəxi vardır. Təəccüb burasıdır ki, bu xuliqanlar özlərinə "vətənpərəst" və "təəssübkeş" deyirlər. Halbuki vaqedə vətənin böyük düşməni bunlardır və bir də təəccüb burasıdır ki, bunlar haman azadlıq elan edilən günün səhərisi zühur edib hökumətin birinci dəfə üstün (üsgün) olmağına səbəb və kömək bunlar oldular, guya bu "vətənpərəst"ləri kim isə, qəsdən əvvəlcə hazırlayıbmış ki, lazım yerdə istemal etsin.
Demək lazımdır ki, əgər millət içində ittifaq və ittihad bərk olsaydı, nə qoşun üz döndərərdi, nə də xuliqanlar zühur edərdi. Bütün millət də aldığı azadlıq sayəsində dolanıb indiyə qədər vətən xeyrinə neçə- neçə səmərəli işlərə şüru etmişdi. Lakin bu xüsusda milləti də çox qınamaq olmaz, çünki allah tərəfindən hər kəsin qəlbinə qoyulmuş bu azadlıq arzusu, əsrlərcə davam edən azadlıqsız əzabı millətin bir çox adamlarının qəlbində o qədər böyümüşdü ki, onlar heç güman etməyirdi ki, bu arzunu hüsulə gətirməmiş bir kəs rahət ola... Və bir də hökumətə bunun dəxi artıq nəfi oldu ki, birinci cəbr və zordan sonra belə bir qiyama davam etməyə öyrənişməmiş millətin bir çox hissəsi ürəksizlik edib, həmən dəm sakit oldu, yerdə qalan igidlər isə hökumət ilə müharibələr edib, azadlıq yolunda fəda olurdular. Hökumət dəxi çox qazanmayırdı, onun da kişiləri bu yolda "qurban" olurdu...
Qərəz, cəbr, zor, zülm, sitəm getdikcə artırdı, senzurasız çıxmasına izn verilmiş qəzetələr bir-birinin dalınca bağlanırdı; azada qurulmasına rüsxət verilmiş, mitinqlər və məclislər dağıdılırdı; əmniyyəti- şəxsiyyənin iyi, tozu yox idi; kimini basırdılar, kimini kəsirdilər, kimini asırdılar, kimini sürürdülər, kimini tutub dustaq edirdilər; həbsxanalar ağzına qədər dolmuş idi, hətta, ac adamlara (fəhlə qisminə) çörək verməyi də qadağan etmişdilər; o idi ki, neçə-neçə pulsuz naharxanalar hökumət tərəfindən bağlandı...
17 oktyabrdan sonra neçə-neçə firqələr dəxi törədi, bunlardan ən alçağı "monarxist" ya "monarşist"lər firqəsidir ki, bunlar padşahbaz, padşahpərəst olub, hökuməti müstəqilə və müstəbidə tərəfdarlarıdır. Üzvləri çoxu xuliqandır. Ən odlu firqə isə "anarxist" və ya "anarşist"- lərdir ki, bunlar hər bir rahətlik və sakitliyə biganə olub, hərc-mərc və nizamsızlıq istəklisidirlər. Bunların üzvləri hökumət tərəfindən elə bir zülm gördükdən sonra, hər bir azadlıq və hürriyyətdən dəstbərdar olan və azadlığa olan etiqadını itirmiş adamlardır. Sair firqələrdən üzv tərəfindən zorlusu "hökuməti-məşruteyi əvamiyyə" və ya "qanunul- əsasi əvamiyyə" (Konstitusiyonno-demokratiçeskaya, yaxud "kadet" və ya "Narodnaya svoboda") firqəsidir ki, bunlar yalnız bir azadlıq tələb edirlər. "İctimaiyyun-inqilabiyyun" (sosial-revolüsyoner) firqəsi dəxi vardır: Bunlar zəhmətkeş sinfini toplayıb, onların nəfini gözləmək üçün hökumət dolanacağını birdən-birə, cəbr ilə də olmuş olsa təzələşdirib, ziraət cəmiyyətləri qurmaq istəyirlər. Tələb və məramca ən gözəl və ən göyçək firqə - "İctimaiyyun-amiyyun" (sosial-demokrat) firqəsidir ki, bunun bütün tələbləri pəsəndidə olub, baş tələbləri hər nəyə desən dəyər; bu tələb isə - kasıb və dövlətlini bərabərləşdirib bu gün pul ucundan və dövlətin çox və azlıqdan dünyada törənən həsəd, büxl, kin, ədavət, qüdrətsizlik, məhəbbətsizlik, üz döndərmək, yalan, saxtakarlıq, riyakarlıq, dava, müharibə və sairə məz- mum şeyləri yox etməkdir.
Bu üç axırki söylədiyim firqələrin hamısı istəyirlər ki, millət bilavasitə padşah ilə bir yerdə hökumət dolandırsın və dövlətin qanunlar qərar etmək işləri büsbütün millətin əlində olsun, nəinki vəzir-vüzəranın, binaənəleyh millət seçilmişlərinə külli-ixtiyar verilib, heç bir şeylə onun ixtiyarı təhdid edilməsin, yəni balacalanmasın. Lakin birinci şərt budur ki, millət seçilmişləri də bu seçki qaydası ilə seçilsin.
Seçki gərək ümumikülli olsun, yəni uşaq, dəli və qoşun əhlindən savayı hamının vəkil seçməyə ixtiyarı olsun, bu ixtiyar hamıda bərabər olsun (ağanın və nökərin ixtiyarı bir olsun). Bu ixtiyar kişiyə verilən kimi, arvada da verilsin, seçki məxfi olsun; yəni hər seçkiçi hansı adamı istəyirsə onun adını xəlvətcə yazıb versin, çünki seçki bu cür məxfi olmayıb, aşikar olsa, o surətdə zəif adamlara qüvvətlilər güc edib istəmədiyi adamı seçməyə məcbur edərlər. Seçki gərək vasitəsiz olsun, yəni haman birinci seçkidə seçilən adamlar vəkil adlanıb millət məclisi qurmağa getsinlər.
                                                                                                                       * * *
Bəs, vaqeən hökumətin millət məclisi qurmağa özünün artıq meyli olsa idi, o surətdə seçki haqqı ümumi, lakin bərabər və məxfi olmaq qaydası ilə edərdi və nahaq yerə bu haqqı balacalandırmazdı. Və bundan savayı millət məclisindən başqa ayrı bir məclis qurmazdı ki, qanunlar verməkdə onun da millət məclisi kimi haqqı olaydı. Halbuki hökumət millət məclisinin belə bir naqis qurulması ilə kifayətlənməyib, bir də özgə məclis qurdu. Və ona da, millət məclisinə verdiyi ixtiyaratı verdi, yəni qanun verməkdə onu da işə çəkdi. Bu məclis nə məclisdir?
Bu məclisin adı rusca Qosudarstvenniy sovet və ya Verxnaya palatadır ki, türkcə biz buna "Dövlət şurası" deyirik. Bu məclisin üzvləri kimlərdir? Məclis kimlərdən qurulubdur? Bu məclisin üzvləri bürokrat və burjua adlanan adamlardandır. Bürokratlar, yəni məmur, qulluqçu, daha yaxşı çinovnik və sahibi-mənsəblərdəndir. Vəzirlərdən tutmuş hərbi sahibi-mənsəb cümləsi bürokratlardırlar. Hanki məmləkətdə ki, bürokratlar güclü və ixtiyarlıdır, o məmləkətin işi xarabdır, çünki ixtiyarlı bürokratın vücudu ilə millət özü heç bir iş görə bilməyib, həmişə bürokratların buyurduğuna əməl etməyə məcbur olar və heç bir ixtiyarı olmaz ki, durub bürokratların tutduğu əməllərə nəzər yetirsin ki, görək, aya, bu əməllər millətdən ötrü nə qədər ağırdır və milləti əzməkdə bürokratın nə haqqı vardır. İxtiyarlı bürokrat millətə qəyyum hesab olunur, millət də onun qulu yerində görünür. Heç insaf deyildir ki, millət öz xeyir və şərini gözəlcə anladığı yerdə, durub uşaq kimi "qəyyum" əlinə verilə; halbuki bu qəyyum öz mənsəbini bütün millətin xeyirinə satmaz. İrana və Osmanlıya bir nəzər edək. Millətin qoyun sürüsü kimi dolanıb pərişan və sərgərdan qalmağına səbəb nədir? Bürokratiyanın gücü və ixtiyaratı...
Burjualar isə, bunlarda pul güdənlərdir və hər bir böyük iş sahibləridir ki, zəhmətkeş və əməkçi adamların vasitəsilə pul qazanıb, heç zəhmətkeşin halına qalmırlar. Bunlarmki az adamı çox işlədib, çox da pul və sərmayə qazanmaqdır. Onların mühafizə edib gözlədikləri yalnız bir puldur, sərmayədir. Zəhmətkeşlərin məişətini yüngülləşdirmək onların ağlına gəlməz, zəhmətkeşin elmli, ağıllı səlim sahibi, qanacaqlı olmaları onlara xoş gələn şeylərdən deyil və bir də zəhmətkeş nə qədər möhtacdırsa, bir o qədər də onlara nəfdir. Çünki zəhmətkeş üzü qara möhtaclığın ucundan hər bir əzab və zəhmətə razı olub, burjuanın keyfi istədiyi kimi işləyəcəkdir. Mülkədarlar dəxi burjua qismindədir. Bunlar böyüklük və ağalıq kimi şeyləri çox sevərlər. Onların əqidəsincə kəndçi yaranıbdır ki, ağasına qulluq edib, ona pul qazansın. Lakin nə tövr qazansın, nəinən qazansın, qazanmağa iqtidarı varmı, bunlar daha ağanın işi deyil. Mülkədarın yeri var, kəndçinin yeri yoxdur. Ona görə kəndçi yerə möhtacdır və bu möhtaclıq da onu nökərliyə məcbur edir. Bu gün bütün Rusiyanı bürüyən aclığa səbəb kimdir? Mülkədarlar!
Bəs Dövlət şurasının üzvüləri?
Haman bu bürokrat və burjualardandır. Bunların bir qismini padşah özü üzv təyin edir və qalanları da seçki qaydası ilə seçilirlər. Bunlardan savayı Dövlət şurası üzvülərindən bəziləri də pravoslaviya məzhəb ruhanilərinin başçılarıdır. İştə, aşkardır ki, həmin bu Dövlət şurasında olanlar əvvəla, yəni həmişə qısqı və əziyyət içində saxlayan çinovnik, bürokratiyanın vəkilləri, millətin zəhmətkeş qismini güzərandan salan burjua və dövlətlilərin nümayəndələri, kəndçi sinfini ac qul məqamına gətirən mülkədar və dvoryanların seçilmişləri və bir də din azadlığına mane olan pravoslaviya ruhanilərinin başçılarıdır. Dövlət dumasına, yəni millət vəkillərinə verilən ixtiyar Dövlət şurasına da verilir. Dövlət dumasının qanun verməyə ixtiyarı olan kimi dövlət şurasının da qanun verməyə ixtiyarı vardır. Lakin iş burasındadır ki, Dövlət duması vermək istəyən qanunu gərək Dövlət şurası qəbul etsin və illa qəbul etməsələr qanun hökmü işləyə bilməz. Ta ki gərək buna padşahın özü baxa. İndi məlum olduğu üzrə Dövlət duması elə qanunlar vermək istəyəcəkdir ki, bunların vasitəsilə bütün millət qısqı və əziyyətdən qurtarıb mərfəhal ola bilsin. Buna görə, bürokratiya və burjua siniflərinin də bu qanunlar vasitəsilə ixtiyarını getdikcə azaldacaqdır. Belə olan surətdə Dövlət şurası ki, bürokratiya və burjuaziya yığıncağıdır, bu qanunların verilməsinə razı olarmı? Doğrudur, Dövlət duması dəxi Dövlət şurası vermək istəyən qanuna razı olmaz. Və bu qanunların baxılması padşahın özünə qalar. Lakin padşah ilə millət arasında Dövlət şurası kimi keçmiş hökumət nümayəndələri sədd və süpər olması Dövlət dumasını hər bir ixtiyardan salmış kimi olar... Odur ki, Dövlət şurasının vücudu onsuz da naqis və natamam bir tövr ilə yığılmış Dövlət dumasının özünü daha cüzi bir məclis mənziləsinə salır. Halbuki Dövlət dumasından başqa böyük və külli-ixtiyar sahibi heç bir məclis olmamalıdır. Bunu da unutmayalım ki, Dövlət şurasında müsəlmanlardan bir vəkil də yoxdur və olmayacaqdır. Bu xüsusda ədibi şəhərlərimizdən E. İbrahimov cənabları "Ülfət" qəzetində yazıb Dövlət dumasının müsəlman vəkillərinə təklif edir ki, Dövlət şurasına müsəlman vəkili daxil etmək məsələsini dumada danışsınlar. Lakin mənim zənnimcə, bunun heç lüzumu yoxdur. Bir məclis ki, Dövlət dumasına zidd ola, orada müsəlmandan vəkil oldu, olmadı birdir. Yaxşı olardı ki, heç Dövlət şurası bilmərrə qurulmayaydı. Amma nə etməli ki, bu məclis quruldu. Və quruldu ki, neçə yüz illərdən bəri yığılmış millət ehtiyacatının rəf olmasına sədd və maniə ola...
                                                                                                                            * * *
Bir tərəfdən Dövlət dumasına millətdən üzvlər seçmək işinin elə naqis və balaca olması və digər tərəfdən də Dövlət şurası kimi - bürokratlar yığıncağı qurulması milləti həvəsdən salıb, Dövlət dumasına olan etibarını kəsmiş kimi oldu. Dumanın əhəmiyyətini, yəni lazım və vacibliyini heç kəs nəzərə almırdı. Çünki bilirdilər ki, belə dumadan heç bir şey, heç bir mənfəət çıxmayacaqdır. Bu isə hökumətə çox xoş gəlirdi, hökumət duma açılacağını vədə verdiyinə peşiman olmurdu. Zira ki, bunu yəqin etmişdi ki, hürriyyətpərvər adamlardan heç bir kəs elə naqis dumaya daxil olmağa razı olmayacaqdır? Razı olanlar da "vətənpərəst" və "təəssübkeş" adlanan 17 oktyabr firqəsindən olacaqdır; bunlar da hökumətin ağzına baxıb "sür dərəyə" zərbi-məsəlinə tabe olacaqdılar. Bundan başqa, hökumət belə güman edirdi ki, dumada hürriyyətpərvər adamlardan olsalar da çox az olacaqdırlar. Ona görə onların rəyi dumada şayani-diqqət olmayacaqdır və bir də hökumət bunu özünə yəqin etmişdi ki, dumada hürriyyətpərvərlərə xələl və mümaniət yetirən hamıdan artıq kəndçilərin vəkilləri olacaqdır...
Qəribə budur ki, hökumət dumanın bütün millət nəzərində belə cəri bir şey hesab olunduğunu yəqin bilə-bilə, yenə də istəyirdi ki, dumanı bacardığı yerəcən heç zad məqamına yetirsin, ona görə də əvvəla, Rusiyanın ətraf və əknafında dumaya vəkil seçmək işini qəsdən təxirə saldı. Odur ki, duma aprelin 27-də açıldı. Amma indiyədək bizim Qafqazdan oraya bir vəkil də göndərilməyibdir. Və saniyən, hər bir quberniyanı "Voennoye polojeniye" - idareyi-ürfiyyə əskəriyyə - altına alıb qoymurdu seçkidən qabaq camaat yığılıb, duma xüsusunda danışsınlar. Dumanın nədən ibarət olduğunu əhaliyə qandırıb, layiqli adamlar seçməyə vadar etsinlər. O idi ki, dumaya bir qədər ümidi olan adamların da həvəsi itib, hər yerdə kəsalət və ətalət ilə istər-istəməz iş görülürdü.
Bir tərəfdən dəxi "repressiya" deyilən cəbr və zülm davam edirdi. Binəva millət bilmərrə istitaətdən düşmüşdü. Bir çox adamlar, ələlxüsus, yəhudilər Rusiyadan baş götürüb qaçırdılar. Bu cür dolanacaq nə vaxta kimi davam edəcəkdir allah bilirdi. Lakin bu dolanacağa dəxi tab gətirmək qeyri-mümkün idi. Buna görə də millət belə bir ağır vəziyyətdən çıxmaq üçün bir əncam axtarırdı. Əncam dəxi bu idi ki, ya qiyam edib, hökumətin belə bir tab gətirilməsi mümkün olmayan ağırlığını üstündən atmaq və ya hər nə tövr naqis olmuş olsa Dövlət dumasını ümid ağacı deyib, ondan əl üzməmək. Əvvəlinci əncam məlum səbəblərə görə mümkün deyildi. Labüddən, ikinci əncamdan yapışmaq lazım gəlirdi. O idi ki, dumanın açılmasına bir az qalmış millət içində dumaya həvəs artmağa başladı. Əvvəl dumaya özünü salmaq istəyən "17 oktyabr" və ya monarxistlər firqəsi idi. Ondan sonra "kadet" və yaxud məşruteyi-əvamiyə firqəsi kəmali şövq və həvəs ilə öz adamlarını dumaya salmağa səy və qeyrət etdi. Və elə bir cəld iş gördü ki, 17 oktyabr firqəsini basıb keçdi. Bunun dalıncan ictimaiyyun-amiyyun firqəsi tərəfindən də dumaya üzv hazırlamaq əlamətləri göründü. Millətin birdən-birə dumaya olan belə həvəsi hökuməti əndişəyə saldı. Daha, millətin dumaya layiqli üzvlər hazırlamaq əmrində bu qədər cəld və sürətlə iş görməsinə mane ola bilməyib hökumət özünü qorumağa başladı. Ən əvvəl pul sarıdan özünü təmin və arxayın etmək üçün beş prosent ilə külliyyətli borc elədi. Və saniyən bu zülm və sitəmin davamına səbəb olan Vitte, Dumovo və kompaniyaya mənsub adamları belə bir "hünər"dən sonra qocalıb, yorulduqlarına görə qulluqdan çıxardıb əvəzində tazalarım qoydu. Bundan başqa, Dövlət dumasının açılmasından iki gün əvvəl dövlət üçün əsas qanunlar elan edildi. Və bu qanunlar Dövlət dumasının cüzi bir məclis olduğunu ikinci dəfə camaata bəyan etdi. Lakin daha dumanın işi qurtarmışdı. Anrelin 27-si yetişdi, vəkillər Peterburqa yığıldı. Duma kəmali təntənə ilə açıldı. Və hökumət ancaq burada qandı ki, bu duma o özü güman etdiyi dumaya bənzəmir. Və buraya yığılan vəkillər hökumətin əmrinə qulaq asmaq üçün yığılmayıbdır. Bunlar millətdən ötrü həqiqi hürriyyət və azadlıq qazanıb, camaatı istibdad zindanından qurtarmaq üçün and içib gəliblər. Vəkillərin padşah həzrətlərinin nitqinə cavabən yazdıqları adresi bunu aydın surətdə hökumətə bildirdi.
Adres göndəriləndən indiyə kimi bütün Rusiya deyil, bütün aləm gözləyirdi ki, görək hökumət dumanın bu adresinə nə cavab verəcəkdir. İndi bu may ayının 13-də vəzirlər heyəti dumanın adresinə cavabən bir para bəyanət verib dumanın baş tələblərini rədd edir. Duma isə, necə ki, bugünkü teleqramlardan göründü, vəzirlər heyətinin bu hərəkətindən dilgir və mütənəffir olub, öz dediklərində möhkəm durmağı qət edibdir. İştə, bu gündən belə bütün aləmin ənzarı Peterburq tərəfinə cəlb olunubdu. Hər kəs deyir: görək nə olacaqdır. Lakin bunu unutmamalıdır ki, vəkillər fəda olmaq istəsə də öz camaatını istibdaddan qurtarmağa and içən kimi, millət dəxi candan keçiləcək isə də öz vəkillərinə kömək etməyə and içibdir...
                                                                                                                         * * *
Hökumətin Dövlət dumasına qarşı ittixaz etdiyi politika günü- gündən bunu aşikar və əyan edir ki, hökumətin, öz tərzi idarəsini dəyişməyə heç bir vaxt meyli yox idi. Və indi də yoxdur və cəhd edəcəkdir ki, bacardığı yerəcən öz köhnə rejimini (tərzi-idarəsini) baqi saxlasın. Lakin hökumət özü dəxi öz politikasmı dürüst anlayır ki, Dövlət duması kimi millət dərdi bilənlərin müttəfiqilövl iş görməsi müqabilində köhnə rejimin baqi qalması çox mahaldır. Bir vaxt olacaqdır ki, hökumətin özü üçün ikicə yol qalacaqdır: ya Dövlət dumasını qovub, işin nəticəsini "hərçibadabad" - deyə gözləmək və yaxud Dövlət duması tələblərini qəbul edib, özünü dəxi onun təhti-nəzarətinə vermək. Lakin bu iki yolun hökumətdən ötrü hankısı səlahdır? Şəkk yoxdur ki, ikincisi!
Hökumət bunu özünə yəqin etməlidir ki, bir bu qədər cəbr və zülmdən sonra elə bir təntənə ilə qurulmuş və bütün aləmin, baxüsus Avropa milləi-mütəməddinəsinin diqqətini cəlb edib də, təqdir və təhsininə layiq olmuş Dövlət duması kimi birinci rus parlamentinin təbii və məşrui tələblər ibraz etməsinə görə, hökumət tərəfindən qovulması elə bir hadisələr vüquinə səbəb olar ki, bütün aləmi dəhşətəngiz bir qələyan içində buraxar. Firəng inqilabi kəbiri bu rus inqilabının yanında cüzi bir iğtişaş kimi görünər. Bundan sonra hökumət, qoşuna və sair, ərzəl kimsələr köməyinə ümid bağlamamalıdır. Demək olmaz millətin qoşun qismi bundan sonra da kor kimi olub, öz xeyir-şərini görməyə, öz səlahini anlamaya. Bu axırki cəbr və zülm elə bir ədalətsizlik ilə icra edilib də hər bir daş ürəklini mütəəssir etdi. Qəlbi qaralar da belə dodaq-dodaqdan götürüb, ədalətsizlikdən şikayət etdi. Bəs belə olan surətdə, əcəba, bir kəs tapılar ki, zülm və sitəmin təkrar icra edilməsinə alət və kömək olar? Heç kim buna razı olmaz! Bunu hökumət hiss etməlidir. Və hiss edib də daha bundan sonra millətə hərdənbir badalaq qurmaqdan, axırıncı dəfə sərfi-nəzər etməlidir. Hökumət özü görür ki, millət öz hüququnu almaq yolunda qabağına yumalanan mümanətlərin hamısını dəf və rəf edib, qəsb olunmuş məqamını, bilatəxir iştiqal etdi. Daha bundan sonra durub millətlə çəkişmək çətin bir əmrdir.
Dövlət dumasının adresinin bilavasitə padşah həzrətlərinə verilməsi mümkün olmadığı kimi, birinci işkalatdan sərfi-nəzər etməsi hökumətə bir qədər cürət verdisə də, bu səfər dumanın vəzirlər bəyanatını müttəhidən və müttəfiqən rədd etməsi və vəzirlərin bu hərəkətinə görə istefa verməklərini tələb etməsi sübut etdi ki, millətin adresində sadaladıqları tələbləri qətidir, yəni millətin dediyidir. Bu yoldan cüzi bir inherafə də ümid yoxdur.
Biz ümidvar olmaq istəyirik ki, Dövlət dumasının qovulmağı əmələ gəlməyəcəkdir. Və vəzirlərin də heç bir kimsəyə xoş gəlməyən belə hərəkətini bununla bəyan edirik ki, hökumət dumanın ağzını sınamaq istəyirmiş. Yalnız bir dumanı imtahana çəkmək niyyəti ilə bu bəyanatı ibraz edibdir. Duma isə özünə hali hissiyyatını qəti bir surətdə göstərdi və bundan belə hər bir imtahana sövq edilməyəcəyini də bildirdi. İştə, hökumət üçün dumanın tələblərinə əncam verməkdən başqa heç bir şey səlah deyildir.

                                                                                                                                         Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 207-221.